Qəbilə artıq lazım deyil. Bizim qəbiləmiz dövlətdir. İnsanların sağ qalması üçün əvvəllər qəbilənin yerinə yetirdiyi funksiyaları indi dövlət öz üzərinə götürüb. Bir vaxtlar təkbaşına yaşamaq yalnız ən cəsur döyüşçülərin belə güclə tab gətirə biləcəyi ağır sınaq idi. Bu gün isə müstəqil yaşamaq böyük şəhərdə həyatın ən sadə və enerji baxımından səmərəli formalarından birinə çevrilib.
Əlbəttə, etiraz edə bilərsiniz: “Dövlət heç nəyə yaramır, qəbiləni də əvəz edə bilməyib!” Elə deyilmi? Bu fikirdə müəyyən həqiqət var. Gəlin, məsələyə bir qədər dərindən baxaq.
Qəbilədə təhlükəsizliyi sənin uğrunda qisas almağa hazır olan qardaşların və soydaşların təmin edirdi. Bunun əvəzində sən də onlar üçün canından keçməyə hazır olmalı idin. Bu gün həmin funksiyanı polis, məhkəmələr və müşahidə kameraları yerinə yetirir. Mənzilinin qarət olunmaması üçün qonşularınla dostluq etməyə ehtiyac yoxdur.
Əvvəllər ayağının sınması o demək idi ki, qəbilə səni yedizdirməli və qayğına qalmalı idi. Lakin bu, onların xoş niyyətindən və sənin qəbilədəki nüfuzundan asılı idi. Bu gün isə icbari tibbi sığorta, pensiya fondu və sosial müavinətlər var. Bunlar emosiyalardan, minnətdarlıqdan və “xoş insan” olmaq zərurətindən asılı deyil.
Qəbilədə əmək bölgüsü qaçılmaz idi. İnsanlar bir-biri ilə razılaşmalı, öhdəlikləri bölüşdürməli və müəyyən tarazlığı qorumalı idilər. Bu gün isə məişət xidmətlərinin böyük hissəsini kommersiya əsasında başqalarına həvalə etmək mümkündür. Kuryer yeməyi gətirir, təmizlik xidməti evi yığışdırır, su və istilik təchizatı mərkəzləşdirilmiş sistemlə təmin olunur. Tək yaşamaq, qabların yuyulma növbəsinin kimə çatdığını müzakirə etməli olduğun bir insanla yaşamaqdan qat-qat asanlaşıb.
Tək yaşamağın asanlaşmasının başqa bir səbəbi də var: artıq bir boşqab yemək və yırtıcılardan qorunmaq naminə mürəkkəb qəbilə münasibətlərini, mərasimləri və gündəlik diplomatiyanı qoruyub saxlamaq üçün enerji sərf etməyə ehtiyac yoxdur.
İlk baxışdan, xoşbəxtlik elə budur! Amma nəsə çatışmır… Bəs nə? Məna çatışmır. Və əlbəttə ki, sevgi. Gəlin görək bunlar nədir.
Həyat, sevgi və azadlıq
İnsanın üç fundamental ehtiyacı var. Ümumi və ən yüksək səviyyədə bunlar cəmi üçdür: həyat, sevgi və azadlıq. Bunları böyük məzmunları özündə birləşdirən üç ayrı konteyner kimi təsəvvür etmək olar.
Məsələn, həyatını davam etdirmək üçün insanın qidaya, suya, havaya, istiliyə, fiziki aktivliyə, istirahətə, təmizliyə və yatmaq üçün təhlükəsiz yerə ehtiyacı var. Bu ehtiyaclar “bədənim” adlandırdığımız hüceyrələr birliyinin yaşamasını təmin edir. Siyahıdakı zəruri amillərdən hər hansı birinin uzun müddət çatışmaması orqanizmin dağılmasına və həyatın sona çatmasına səbəb ola bilər.
