Metro fəaliyyətində yaranmış çətinliklər və sərnişin sıxlığının artması fonunda iş və xidmət sahələrinin bir qisminin müvəqqəti olaraq distant rejimə keçirilməsi məsələsi gündəmə gəlir. Belə bir addım nəqliyyat yükünün azaldılmasına və insanların gündəlik hərəkətinin asanlaşdırılmasına kömək edə bilərmi? Hansı sahələrdə məsafədən iş rejiminin tətbiqi daha məqsədəuyğundur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı distant iş rejiminə keçidin ümumilikdə o qədər də səmərəli olmadığını bildirib.

Onun sözlərinə görə, məsafədən işin həm müsbət, həm də mənfi tərəfləri var. Lakin ənənəvi iş mühitində insanların birbaşa ünsiyyətdə olması və kollektiv şəkildə fəaliyyət göstərməsi işin keyfiyyətinə müsbət təsir edir.
Partiya sədri hesab edir ki, distant iş rejiminin geniş tətbiqi iş prosesinin səmərəliliyini artırmaya, əksinə, müəyyən çətinliklər yarada bilər:
“Son dövrlərdə özəl sektorda da evdən işləməyə, məsafədən fəaliyyət göstərməyə üstünlük verənlər var. Ancaq mən hesab edirəm ki, real iş yerində fəaliyyət daha səmərəlidir. İnsanlar bir-biri ilə ünsiyyətdə olur, fikir mübadiləsi aparır və birgə işləyirlər. Bu ünsiyyətin özü də vacib amildir. Ona görə də iş və xidmətlərin distant rejimə keçirilməsini o qədər də məqsədəuyğun hesab etmirəm”.
Akif Nağının fikrincə, əsas məqsəd həyatın və gündəlik fəaliyyətin adi qaydada davam etdirilməsidir. Onun sözlərinə görə, həm təhsil, həm də əmək fəaliyyəti mövcud iş rejiminə uyğun təşkil olunmalıdır. Bununla belə, zərurət yarandığı və alternativ imkan olmadığı təqdirdə distant iş müvəqqəti tədbir kimi tətbiq edilə bilər.
O, əlavə edib ki, Bakıda nəqliyyat sıxlığının qarşısını almaq üçün iş saatlarının fərqli vaxtlara keçirilməsi daha məqsədəuyğun yanaşmadır:
“Azərbaycanda, xüsusilə Bakıda iş gününün başlanma və bitmə saatlarının dəyişdirilməsi, iş qrafikinin fərqli intervallarla tənzimlənməsi kimi təcrübələr mövcuddur. Hesab edirəm ki, bu, normal yanaşmadır. Beləliklə, eyni vaxtda yaranan sıxlığın qarşısını müəyyən qədər almaq mümkündür”.
Partiya sədri vurğulayıb ki, ciddi zərurət olmadığı halda ənənəvi iş rejiminin dəyişdirilməsinə ehtiyac yoxdur. Onun qənaətinə görə, distant fəaliyyətin işin keyfiyyətini artıracağına və insanları daha səmərəli çalışmağa təşviq edəcəyinə inanmaq çətindir.
Akif Nağı hesab edir ki, metro ilə bağlı yaranmış vəziyyət fonunda əsas diqqət iş saatlarının tənzimlənməsinə və gündəlik fəaliyyətin ənənəvi qaydada davam etdirilməsinə yönəldilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
