“Bundan sonra Rusiya “sülhməramlı”larını tərifləyəcəm– “5-ci kolon”un xoşuna gəlmir…”backend

“Bundan sonra Rusiya “sülhməramlı”larını tərifləyəcəm– “5-ci kolon”un xoşuna gəlmir...”

“Müstəqil(!), milli(!) Azərbaycan dövlətinin Dövlət Təhlükəsizlik Xidməti,  polisi, prokurorluğu və s.  olan yerdə hansısa “5-ci kolon”dan, “QRU”-dan-filandan  niyə qorxmalıyıq?..”

“Türkiyənin nəinki hərbi bazasının qurulması, MİT-nin, hüquq-mühafizə orqanlarının, Diyanət bakanlığının və s. birbaşa bizimkilərə dəstək verməli olmasından danışanda  bunlar cin atına minir…”  

-Fikir savaşı-

Son  bir ildə Azərbaycanın hüquqi-tarixi torpaqlarının ermənilərin yaşadığı  bir hissəsində öz bildiyi kimi davranan Risiyanın rəsmən sülhməramlı sayılan kontingenti haqqında söyüşsüz, təhqirsiz-filansız gerçəyi yazanda oxucuların əksəriyyəti bizi dəstəkləyir. Amma iki qrup var ki, onlar bizim bu mövqeyimizə etiraz edirlər. Bunlardan biri ya özlərini siyasi cəhətdən savadlı göstərməyə çalışanlar, ya da elə səmimi olaraq belə düşünənlərdir ki, indiki vaxtda hələlik Rusiyanı qıcıqlandırmaq lazım deyil. Türkiyə ilə Rusiya arasında da münasibətlər normaldır… Guya biz sülhməramlı(?) kontingentin hayların xeyrinə gördüyü işlər haqda yazanda xalqı da etirazlara sövq edirik… Bir az səbir eləmək gərəkdir…

İkinci qrup isə daha kəskin mövqe tutur ki, “sizin Rusiyanın əleyhinə yazılarınız Ermənistan hakimiyyətinin xeyrinədir, siz çalışırsız ki, Moskva birbaşa Azərbaycana qarşı tədbirlər görsün, ermənilərə dəstək versin. Bu mövqeyiniz dövlətçiliyimizin əleyhinədir. Ümumiiyyətlə, siz, yaxşı olar ki, belə işlərə qarışmayasız, dövlət özü bilər”. Və s. və i.a… Bir sözlə, belə “tənqidçilərimiz” bircə o qalır, deyələr ki, siz vətən xainisiniz, sizin barənizdə cinayət işi qaldırıb mühakimə etmək lazımdır. Və bunların dediklərindən belə çıxır ki, Rusiya hərbçiləri, eləcə də Azərbaycanın  halalca Qarabağ və Şərqi Zəngəzur torpaqlarının bir hissəsində onların himayəsində bəslənən separatçı-terrorçu rejim, onun “müdafiə ordusu” adlanan, amma faktiki olaraq Ermənistan ordusundakı və təhlükəsizlik qurumlarındakı Moskvanın “5-ci kalonu” tərəfindən idarə olunan işğalçı silahlı birləşmələri, eləcə də qanunsuz “polisi”, “fövqəladə hallar xidməti”, keşişləri Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə, eləcə də Şuşanın 36 kəndi və bir qəsəbəsində və Laçın rayonunun “dəhliz” edilmiş ərazisində, yəni Laçın şəhərində və ətraf  kəndlərdə bildiklərini etsinlər, biz də bir vətəndaş və jurnalist olaraq susaq… Bu, açıq-açığına başqa ölkənin, yəni Rusiyanın, eləcə də Ermənistanın mövqeyini, öz ölkəndə müdafiə etməkdir… Bu, Rusiyanın “5-ci kalonu”nun, bir az da dərinə getsək, sovet “KQB”-sinin “şinel”indən çıxmış “FSB”-nin və “QRU”-nun(Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) mövqeyi və istəyidir…

