backend

Cümşüd Nuriyevə ZABİTDƏN CAVAB: "Döyüşdə tibb bacısının keçmiş həyatı bizi maraqlandırmır"

“Döyüşə girəndə bizi tibb bacısının keçmiş həyatı yox, indi güllədən, qandan qorxmayıb, yaralıya yardım etməsi maraqlandırıb”.

KONKRET.AZ bildirir ki, Qarabağ qazisi, ehtiyatda olan zabit Nazim Bayram eks-deputat Cümşüd Nuriyevin Qarabağda döyüşən qadınların ünvanına söylədiyi fikirlərə cavab verib:

“C.Nuriyevin Xanım Xəlilovanın batalyonu haqqında sözlərinə internetdə baxdım. C.Nuriyev bilməlidir ki, vətənpərvərliyin qadının (ya kişinin) şəxsi xoşbəxtliyi və ya talesizliyi ilə əlaqəsi yoxdur. Vətənpərvərlik ürəkdədir.

Döyüşə girəndə isə bizi tibb bacısının keçmiş həyatı yox, indi güllədən, qandan qorxmayıb, yaralıya yardım etməsi maraqlandırıb. Ümumiyyətlə, müharibədə insanın yalnız döyüş keyfiyətlərinə qiymət verilir. 25 ildən sonra bu adamların müharibədən əvvəlki ya sonrakı şəxsi keçmişində səhv tutmaq düzgün deyil.

Xanım Xəlilovanın batalyonuna gəldikdə, tarix xətrinə deməliyəm, bu batalyon döyüşlərdə iştirak etməyib və daha çox simvolik “batalyon” olub. Onlar cəbhəyə yollanmaq üçün Yevlaxda, Sürət Hüseynovla görüşəndə (o zaman Qarabağa gedərkən Yevlaxdan Yunzavoduna dönüb, silah-sursat, yanacaq və s. alırdılar), o, X.Xəlilovaya belə demişdi: “Bizim qadın batalyonuna ehtiyacımız yoxdur. Kişilərə nə olub ki, qadınları vuruşsun?”, – və onları Yevlaxdan geri qaytartmışdı.

Müharibə illərində xanımların fərdi şəkildə müxtəlif dəstə və h/h tərkibində xidmət etdikləri olmuşdu. Ön cəbhədə qızlar daha çox tibb bacıları olub, güllə, atəş altında yaralılarımıza yardım ediblər, qanaxmanın qarşısını almaqla bir çox döyüşçülərimizin həyatını xilas ediblər. Təbii ki, daha az sayda xanımlar döyüş peşəsinə sahib olublar. Bunların sırasında orden və medallarla təltif olunmuş, sonralar hərbi peşəni seçmiş, orduda və güc strukturlarında uzun illər xidmətlərini davam etdirmiş şərəfli qadınlarımız var və olacaq.

Bizə isə qalır əziz, zərif silhadaşlarımıza və hərbi peşəni seçmiş xanımlara ailə səadəti və xoşbəxtlik arzulamaq!”

Qeyd edək ki, Nazim Bayram OMON-un zirehli çevik bölməsinin komandiri, daha sonra Milli Orduda tank batalyonunun komandiri, hərbi hissənin qərargah rəisi olaraq Birinci Qarabağ müharibəsində iştirak edib.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*