Bakıda və Abşeron yarımadasında noyabrın 5-dən 9-dək fasilələrlə yağış yağacağı, bəzi saatlarda isə yağıntının intensivləşəcəyi gözlənilir. Sinoptiklərin leysan, şimşək və bəzi bölgələrdə sel xəbərdarlığı paytaxt sakinlərini də narahat edib. Xüsusilə son illərdə güclü yağışlar zamanı küçə və prospektlərin su altında qalması insanlarda eyni sual doğurub.
Bu dəfə də Bakını su basacaq? Şəhərin kanalizasiya və yağış sularınıötürmə sistemi intensiv yağıntılara nə dərəcədə hazırdır? Vətəndaşlar hansı ərazilərdə daha diqqətli olmalıdırlar?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, şəhərin su-kanalizasiya sistemi artıq normal vəziyyətdə deyil:
“Bunu rəsmi qurumların rəhbər şəxsləri də etiraf edirlər. Problemin həlli ilə bağlı dəfələrlə komissiyalar yaradılıb, milyonlarla vəsait ayrılıb. Mövcud durumu tamamilə aradan qaldırmaq üçün demək olar ki, şəhərin su-kanalizasiya sistemini yenidən qurmaq və ya yeni infrastruktur yaratmaq lazımdır. Bu gün sabiq Bakı merləri Rafael Allahverdiyev və Hacıbala Abutalıbovun rəhbərliyi dövründə buraxılan səhvlərin ağır nəticələrini yaşayırıq. Təəssüf ki, həmin yanlışlıqların fəsadları hələ də aradan qaldırılmayıb. Qanunvericiliyə görə, yağış suları kanalizasiya sisteminə axıdılmamalıdır və bu qaydanın pozulmasına görə cərimə də nəzərdə tutulur. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin, xüsusilə Hacıbala Abutalıbovun rəhbərliyi dövründə yağış barmaqlıqlarının böyük əksəriyyəti ləğv edildi, yollarda toplanan sular kanalizasiya borularına yönəldildi. Nəticədə bu gün həmin qərarların ağır fəsadları ilə üzləşirik”.
Ekspert bildirib ki, bəzi məmurların səhlənkarlığı və səriştəsizliyi şəhərin iflic vəziyyətinə düşməsinə səbəb olur:
“Qarşıdakı yağışlar zamanı vəziyyətin ideal olacağından da əmin deyilik. Çünki cəmi yarım saat davam edən yağış belə, şəhərin nəqliyyat sistemini iflic edir. Artıq bu vəziyyət ərazi üzrə də dəyişmir. Bu problem bu gün də, sabah da davam edəcək. Yalnız aidiyyəti qurumlar bir araya gələrək vahid qərar qəbul etdikdən və problemin həlli istiqamətində ciddi işlər gördükdən sonra vəziyyəti dəyişmək mümkün olacaq”.
