Çinin “Liaoning” təyyarədaşıyan gəmisi Şərqi Çin dənizini keçərək Sakit Okeana gedib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, “Liaoning”in mayın 2-də “Type 055”, “Type 52D”, Urumçi və Çingdu esminesləri, “Type 52C”, “Type 54A” Xiangtan freqatı və “Type 901” ilə Şərqi Çin dənizindəki Okinava adası ilə Miyako adası arasındakı ərazidən Sakit Okeana doğru hərəkət edib.
Həmçinin bəyanata əlavə edilən fotoda “Liaoning” göyərtəsində “J-15” döyüş təyyarələri ilə “Z-8” və “Z-9” helikopterlərinin olduğu görülüb.
Çin Hərbi Dəniz Qüvvələrinin sözçüsü Qao Şiuçinq gəminin Sakit okeanın qərbində real döyüş təlimləri keçirəcəyini bildirib.
Sözçü Qao təlimin illik plana uyğun olaraq donanmanın missiya qabiliyyətini artırmaq üçün təşkil edildiyini, fəaliyyətin beynəlxalq hüquq və təcrübəyə uyğun olaraq həyata keçirildiyini və başqa heç bir ölkəni hədəf almadığını bildirib.
Qeyd edək ki, ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin Filippin dənizində növbətçi olduğu bir vaxtda “Liaoning”in böyük bir donanma ilə eyni bölgəyə göndərilməsi diqqət çəkib.
İqbal Rzayev,
KONKRET.az
