Onlayn iş və distant xidmətlərin genişlənməsi texnoloji baxımdan artıq problem deyil. Əsas məsələ bu imkanların səmərəli idarəetmə modelinə çevrilməsidir. Dövlət qurumlarında bütün vəzifələrin və proseslərin onlayn rejimə keçirilməsinin qarşısını alan əsas amil isə işlərin hamısının məsafədən görülməsinin mümkün olmamasıdır.
Vətəndaşlarla birbaşa ünsiyyət, sənədlərin fiziki yoxlanılması, təhlükəsizlik məsələləri, məxfi məlumatlarla işləmək və bəzi inzibati prosedurlar əməkdaşın fiziki iştirakını zəruri edir. Buna görə də daha real yanaşma bütün ştatların deyil, məsafədən yerinə yetirilə bilən vəzifələrin mərhələli şəkildə hibrid iş sisteminə keçirilməsidir.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, hibrid iş modeli xüsusilə Bakı üçün əhəmiyyətli ola bilər:
“Həftədə bir-iki gün müəyyən sayda dövlət və özəl sektor əməkdaşının evdən işləməsi belə səhər və axşam pik saatlarında yollardakı avtomobil və sərnişin axınının azalmasına təsir göstərə bilər. Bununla yanaşı, işə gedib-gəlməyə sərf olunan vaxt və yanacaq xərcləri azalır, işçinin məhsuldarlığı arta, ofis xərcləri isə aşağı düşə bilər. Distant iş yalnız rahatlıq məsələsi deyil, eyni zamanda iqtisadi səmərəlilik və şəhər nəqliyyatı baxımından da mühüm alət kimi qiymətləndirilə bilər”.
A.Nəsirli ali təhsil müəssisələrində də tam distant təhsil əvəzinə hibrid modelin tətbiqini daha məqsədəuyğun hesab edir. Onun fikrincə, mühazirələrin bir hissəsinin onlayn keçirilməsi, seminar və laboratoriya məşğələlərinin isə əyani formada saxlanılması universitetlərə gediş-gəlişi azaltmaqla yanaşı, tələbə və müəllimlərin vaxtına qənaət etməyə imkan verə bilər.
“Xüsusilə nəzəri fənlər üzrə həftənin müəyyən günlərinin onlayn təşkil edilməsi real variantdır”, – deyə ekspert bildirib.
A.Nəsirli qeyd edib ki, inkişaf etmiş ölkələrdə də distant iş modeli tam onlayn sistem formasında tətbiq edilmir:
“ABŞ və digər ölkələrdə pandemiyadan sonra distant və hibrid iş geniş yayılsa da, bir çox dövlət qurumu və şirkət əməkdaşların müəyyən günlərdə ofisdə olmasını tələb edir. Yəni dünyada əsas tendensiya tam distant işdən daha çox hibrid iş modelinin formalaşmasıdır”.
Ekspertin sözlərinə görə, Azərbaycan üçün də ən səmərəli variant bütün iş yerlərini onlaynlaşdırmaq deyil, işin xüsusiyyətindən asılı olaraq hibrid sistemi genişləndirməkdir.
“Məsələn, bəzi dövlət qurumlarında əməkdaş həftədə 1-2 gün, uyğun sahələrdə isə daha çox gün məsafədən işləyə bilər. Bu sistem geniş tətbiq olunarsa, əmək məhsuldarlığının artırılmasına, dövlət xərclərinin optimallaşdırılmasına və Bakının tıxac probleminin müəyyən qədər yumşaldılmasına töhfə verə bilər. Bunun üçün isə hüquqi baza, informasiya təhlükəsizliyi və işçinin fəaliyyətinin nəticələrinə əsaslanan qiymətləndirmə sistemi əvvəlcədən formalaşdırılmalıdır”, – A.Nəsirli vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
