Dövlət baba, sənin təməlini qazıyırlar, xəbərin varmı?backend

Dövlət baba, sənin təməlini qazıyırlar, xəbərin varmı?

DÖVLƏTİN MALI DƏNİZ, YEMƏYƏN DONUZ!

2007-ci ilin avqust ayı idi… Çox ciddi bir xəstəlikdən müalicə almaq üçün cəza çəkdiyim 14 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə etap olundum…

Xəstəxanaya dincəlmək üçün gələnlərlə birlikdə xeyli sayda ciddi xəstəliklərdən əziyyət çəkənlər də vardı. Xəstələrin içərisində Muradov Vidadi adlı bir nəfər diqqətimi çəkmişdi. Boynunun arxasında, yalan olmasın, 3-4 kiloluq qarpız boyda şiş vardı. Mübtəla olduğu xərçəng onu yeyib-bitirirdi. Müalicə aldığımız şöbənin müdiri Bəyalı həkim (indi, səhv etmirəmsə, “Semaşko” xəstəxanasında şöbə müdiridi) bir gün məni yanına çağırıb dedi: “Bu adam yazıqdı, ölüb qalacaq buralarda. Sən qanunları yaxşı bilirsən. Onun adından aidiyyatı orqanlara ətraflı bir müraciət hazırla. Qoy gəlib konsilium keçirsinlər, bəlkə aktirovka etdilər. Yazıqdı, gedib evində ölsün, onsuz da 3-4 ay ömrü qalıb.

Xülasə, doktorun dediyini etdim. Özünü tərifləmək kimi çıxmasın, daşdan keçə biləcək bir müraciət yazıb, aidiyyatı qurumlara göndərdim. Müvafiq qanunlara və Cinayət Prosessual Məcəlləsinin konkret maddələrinə əsaslanaraq, Muradov Vidadinin mübtəla olduğu xəstəliyə görə, vaxtından əvvəl cəza çəkməkdən azad edilməsini irəli sürdüm. Onun cəzasının bitməsinə də çox az müddət – 1 il 2 ay qalmışdı. Məhkum olunduğu maddə də az ağır cinayətlər kateqoriyasına daxil idi. Cəza çəkdiyi müddətdə bir dəfə də olsun daxili nizam-intizam qaydalarını pozmamış, heç bir inzibati cəzaya sövq edilməmişdi. Hamı düşünürdü ki, yaxın vaxtlarda Vidadini azad edərlər, gedib evində rahat ölər. Amma sən saydığını say, gör fələk nə sayır… Təxminən 1 ay sonra xüsusi komissiya məhkum Vidadi Muradovun xəstəliyinin dərəcəsini araşdırmaq üçün PX-nın Mərkəzi Müalicə Müəssisəsinə gəldi. Gedəndə dedilər ki, yaxın bir vaxtda xüsusi rəy yazıb fikirlərini bildirəcəklər. Həmin ilin dekabr ayının əvvəllərində məni yenidən Müalicə Müəssisəsinə etap etdilər. Ora çatan kimi ilk işim Vidadinin durumuyla maraqlanmaq oldu. Bəyalı doktor dedi ki, ölüm ayağındadı, bu gün-sabahlıqdı. Çox mütəəssir oldum. İki gün sonra Vidadi öldü. Daha bir həftə sonra onun barəsindəki tibbi rəy gəldi. Bəyalı doktor rəyi oxumaq üçün mənə verdi. Komissiya məhkum Vidadi Muradov barəsində belə rəy vermişdi ki, vaxtından əvvəl cəza çəkməkdən azad edilməsinə ehtiyac duyulmur, onun müalicəsi PX-nın Mərkəzi Müalicə Müəssisəsində də mümkündü.

Yaşadığım bu hadisəni niyə xatırladım?

Elə indicə son xəbərlərdən öyrəndim ki, “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradov həbsdən azad edilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan Vidadi Muradov barədə məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri dəyişdirilərək, daha ciddi müalicəsinə şərait yaradılıb. Təsadüfə baxın: 14 il öncəki məhkumun adı və soyadı da eynilə belə idi – Vidadi Muradov! O da xərçəngdən əziyyət çəkirdi. Amma bu iki Vidadi arasında ciddi fərq də var. O Vidadi dövlətin bir manatını belə yeməmişdi, sadəcə olaraq, qonşusu ilə dava etdiyinə görə həbs olunmuşdu. İndiki Vidadi isə, dövlətin 20 milyondan artıq vəsaitini mənimsəyib. Bunun adı nədi? Mən bir ad tapa bilmədim. Siz buna bir ad qoyun! Dövlət baba, sənin təməlini qazıyırlar, xəbərin varmı?!

Elçin İlqaroğlu,

jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*