Dünya şöhrətli psixiatr və analitik psixologiyanın banisi Karl Qustav Yunq 1944-cü ilin qışında ölümün astanasına gəlib. Ayağını sındırdıqdan qısa müddət sonra infarkt keçirən alim həyatla ölüm arasında olduğu vaxt qəribə görüntülər gördüyünü söyləyib. Həmin təcrübələr onda həyatının sona yaxınlaşdığı qənaətini yaradıb.
Lakin 1944-cü ilin qışı Yunq üçün son olmayıb. Həkimlər onu həyata qaytarıblar. Sonralar alim huşunu itirdiyi həmin dövrdə yaşadıqlarından, gördüyü mənzərələrdən və bunların onda yaratdığı düşüncələrdən danışıb.
Kosmosdan Yerə baxış
“Mənim 68 yaşım var idi. Ayağımı sındırdım, bundan qısa müddət sonra isə infarkt keçirdim. Həyatla ölüm arasında olduğum vaxt qəribə görüntülər gördüm. Bu görüntülər məndə həyatımın tezliklə sona çatacağı qənaətini yaratdı”, – deyə Yunq xatırlayırdı.
Alim həmin görüntülərin yuxu olub-olmadığını dəqiq söyləyə bilmədiyini etiraf edirdi. Bununla belə, yaşadıqlarının onun üçün qeyri-adi təcrübə olduğunu vurğulayırdı.
“Mənə elə gəldi ki, yuxarı qalxaraq kosmosa çıxmışam. Qarşımda heyrətamiz mavi işıqla parlayan Yer kürəsini gördüm”, – deyə Yunq həmin anları təsvir edirdi.
Gördüyü mənzərənin gözəlliyindən heyrətə gələn alim ayaqları altında uzanan materikləri və okeanları seyr etməyə başlayıb. Sonradan o, Yer kürəsini bu şəkildə görmək üçün planetin səthindən nə qədər uzaqda olmaq lazım gəldiyini öyrənib. Məlum olub ki, görüntülərində Yerdən təxminən 1 500 kilometr yüksəklikdə olub.
Yer kürəsini seyr etdiyi vaxt Yunq özünü uzaqlara doğru çəkildiyini hiss edib. Nəhayət, arxasını Yerə çevirəndə qarşısından böyük bir daş parçasının keçdiyini görüb. Həmin daş kimi o da sonsuz kosmik boşluqda hərəkət edirmiş.
Qayanın içindəki qədim məbəd
“Birdən görüntü kəsildi və mən özümü qayalıqda yerləşən qədim bir məbədin qarşısında gördüm. Məbədə daxil olsam, özüm və həyatım haqqında hər şeyi öyrənəcəyimi dəqiq bilirdim. Bütün sirlər mənə açılacaqdı: məndən əvvəl nələrin baş verdiyini və bundan sonra nələrin olacağını anlayacaqdım”, – deyə Yunq xatırlayırdı.
Lakin alimə həmin məbədə daxil olmaq nəsib olmayıb.
Məbədin girişindən pilləkənlərlə aşağı onun müalicəsini aparan həkim enib. Həkimin ətrafını qızılı rəngli işıq əhatə edirmiş. O, Yunqla eyni pilləyə çatanda aralarında qəribə bir ünsiyyət başlayıb. Onlar sözlə deyil, düşüncələr vasitəsilə danışırmışlar.
Bu söhbətdən Yunq belə nəticəyə gəlib ki, həkim ona xüsusi bir xəbər çatdırmaq üçün göndərilib. Həkimin missiyası ona Yer üzündəki həyatını tərk etməyə haqqı olmadığını bildirmək imiş.
“Bunu eşidəndən sonra həkim yoxa çıxdı. Mənə pilləkənlərlə qalxıb məbədin girişinə çatmağa imkan vermədilər. Sonra özümə gəldim və xəstəxana çarpayısında olduğumu gördüm”, – deyə alim danışırdı.
Yunqa qulluq edən tibb bacısı da onun huşsuz olduğu vaxt ətrafında qəribə bir işıq gördüyünü söyləyib. Qadının sözlərinə görə, o, əvvəllər də ölüm ayağında olan insanları müşahidə edərkən buna bənzər hallarla qarşılaşıb.
Həyata qaytarıldığı üçün həkiminə qəzəblənmişdi
Yunq sonradan onu həyata qaytaran həkimə qarşı qəzəb hiss etdiyini etiraf edib. Çünki yaşadığı qeyri-adi təcrübədən sonra əvvəlki dünya ona həbsxana kimi görünməyə başlayıb.