*** ***

Yaxşı nə deyirik, susaq… 1988-1991-cı illərdə vəzifələrdə olmuş bir çox  Mərkəzi Komitə, komsomol, partiya məmurlarının, milis rəislərinin, prokurorlarının və s. Volskinin, Polyaniçkonun, sovet ordusunun etdikləri qarşısında susduğu kimi susaq… Erməni separatçı və terrorçuları da Xankəndində, Xocalıda, Əsgəranda və s. arın-arxayın bəslənib günü-gündən qudursun, gəlsin Şuşada Azərbaycan ordusunun postuna qumbara atsın, sonra da Rusiyanın “sülhməramlı” himayəçilərinin dəstəyi ilə əl-qolunu sallayaraq Xankəndinə qayıdıb orda kef eləsin… Sabah da digər hay gəlib Şuşaya girsin, çörək zavodunu partlatsın,  sonra  Kəlbəcərə girib elektrik yarımstansiyasını dağıtsın və s. Və biz də “hər şey yaxşı olacaq, səbir edək” deyərək susaq…

*** ***

Susaq… Və bundan sonra başlayaq Rusiya “sülhməramlı”larını yalnız birbaşa tərifləməyə… Nəyimizə lazımdır, ağrımayan başımıza buz bağlayaq, özümüzü pis kişi edək… İllah da ki, əgər bu, Rusiyanın “5-ci kalonu”nun xoşuna gəlmirsə, onu bərk narahat edirsə…  Sabah bizə qarşı nəsə etdirərlər, saytımızı bağlatdırarlar… Əgər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də çıxışlarında etiraf edirsə ki, ölkədə “5-ci kalon” var və Azərbaycan əleyhinə iş aparırlar, deməli, bunlar var və dayaqları yetərincə güclüdür…

*** ***

O da təbiidir ki, Rusiyanın Azərbaycanda milli(!) dövlətçiliyimizə, xalqımıza, ordumuza, iqtisadiyyatımıza qarşı apardığı siyasətinin, gördüyü işlərin əleyhinə olan yazılar, tədbirlər həmin ölkənin buradakı “5-ci kalon”unun, kəşfiyyatının, onun on illərlə qurduğu korrupsiya şəbəkəsinin xoşuna gəlmir… Və bunlar da öz növbəsində Azərbaycanda Rusiyanın siyasətinə, o  cümlədən Qarabağdakı Rusiya “sülhməramlı”larına qarşı çıxanların hər vasitə ilə kökünü kəsməyə çalışırlar…

*** ***

Rusiyanın Qarabağdakı “sülhməramlı” hərbi kontingentinin Xankəndini “Stepanakert”, Ağdərəni “Mardakert” və s. adlandırmasını, bu günədək “Qarabağın müdafiə ordusu” adı altında torpaqlarımızda terrorçu erməni birləşəmələrini tərksilah edib çıxarmadığını, əksinə, separatçı-terrorçu Araiklərlə görüşüb qucaqlaşdığını, yeyib-içdiyini  və s. tənqid edəndə Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun xoşuna gəlmir…

*** ***
Qarabağdakı Rusiya “sülhməramlı” hərbi kontingentinin Laçını niyə “Daqlıq Qarabağın rayonu”, orada humanitar(?) yardım elədikləri qanunsuz sülənən hayları “yerli sakinlər” adlandırdığını,  Azərbaycanın bir sıra strateji yüksəkliklərini nəzarətə aldığını, Azərbaycan ordusunun əlində olan, Azərbaycan türklərinin min illərlə və o cümlədən hay atəşi altında olmağına rəğmən son 32 ildə yaşadığı Tərtər rayonunun Qapanlı kəndini heç bir əsas olmadan Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəritələrinə daxil etdiklərini, bəzi rəsmi qurumların torpaqların azad olunmasından sonra Laçın rayonunun ərazisini 1835 kv.km əvəzinə, 1800 kv.km göstərdiyini soruşanda “5-ci kalon”un qətiyyən xoşuna gəlmir…