“Sevgi” də özündə çoxsaylı ehtiyacları birləşdirir. Bu, cəmiyyətə aid olmaq, daha böyük bir bütövün parçasına çevrilmək və emosional əlaqələr qurmaq ehtiyacıdır. Sevgi sözü həmin əlaqələrin ideal vəziyyətini ifadə edir. İnsanlar arasında canlı bağ mövcud olduğu müddətdə orada sevginin də müəyyən payı var.
Sevgi qəbilənin yaşamasının əsas şərtidir. İnsanları bir yerdə saxlayan, əməkdaşlığı səmərəli edən məhz bu hissdir. Başqa sözlə, sevgi bir qrupun yaşaması üçün vacib şərtdir. Xarici təzyiq və təhlükə isə insanlara bu həqiqəti daha aydın dərk etməyə kömək edir.
Fərdi səviyyədə bunun məhz ehtiyac olduğunu anlamaq o qədər də asan deyil. Lakin qəbiləsiz insan əsl mənada insan ola bilməz. O, yalnız sağ qalmağa çalışan bir canlıya çevrilər. Əgər ümumiyyətlə sağ qala bilsə…
Çünki sevgisiz insan yaşaya bilmir. Yetkin insan uzunmüddətli təcriddən tədricən məhv olur, körpə isə daha qısa müddətdə həyati təhlükə ilə üzləşə bilər. Bu mövzuda çoxsaylı elmi tədqiqatlar və bunu təsdiqləyən faktlar mövcuddur.
İndi isə azadlığa keçək.
Azadlıq mənalarla bağlı ehtiyacları özündə birləşdirən konteynerdir. Bu, ilk baxışdan daha az aydın görünə bilər. Ancaq mənasız həyat da insan üçün dözülməzdir. Mənalar insan psixikasını dağılmaqdan qoruyur. Necə ki, sevgi insan qrupunu parçalanmaqdan saxlayır.
Azadlıq o zaman yaranır ki, insanın dünya haqqında bütöv və əlaqəli təsəvvürü, həmin dünyadakı öz yeri barədə anlayışı və gücünü tətbiq edə biləcəyi konkret fəaliyyət istiqaməti olsun. Məhz bu zaman insan daxilən canlanır, fəallaşır və hərəkətə keçir. İnsan azadlıq hissini də məhz bu vəziyyətdə yaşayır.
Beləliklə, “Həyat” hüceyrələr birliyinin – bədənin dağılmasının qarşısını alır. “Sevgi» insanlar qrupunu – qəbiləni bir yerdə saxlayır. “Azadlıq” isə insanın daxili aləmini – psixikasını dağılmaqdan qoruyur.
Bu ehtiyacların hamısını təmin etmək və onlar arasında tarazlıq yaratmaq çətindir. Amma mümkündür. Həmin ehtiyaclar ödənildikdə bədən, ruh və mənəvi aləm vahid harmoniyada birləşir.
Bəs qəbilə hansı prinsiplərlə fəaliyyət göstərirdi və dövlət bazar iqtisadiyyatı ilə birlikdə bu funksiyaların öhdəsindən niyə gələ bilmir?
Qəbilədə bu üç ehtiyac bir-biri ilə əlaqəli sistem kimi işləyirdi. Onlar bir-birini tamamlayır və qarşılıqlı şəkildə təmin edirdi.
1. İnsan üçün aydın və anlaşılan dünya mənzərəsi.
Budur meşə, budur çay, budur əcdadlarımız, torpağın və suyun ruhları, budur sağ çıxmalı olduğumuz qış və tonqalın ətrafında toplaşmış konkret 50 insan. Bu dünyagörüşündə mücərrəd illüziyalar və mənasız informasiya səs-küyü yox idi.
2. Həmin dünyada aydın müəyyənləşmiş yer.
Sən bu 50 insan üçün kim olduğunu dəqiq bilirdin. Əgər izçəkən, dərman bitkilərini tanıyan bir mütəxəssis və ya əhvalat danışan biri idinsə, bu, sadəcə, vəzifə təlimatı deyildi. Bu, hər gün ətrafındakı insanların gördüyü və qəbul etdiyi sənin mahiyyətin idi.
3. Əməyi tətbiq etmək üçün konkret imkan və dərhal alınan geribildirim.
