Daha bir sürpriz pandemiya – ÜST təsdiqlədi, tarix isə…backend

Daha bir sürpriz pandemiya – ÜST təsdiqlədi, tarix isə…

Son illərdə dünyada virus təhlükələri yenidən ciddi narahatlıq doğurmağa başlayıb. Ebola, hantavirus, COVID və digər yoluxucu xəstəliklərin müxtəlif ölkələrdə yayılması qlobal səhiyyə sisteminin nə qədər həssas olduğunu bir daha göstərir. Mütəxəssislər hesab edir ki, iqlim dəyişikliyi, insanların heyvanlarla təmasının artması və qlobal miqrasiyalar yeni epidemiyaların yaranma riskini artırır.

Ebola, hantavirus və COVID kimi virusların eyni dövrdə gündəmə gəlməsi nə ilə bağlıdır? Özümüzü necə qoruyaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, XXI əsr “viruslar əsri”dir:

“İnsan sayı artdıqca, heyvanların və bitkilərin təbii yaşayış mühiti dağıdıldıqca, onlarda mövcud olan virusların insanlara keçmə ehtimalı da artır. Bu virusların bəziləri isə insan orqanizmində daha aqressiv xəstəliklər yarada bilir. Ona görə də XXI əsrdə yeni virus sürprizləri ilə daha tez-tez qarşılaşırıq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, gələcəkdə yeni qrip pandemiyası ehtimalı da mövcuddur. Bunun nə vaxt baş verəcəyi bilinmir — bir il, iki il və ya daha uzun müddət sonra ola bilər. COVID-19 pandemiyası da məhz bu şəkildə başlamışdı. Pandemiya bitsə də, onun epidemioloji təsirləri hələ də davam edir. “Omikron” ştammının müxtəlif mutasiya variantları hələ də dövriyyədədir. Bundan başqa, hemorragik qızdırmalar — məsələn, Ebola virus, Dengue və digər virus xəstəlikləri də mütəmadi şəkildə ortaya çıxır.

Konkret olaraq hantavirusa gəldikdə isə, bu virus əsasən gəmiricilərdə müşahidə olunur. Xüsusilə Şimali və Cənubi Amerikada yaşayan bəzi maral siçan növlərində rast gəlinir. Onlar bizim adi ev siçan və siçovullarda olmur. Bu gəmiricilər limanlar, yük gəmiləri və daşınan mallar vasitəsilə müxtəlif bölgələrə yayıla bilir. Virus onların ifrazatları vasitəsilə ətrafa keçərək müxtəlif əşyalara, yataq dəstlərinə və digər yüklərə yayıla bilər. Təsadüfi deyil ki, yayılmanın bir halı da kruiz gəmilərində olan şəxslərdə də qeydə alınır”.

Ekspert bildirib ki, hazırkı vəziyyətdə hantavirusun böyük pandemiya yaratmaq potensialı yüksək deyil:

“ÜST-ü narahat edən əsas məqam bəzi ştammların insandan insana keçmə ehtimalının müşahidə olunmasıdır. Bu keçid əsasən yaxın təmas zamanı baş versə də, gələcəkdə virusun hava-damcı yolu ilə yayılma riski nəzəri olaraq diqqətdə saxlanılır. Məhz buna görə də əsas məqsəd xəstəliyin vaxtında lokallaşdırılması və yayılmasının qarşısının alınmasıdır. Bunun üçün insanlar karantin qaydalarına və beynəlxalq səhiyyə qurumlarının tövsiyələrinə əməl etməlidir. COVID-19 pandemiyası dövründə vaksin əleyhinə ciddi dezinformasiyalar yayıldığını gördük. Belə halların qarşısını almaq vacibdir. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq qurumların tövsiyələrinə ciddi yanaşmaq və onlara riayət etmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*