Dövlət büdcəsinə yenidən baxıla bilər – İqtisadçıbackend

Dövlət büdcəsinə yenidən baxıla bilər - İqtisadçı

Son bir neçə həftədə dünya bazarlarında neftin qiyməti gözlənilmədən bahalaşıb. Bu tendensiya Avropanın “qara qızıl” bazarında özünəməxsus yer tutan Azərbaycan neftində də müşahidə olunur. Azərbaycan nefti dövlət büdcəsində nəzərdə tutulan həddən (40 dollar) 31 dollar və ya 75 % artıq qiymətə satılır. Hazırda dünya birjalarında “Azeri LT CIF” markalı Azərbaycan neftinin 1 bareli 71,28 ABŞ dollara təklif olunur. Bu isə 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurətini gündəmə gətirir.

KONKRET.az xəbər verir ki, iqtisadçı Rəşad Həsənov bildirib ki, büdcəyə yenidən baxılması gözləniləndir.

Ekspert bunu ötən il müharibə səbəbindən hazırlanan büdcənin təcili tərtib olunması ilə əlaqələndirib:

“Məlumdur ki, qısamüddətli zamanda bir sıra hadisələrin, xüsusilə Qarabağın bərpası ilə bağlı proseslərin inkişafının proqnozlaşdırılması o qədər də mümkün deyildi. Ümumiyyətlə, əvvəlki təcrübələri nəzərə alsaq, neftin qiyməti kəskin qalxanda və ya kəskin düşəndə büdcə gəlirlərinə birbaşa təsir göstərir. Büdcə sistemi haqqında qanuna görə, bu halda yenidən qiymətləndirmə aparıla bilir, yəni büdcəyə baxılması mümkündür.

Əslində, bu məsələ Maliyyə Nazirliyi tərəfindən may ayına qədər qaldırılmalıdır. Hazırda bizdə belə bir məsələnin qaldırılıb-qaldırılmaması ilə bağlı bir məlumat yoxdur”.

Rəşad Həsənov hesab edir ki, neftin qiyməti indiki şərtlər daxilində büdcəyə yenidən baxılması zərurətini yaradır:

“Büdcəyə yenidən baxa bilərlər, eyni zamanda bunun o qədər də yaxşı olmayan təcrübələri var bizdə. Adətən neftin qiyməti artanda büdcənin xərcləməsini də artırırlar. Məsələyə bu aspektdən yanaşdıqda hesab edirəm ki, büdcəyə yenidən baxmasalar daha yaxşı olar. O zaman pul xərcləməsi imkanları nisbətən məhdud olar və Dövlət Neft Fondunun aktivlərinin artırılması imkanı da daha böyük olar”./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*