Sən gedib ağac kəsirdin, ümumi evin damını təmir edir və ya yemək gətirirdin. Zəhmətinin nəticəsini elə həmin an öz gözlərinlə görür, bunu kimin üçün etdiyini bilirdin. Həm də həmin insanların canlı reaksiyasını dərhal hiss edirdin.
Beləliklə, zəncir qapanırdı:
Həyat – biz toxuq, isti yerdəyik.
Sevgi – mən öz insanlarıma lazımam, biz birlikdəyik, aramızdakı bağ yaşayır.
Azadlıq və məna – dünyanı anlayıram, bu dünyada öz yerimi bilirəm və gördüyüm iş həqiqətən də ətrafımdakı həyatı dəyişir.
İnsan özünü canlı, fəal və öz yerində hiss edirdi. Bəli, qəbilə həyatının da öz bədəli vardı: insanın dünyagörüşü sərt qaydalarla müəyyənləşdirilmişdi. Lakin həmin çərçivənin daxilində insan özünü hadisələrin fəal iştirakçısı hesab edirdi. Bütün dünyanın mövcudluğu onun əllərindən və qəbul etdiyi qərarlardan asılı ola bilərdi.
Təxminən eramızın 111-ci ilində Nikomediya şəhərində dəhşətli yanğın baş verir. Roma yazıçısı və dövlət xadimi Pliniy Kiçik imperator Trayana məktub yazaraq şəhər sakinlərinə könüllü yanğınsöndürmə dəstəsi yaratmağa icazə verilməsini xahiş edir. Təklifə görə, dəstə cəmi 150 nəfərdən ibarət olmalı və onun fəaliyyətinə şəxsən Pliniy nəzarət etməli idi. O, bu insanların yalnız yanğınların söndürülməsi ilə məşğul olacağına təminat verirdi.
Lakin o dövrdə “ən yaxşı imperator” hesab edilən Trayan qəti şəkildə imtina edir. Onun cavabı belə olur:
“Onları necə adlandırmağımızdan və hansı məqsədlə yaratmağımızdan asılı olmayaraq, daimi əsasda bir yerə toplaşan insanlar çox qısa müddətdə siyasi fraksiyaya və ya sui-qəsd qrupuna çevrilirlər”.
Dövlət cəmiyyətlərin böyüməsi və mürəkkəbləşməsi ilə birlikdə idarəetmə strukturu kimi formalaşdı. Lakin dövlət yaranan kimi onun özünüqoruma instinkti də meydana çıxdı. Bu instinkt isə heç də həmişə insanların maraqları ilə üst-üstə düşmür.
Aşağıdan yaranan hər bir canlı ictimai struktur – sənətkar birlikləri, gildiyalar, icmalar və digər özünütəşkil formaları – dövlət üçün alternativ hakimiyyət mərkəzi hesab oluna bilər.
Kütlələri idarə etməyin ənənəvi üsulları var: insanları doyur, onlara süni emosiyalar və əyləncə ver (“çörək və tamaşa”), amma heç bir halda mərkəzdən yan keçərək müstəqil şəkildə birləşmələrinə imkan yaratma.
Deməli, dövlət öz funksiyalarının öhdəsindən gələ bilir. Əslində, onun öz maraqları var. O, üzərinə düşən işi yerinə yetirir. Bu, sistemdəki nasazlıq deyil, sistemin öz məntiqidir.
Təkamül biologiyasında və antropologiyada belə bir nəzəriyyə var: eyni növ daxilində fərdi mübarizədə eqoist fərdi altruist fərdi üstələyə bilər. Lakin altruistlərdən ibarət qrup, bir qayda olaraq, eqoistlərdən ibarət qrupa nisbətən daha üstün mövqedə olur.
Bir-birini sevən, arxasını qoruyan və son tikəsini bölüşən qəbilə eqoist fərdlərdən ibarət dəstədən qat-qat güclüdür. Minilliklər boyu müharibə də altruizmin güclənməsinə təkan verən amillərdən biri olub.
