“Dövlət Yuxarı Qarabağda baş verənlərə sərt münasibət bildirilməlidir” – AÇIQLAMAbackend

"Dövlət Yuxarı Qarabağda baş verənlərə sərt münasibət bildirilməlidir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Ermənistan xarici işlər naziri Ara Ayvazyan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ara Ayvazyanın burada qondarma qurumun nümayəndələri ilə görüşləri ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Çünki Ermənistan xarici işlər nazirinin bu səfəri noyabrın 10-da imzalanmış anlaşmaya ziddir və Rusiya sülhməramlılarının növbəti fəaliyyətsizliyinin sübutudur.

Ermənistan xarici işlər nazirinin Qarabağa səfəri ilə bağlı KONKRET.az-a danışan Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Azərbaycan dövləti ölkənin təxminən 3000 kvadrat kilometr ərazisinə tam nəzarət etmir: “Eləcə də 5 kilometrlik sərhədə. Bu missiyanın həyata keçirilməsi Rusiya sülhməramlılarına həvalə edilib.

Rusiya sülhməramlıları isə Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində hər hansı addım atmır. Əksinə, burada qondarma, separatçı rejimi tanımaq, onu gücləndirmək xətti götürüb. Belə olmasaydı, Rusiya və qondarma rejimin bayrağının yanaşı qoyulduğu tədbirlər keçirilməzdi.

Qarabağ ərazisində yaşamayan, Azərbaycan vətəndaşlığı olmayan şəxslərin həmin ərazilərə gəlməsinə və onların orada hərbi, siyasi baxımdan fəaliyyət göstərməklərinə imkan verilməzdi. Rusiya sülhməramlıları həm də beynəlxalq hüquq çərçivəsində olan səlahiyyətlərini aşır. Təəssüf ki, hələlik Azərbaycan hüquq mühavizə orqanları və Xarici İşlər Nazirliyi bu addımlara ciddi reaksiya vermir. Hazırda Rusiya Azərbaycan ərazisində ikinci Ermənistan dövlətini yaratmaq işini sürətlə davam edir”.

Arif Hacılı vurğulayıb ki, noyabr 10-unda bəyanat imzalanan zaman Türkiyə sülhməramlılarının da Azərbaycana gələcəyi bəyan edilsə də, imzalanmış sənəddə bununla bağlı heç bir müddəa yox idi: “Hələlik Türkiyə sülhməramlılarının Azərbaycan ərazisinə gəlməsi ləngiyir. Atəşkəs rejiminə və Rusiyanın “sülhməramlıları”na oradakı fəaliyyətinə nəzarət edən mexanizm olsaydı, təbii ki, Ermənistanın rəsmiləri və Xarici İşlər naziri  Azərbaycan ərazisinə dəvətsiz gələrək orada qondarma rejimin bayrağı altında uydurma dövlətin rəhbərliyi ilə hər hansı sazişlər imzalamazdı.Ona görə də bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Yuxarı Qarabağ ərazisində baş verənlərə və Azərbaycan suverenliyini təhdid edən hadisələrə dövlət tərəfindən sərt münasibət bildirilməlidir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*