“Döşəmə siləcəm, kartof təmizləyəcəm, amma oxumayacam” – Ukraynalı müğənni Daşabackend

“Döşəmə siləcəm, kartof təmizləyəcəm, amma oxumayacam” – Ukraynalı müğənni Daşa

Sovet imperiyasının “beynəlmiləlçilik” illərində siyasi icmalçı Fərid Seyfulmulyukovun məşhur Livan müğənnisi haqqında “Почему не поет Файруз?” (“Feyruz nə üçün oxumur?”) adlı televiziya reportajı yayılmışdı.

Reportajda Livanda müsəlman və xristian icmaları arasında başlayan vətəndaş müharibəsinə (1975-1990) ərəb dünyasının səsi sayılan, türk-ərəb ailəsində dünyaya gəlmiş Feyruzun (Nuhad Həddad) özünəməxsus etiraz aksiyasından bəhs edilirdi.

Müharibəni dayandıra bilməyəcəyini anlayan Feyruz bütün günü onun mahnılarını səsləndirən radiostansiyasını 24 saatlığına söndürmüşdü. Bu hərəkət bütün ərəb dünyasını şoka saldı və düşünməyə vadar etdi. “Feyruz niyə susur?”, – deyə Livan və bütün ərəb dünyası həyəcanla soruşdu. Məhz bu addımın icmalar arasında uzun sülh dialoqunun başlamasına səbəb olduğu iddia edilir.

Bir zamanlar livanlı Feyruzun susduğunu özünə “dərd” edən sovet imperiyasının varisi Rusiya imperiyası isə hazırda ukraynalı müğənnilərin nədən susduğunu heç özünə sual vermir.

Halbuki Rusiyanın Ukrayna ərazisinə silahlı təcavüzü bir çox ukraynalı məşhurun həyatını alt-üst edib. Onların bəziləri müharibə meydanında döyüşür, digərləri arxa cəbhədə əlindən gələni edir və oxumaqdan imtina edir. Məsələn, tanınmış ukraynalı müğənni Daşa Astafyeva kimi.

Ömrünün 10 ilindən çoxunu səhnəyə həsr etmiş Daşa son dəfə 2022-ci ilin iyunda səhnəyə çıxıb. Bu, Kiyev vilayətinin Qostomel şəhərinin azad edilməsi ilə bağlı olub. Konsertdən dərhal sonra Astafyeva müharibənin sonuna qədər oxumaqdan imtina qərarı verdiyini deyib.

“Məhz orada – hərbçilərin gözlərini görəndə anladım ki, oxuya bilmərəm. Hər şey edəcəyəm: döşəmə siləcəyəm, kartof təmizləyəcəyəm, amma səhnədə çıxış etməyəcəyəm. Vətən müdafiəçilərin gözlərinə nazlı-qəmzəli baxışlarla baxa bilmərəm. Onlar hər gün ölüm görür, öz həyatları ilə risk edirlər”, – deyə Daşa söyləyir.

O, bildirib ki, 2022-ci il fevralın 24-nə qədər kiminsə onu ağladığı yerdə və ya makiyajsız görməyini istəmirdi:

“Kartof təmizləməyə gələndə isə iki həftə məni heç kim tanıya bilmədi. Hamı əmin idi ki, könüllüyəm. Hərçənd o zaman çoxları bunun əhəmiyyətini anlamırdılar. Düşünürdülər ki, kartof təmizləməkdən başqalarının həyatı, Ukraynanın qələbəsi və ya düşmənin Kiyevə daxil olması asılı deyil. Lakin kimsə buraya könüllü olaraq gəldi, kimsə ərazi müdafiəsinə qoşuldu və beləliklə böyük və möhkəm qalxan yarandı”.

Çox təəssüf ki, bu gün özünü slavyan dünyasının əsas ölkəsi hesab edən Rusiyada “Daşa niyə oxumur?” sualını verən siyasi icmalçı tapılmır. Ərəb dünyasına ağıl vermək asan idi…

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*