Ortaq bəla insanları yenidən birləşdirir. Üfüqdə düşmən və ya böyük fəlakət görünən kimi insanlar qəfildən özünütəşkilatlanmağın, çörəyi bölüşməyin, yanğınları birlikdə söndürməyin və bir-birinə dayaq olmağın yollarını xatırlayırlar.
Həmin anda insanlarda qardaşlıq, aydın məqsəd və öz gücünü tətbiq etmək imkanı ilə bağlı o məstedici hiss yenidən yaranır. Məlum olur ki, bütün bunlar heç yerə yoxa çıxmayıb.
Beləliklə, dövlət çətin seçim qarşısında qalır və tarazlıq yaratmağa məcbur olur.
Sülh dövründə dövlət müstəqil birliklərin güclənməsindən ehtiyat edir və onların fəaliyyətini məhdudlaşdırmağa çalışır. Lakin dövlətin özü təhlükə ilə üzləşəndə, cəmiyyətin ayrı-ayrı “hüceyrələr”indən fövqəladə səylər tələb olunanda, onun başqa çıxış yolu qalmır. Hakimiyyətin bir hissəsini yerlərə ötürməli, üfüqi birliklərin yaranmasına və fəaliyyətinə imkan verməlidir.
Dövlət cilovu bir qədər boşaldır və insanlara müraciət edir:
“Qardaşlar və bacılar, köməyə gəlin! Özünüz təşkilatlanın!”
İnsanlar isə sanki çoxdan gözlədikləri fürsəti əldə edirlər. Nəhayət, sevgi və məna üçün imkan yaranır! Onlar könüllü şəbəkələr, özünümüdafiə dəstələri, əmək birlikləri, kooperativlər və digər özünütəşkil formaları yaradır, inanılmaz səmərəlilik nümayiş etdirirlər.
Amma böhran başa çatdıqdan sonra dövlət bu üfüqi birliklərdən nəyin bahasına olursa-olsun qurtulmağa çalışır. Çünki imperatorsuz yanğını söndürməyi bacaran insanlar sabah haqlı olaraq soruşa bilərlər: ümumiyyətlə, bizə imperator nə üçün lazımdır?
Bu gün Ukraynada da məhz belə bir proses baş verir. İnsanların müstəqil təşəbbüsləri və özünütəşkilatlanma imkanları yenidən nəzarət altına alınmağa çalışılır. Cin artıq şüşəyə qaytarılmaq istəyir.
Burada bütün Leviatanların – bir-biri ilə ölüm-dirim mübarizəsi aparan dövlətlərin belə – maraqları paradoksal şəkildə üst-üstə düşür: müstəqil, üfüqi təşkilatlanma imkanları aradan qaldırılmalıdır.
Belə olub və belə də olacaq.
Siyasət və müharibə meydanında Leviatana qalib gəlmək mümkün deyil. Bura onun öz meydanıdır. Sən üfüqi, müstəqil bir icma qurmağa başlayanda sistem əvvəlcə altruizmini pulsuz yanacaq kimi istifadə edəcək, sonra isə müstəqil düşünən və hərəkət edən insanların sakitcə idarə olunan təcrid olunmuş fərdlərdən ibarət cəmiyyətə mane olmaması üçün səni sıradan çıxarmağa çalışacaq.
Müstəqil birliklərin yaranması üçün yeganə mümkün məkan, bəlkə də, paralel reallıqlardır. Leviatanın nöqteyi-nəzərindən zərərsiz, mənasız görünən, onun maraqlarına toxunmayan başqa bir müstəvi…
Məsələn, SSRİ-də KSP (Klubnaya samodeyatelna pesnya – həvəskar müəllif mahnıları klubları) hərəkatı mövcud idi.
Mənə elə gəlir ki, bu gün bizə də kömək praktikləri və mütəxəssislərini birləşdirən müstəqil, üfüqi bir icma lazımdır.
Sizcə, belə bir birlik niyə hələ də yaranmayıb? Yoxsa artıq mövcuddur, sadəcə mənim xəbərim yoxdur?
Müəllif: Peter Qluxov
Hazırladı: Natiq Səlim,
KONKRET.az