***

Qarabağdakı ermənilərin, az qala, burunlarının qanamasını da qeydə alan Rusiya “sülhməramlı” hərbi kontingentinin üzərindən düz 9 gün ötməsinə rəğmən erməni terrorçusu N.Mirzoyanın Şuşada Azərbaycan ordusunun postuna qumbara atması  faktı barədə öz gündəlik xəbər bülletenlərində bir kəlmə də yazmamalarını, həmin erməni terrorçunu Azərbaycana deyil, birbaşa Xankəndindəki dövlətimizin İnterpolla axtarışa verdiyi Araik Arutyunyanın başçılıq etdiyi separatçı-terrorçu hay rejiminə təhvil verdiyini yazanda Bakıdakı, Gəncədəki və s. “5-ci kalon” bərk narahat olur…

*** ***

Azərbaycanda korrupsioner nazirlərin, icra başçılarının, komitə sədrlərinin, deputatların, inhisarçı iş adamlarının və s. on illərlə taladıqları milyardların əllərindən alınıb büdcəyə qaytarılması, özlərinin də həbs edilməli olduğu, belə korrupsioner, bürokrat, oliqarx məmurların, biznesmenlərin xalqın, vətəndaşın, Qarabağ qazilərinin, şəhid ailələrinin haqqını tapdaması, bir çox insanın, o cümlədən qazilərin haqsız olaraq sosial ödənişlərinin kəsilməsi, qondarma “Tərtər işi” zamanı yüzlərlə hərbçinin günahsız olaraq işgəncələrə məruz qalması, guya “ermənilərə seksual xidmət göstərdikləri” böhtanı atılaraq öz cinayətkar həmkarları tərəfindən zorlanması, işgəncələrə məruz qalmasından və s. danışanda, yazanda “5-ci kolon”un xoşuna gəlmir. Ona görə ki, həmin korrupsiyanı da, rüşvətxorluğu da, bürokratiyanı da, sosil müdafiə sahəsindəki təxribatları da, haqsız pensiya, müavinət kəsimlərini də, hərbçilərin  günahsız yerə həbs olunub işgəncələrə məruz qalmasını da təşkil edən məhz həmin “5-ci kolon”, onun yüksək vəzifələrdə, məmur, deputat kürsülərində əyləşən, general paqonları daşıyan agentləri, nümayəndələridir… Çünki onlar bütün bunlarla Azərbaycanın müstəqil(!), milli(!) dövlətçiliyini tamamilə sarsıtmaq, dövləti, hökuməti, ordunu, hüquq-mühafizə orqanlarını xalqın gözündən salmağa, vətəndaşlarda “Azərbaycanın müstəqil dövlətə, orduya malik ola bilmək gücünün olmaması” təəssüratını yaratmaq  və s. məqsədləri güdürlər…