Bununla yanaşı, alim narahatlıq da keçirirmiş. O, belə düşünürdü ki, əgər gördüyü görüntüdə həkimi qayalıqdakı, insana bütün biliklərin açıldığı məbəddən çıxıbsa, deməli, həmin həkimin də ömrü sona yaxınlaşır.
Bu təcrübə Yunqun ölüm, şüur və insan ruhu haqqında düşüncələrinə ciddi təsir göstərib.
“Bu, həyatın davam etməsi ehtimalına işarədir”
“Bu hadisələrə qədər ölümdən sonrakı həyat haqqında heç vaxt yazmamışdım. Çünki düşüncələrimi təsdiqləyəcək heç bir sübutum yox idi. İndi isə bu məsələ ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Hətta mülahizələrim yanlış olsa belə, bunu etməliyəm. Mənə elə gəlir ki, əks halda çox vacib bir şeyi itirəcəyəm”, – deyə Yunq bildirirdi.
Alim ölümdən sonrakı həyatın mövcudluğunu təsdiqləyən qəti sübutların olmadığını qəbul edirdi. Bununla belə, insanı bu barədə düşünməyə vadar edən təcrübələrin mövcudluğunu da inkar etmirdi. Yunq belə halları ruhun varlığının sübutu deyil, ona işarə edən əlamətlər kimi qiymətləndirirdi.
O, həyatının müxtəlif dövrlərində yaşadığı bir neçə hadisəni də bu qəbildən hesab edirdi.
Ölən dostunun onu apardığı kitabxana
Yunq bir gün əvvəl dəfn mərasimində iştirak etdiyi dostunun ölümü haqqında düşünərkən qəribə hadisə yaşadığını danışırdı.
“Mənə elə gəldi ki, dostum otağımda dayanıb və məni onun ardınca getməyə çağırır. Əvvəlcə bunu təxəyyülümün oyunu hesab etdim. Ancaq sonra onun ardınca getməyə qərar verdim. Birlikdə küçəyə çıxdıq, bağdan keçdik və mərhumun yaşadığı evə gəlib çatdıq. O, məni əvvəllər heç vaxt olmadığım kitabxanasına apardı”, – deyə Yunq xatırlayırdı.
Alimin sözlərinə görə, dostu stul götürərək onun üzərinə çıxıb və yuxarı rəfdəki qırmızı cildli beş kitabdan ikincisini götürüb.
Bu hadisə Yunqu o qədər maraqlandırıb ki, ertəsi gün dostunun evinə gedərək dul həyat yoldaşından kitabxanaya baxmağa icazə istəyib.
Kitabxanada stulun üzərinə çıxanda həqiqətən də qırmızı cildli beş kitab görüb. Bunlar fransız yazıçısı Emil Zolyanın əsərləri imiş. Yunq ikinci kitabı götürərək üzərindəki adı oxuyub: “Ölənin vəsiyyəti”.
Psixiatr bu hadisəni də insan ruhunun mövcudluğu ehtimalına işarə edən təcrübələrdən biri hesab edirdi.
Yuxuda gördüyü qadın fiquru
Yunq başqa bir qeyri-adi təcrübəsini həyat yoldaşının əmisi qızının vəfatı ilə əlaqələndirirdi.
Alimin danışdığına görə, yuxuda həyat yoldaşının çarpayısı dərin bir çuxura çevrilib. Həmin çuxurdan isə gecə paltarında olan qadın fiquru yuxarı qalxıb.
Yunq bu görüntünü də adi yuxudan daha dərin məna daşıya biləcək hadisələr sırasında xatırlayırdı.
“Mən Allaha inanmıram, mən bilirəm”
Ölümündən iki il əvvəl Karl Qustav Yunqa müsahibə verərkən Allaha inanıb-inanmadığı və ölümün hər şeyin sonu olub-olmadığı barədə sual ünvanlanıb.
Alimin cavabı sonradan məşhurlaşıb:
“Mən Allaha inanmıram, mən bilirəm”.
Yunq fikrini belə izah edirdi:
“Bilmək üçün əsas olmalıdır. Əgər nəyisə bilirəmsə, ona inanmağıma ehtiyac yoxdur.
Əminliklə onu da deyə bilərəm ki, ölüm son deyil. Çünki elə psixi hadisələr mövcuddur ki, onlar məkan və zamanla məhdudlaşmır. İnsan gələcəklə bağlı yuxular və görüntülər görə, yaxud buna bənzər təcrübələr yaşaya bilər.
Belə hadisələr həmişə mövcud olub. Bu faktları yalnız məlumatsızlıq inkar edə bilər. Onlar göstərir ki, insan psixikası məkan və zaman məhdudiyyətlərindən asılı deyil.
Buradan belə nəticə çıxır ki, psixika fiziki qanunlara tabe olmur. Bu isə həyatın davam etməsi ehtimalına işarə edir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
