Çində gənclər arasında heç bir xərc tələb etməyən əyləncə növləri getdikcə populyarlaşır. Bu tendensiyanın ən maraqlı nümunələrindən biri ticarət mərkəzlərində vaxt keçirməkdir. Gənclər burada müxtəlif qadcetləri sınaqdan keçirir, geyimləri geyinib baxır, internetdə rəylər yazmaq müqabilində isə pulsuz qəlyanaltılar əldə edirlər. Özlərini “mol-vokerlər” adlandıran bu şəxslər hesab edirlər ki, heç bir xərc çəkmədən zövq almaq müasir dövrün ən ağıllı lüksüdür.
Bəziləri daha da irəli gedərək bahalı daşınmaz əmlak obyektlərinə baxış üçün rieltorlara müraciət edir. Məqsəd mənzil almaq deyil, dəbdəbəli yaşayış komplekslərində qanuni şəkildə gəzmək, onların imkanları ilə tanış olmaq və bir qədər fərqli atmosfer yaşamaqdır. Maraqlıdır ki, bəzi agentlər də bu ziyarətlərdən narazı qalmırlar. Çünki belə qonaqların çoxluğu komplekslərdə canlılıq və yüksək status təəssüratı yaradır.
Gərgin iş rejimindən yorulan mütəxəssislər üçün bu cür gəzintilər həm də stressdən uzaqlaşmaq vasitəsinə çevrilib. Sosial şəbəkə istifadəçilərindən biri bunu yumorla belə ifadə edib: “Rieltor həmişə sənin gələcəyinə inanır. Bu, pulsuz psixoloq xidməti deyilmi?”
Tendensiya avtosalonlara da yayılıb. Avtomobillərin test-sürüşündə iştirak edənlərə qəhvə, şirniyyat və hətta müxtəlif qadcetlər hədiyyə olunur. Beləliklə, insanlar heç nə almadan da bir neçə saatlıq fərqli təcrübə yaşaya bilirlər.
“Bu, sanki gələcəkdəki özümlə qısa müddətli müqavilə bağlamaq kimidir”, – deyə ziyarətçilərdən biri fikrini bölüşüb.
Mütəxəssislərin diqqətini çəkən bu tendensiyanın arxasında gənclərin iqtisadi qeyri-müəyyənlik və qənaət zərurəti şəraitində emosional rahatlıq axtarışı dayanır. “Sıfır xərcli həyat” onlar üçün həm büdcəni qorumaq, həm də gündəlik gərginlikdən uzaqlaşmaq üsuluna çevrilir.
Beləliklə, gənclər zövqü yalnız nəyəsə sahib olmaqda deyil, prosesin özündə axtarmağa başlayırlar. Ticarət mərkəzləri, avtosalonlar və daşınmaz əmlak kompleksləri isə onların gözündə alış-veriş məkanından əlavə, pulsuz asudə vaxt keçirmək və yeni təəssüratlar qazanmaq üçün alternativ məkanlara çevrilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