*** ***
Qarabağdakı yarımçıq işlərimizin kökündən həll olunması, Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd, “Laçın dəhlizi” deyilən ərazi və Kəlbəcər, Ağdam, Tərtər rayonlarının qalan torpaqlarını da Rusiya-Ermənistan işğalından tam azad edə bilməmiz üçün, Azərbaycanın Kremlin “KQB”-“QRU”-“PKK”-korrupsiya şəbəkəsini caynağından tam qurtulması, korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının, ifrat sosial ədalətsizliyin və s. qarşısının alınması üçün, İranın, Səudiyyə Ərəbistanının və s. dini şəbəkələrinin çökdürülməsi üçün Türkiyənin nəinki ordusunun ölkəmizə gəlməsi, nəinki hərbi bazasının qurulması, MİT-nin, hüquq-mühafizə orqanlarının, Diyanət bakanlığının və s. birbaşa bizimkilərə dəstək verməli olmasından danışanda Rusiyanın Bakıdakı, Gəncədəki, Bərdədəki, Şəkidəki, Lənkərandakı, Qubadakı və s. “5-ci kolon”u cin atına minir…  Çünki Putin kimi onlar da  Türkiyəyə yalnız öz strateji  maraqları xatirinə müvəqqəti olaraq “qardaş”, “iki millət- bir dövlət” deyərək qeyri-səmimi sayğı göstərirlər, onun Qarabağ savaşında ordumuza dəstəyinə məcburən, öz kreslolarını milyardlarını qorumaq üçün razı olublar… Ona görə ki, sabah yerlərini, yəni Moskvanın dayaqlarını yetərincə bərkidən kimi Türkiyə qurumlarını Azərbaycandan çıxarmağa, bu dövlətin bayraqlarını endirib tapdamağa,  ümumiyyətlə, bu ölkəni sovet dövründəki kimi Azərbaycana “yad”, hətta “düşmən” bir ölkə olduğunu elan etməyə hazırdırlar…

*** ***
Rusiyanın “5-ci kolon”unu, “QRU”-sunu, “FSB”-sini belə narahat edən, hiddətləndirən, cin atına mindirən yazılarımı görəndə bəzən qayğıkeş oxucular, dost-tanışlar soruşurlar ki, bəs qorxmursan, bunlara qarşı belə sözlər deyirsən, yazırsan? Bilmirsən ki, bunlardan hər şey gözləmək olar? Özün dediyin kimi, hər yerdə adamları var və bunlarda şərəf, namus, vicdan, insaf deyilən şey yoxdur… Özünə, oğluna, yaxın qohumuna şər atarlar, məişət zəminində hansısa qonşu ilə, küçədən keçənlə davaya sövq edib cinayətə sürüklərlər, fahişənin birini özünün, oğlunun, yaxud yaxın qohumunun üzünə dirədərlər, nə bilim, cibinizə, çantanıza narkotik, silah atdırarlar və yaxud sadəcə, müxtəlif yollarla qətlə yetirərlər… Və s. və i.a. Belə narahat olanlara cavab verirəm ki, sağ olun, əvvəla, biz  Allah, Haqq, xalq, Azərbaycan, dövlət, bayraq uğrunda hər şeyə hazırıq, biz də olarıq o şəhidlərdən, yaxud haqsız həbsə atılanlardan biri… Təki Vətən sağ olsun!

İkincisi, bəndənizin şəxsən evi yox, villası yox, maşını yox, pulu yox, vəzifəsi, şirkəti, QHT-si-filanı yoxdur ki, onları itirməkdən qorxa…

Üçüncüsü də bəs bizim müstəqil(!), milli(!) Azərbaycan dövlətinin Dövlət Təhlükəsizlik Xidməti,  polisi, prokurorluğu və s.  olan yerdə hansısa “5-ci kolon”dan, “QRU”-dan-filandan  niyə qorxmalıyıq? Məgər onlar 24 ildir yataqxananın dar otağında yaşayan, torpağı 30 ilə yaxındır Rusiya-Ermənistan tapdağında qalan, indən belə də doğma kəndi hələ 4 il Laçın “dəhlizi”ndəki Rusiya hərbçilərinin nəzarətində qalası olan bu binəva, məcburi köçkün qələm sahibini qoruya bilməyəcəklər? Qoruyacaqlar. Bu, həm də onların vəzifəsidir… Və biz  müstəqil(!), milli(!) dövlətimizə və onun müvafiq qurumlarına güvənirik… Odur ki, bundan sonra da bacardıqca elə həmin dövlətimizin, xalqımızın xeyrinə olaraq, Azərbaycanın gələcəyi naminə gerçəkləri yazmaqda davam edəcəyik…/moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*