Bu şəxsin adı Çarlz Artur Floyd (Charles Arthur Floyd) idi. O, 1930-cu illərdə ABŞ-da fəaliyyət göstərən məşhur bank soyğunçularından biri olub və “Pretty Boy Floyd” (“Gözəl Oğlan Floyd”) ləqəbi ilə tanınıb.
KONKRET.az xəbər verir ki, Böyük Depressiya dövründə ABŞ-da milyonlarla insan işsiz qalmış, minlərlə ailə isə ipoteka və kredit borclarını ödəyə bilmədiyi üçün evlərini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə Floyd banklara silahlı basqınlar təşkil edir, əldə etdiyi pullarla qaçırdı.
Onun haqqında geniş yayılmış rəvayətə görə, bəzi bank soyğunları zamanı ipoteka və kredit sənədlərini yandıraraq yüzlərlə insanın borc yükündən xilas olmasına səbəb olmuşdu. Bu hadisələr onu kasıb insanlar arasında məşhurlaşdırmış, bir çoxları onu varlı banklara qarşı mübarizə aparan “Robin Hud” obrazı kimi qəbul etmişdi. Lakin müasir tarixçilər bildirirlər ki, bu hekayələrin bir hissəsi sonradan yaranmış əfsanə də ola bilər və bütün hadisələr sənədlərlə təsdiqlənmir.
Buna baxmayaraq, Floydun adı Amerika tarixində ən tanınmış qanundankənar şəxslərdən biri kimi qalıb. O, bəziləri üçün ağır iqtisadi dövrdə sadə insanlara rəğbət göstərən bir simvol, digərləri üçün isə silahlı cinayətlər törədən təhlükəli bank soyğunçusu idi.
1934-cü ildə hüquq-mühafizə orqanları tərəfindən təqib edilən Çarlz Artur Floyd Ohayo ştatında keçirilən əməliyyat zamanı öldürüldü. Ölümündən sonra da onun haqqında rəvayətlər, kitablar, mahnılar və filmlər yaranmağa davam etdi. Bu günə qədər “Pretty Boy Floyd” adı Amerika tarixinin həm ən mübahisəli, həm də ən çox müzakirə olunan simalarından biri hesab olunur.
Ağagül Mürsəlov,
KONKRET.az
