Dövlətə meydan oxuyan və heç kimi saymayan məmur kimdir? – ƏTRAFLIbackend

Dövlətə meydan oxuyan və heç kimi saymayan məmur kimdir? - ƏTRAFLI

Bir müddət əvvəl Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında piyadalar üçün nəzərdə tutulan səkini sökərək yerində qanunsuz parkinq yaradılmasından az keçmişdi ki, sosial şəbəkələrdən xəbər aldıq. İndi də Yasamal rayonu Landau küçəsi 5 ünvanında (Hüseyn Cavid parkının yan tərəfi, Vergilər Nazirliyinin binasından təqribi 150 metr məsafədə) köhnə tikilinin zirzəmi hissəsinə qapı və giriş açmaq üçün qanunsuz olaraq qazılıb.

KONKRET.az xəbər verir ki, sosial mediada “BAKU WS”in yayımladığı videoya diqqətlə baxanda vəziyyəti görmək olur. Maraqlısı odur ki, burada da ölkənin qanunlarını heçə sayan elə dövlət adamıdır. Videoda idman geyimində olan, zirzəminin əsl sahibi, qanunsuz qazıntı aparan şəxs hazırda İqtisadiyyat Nazirliyinin tərkibinə birləşdirilən keçmiş  Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla iş üzrə şöbəsinin rəisi Cəmil Tatarayevdir. Vəzifəli şəxs elə nazirliklərinin yanında qazıntı aparır. Görəsən nazirlik özünün vəzifəli şəxsinin qanunsuz əməlindən xəbərsizdir?

Videodan yaxşı görünür ki, Cəmil müəllim qulluq səlahiyyətindən istifadə edərək dövlət işçisinə yaraşmayan hərəkətə yol verərək öz qanunsuz əməllərinə hüquqi don geyindirməyə cəhd göstərir. Zirzəminin hələ sovet dövründən mövcud olduğunu qeyd edir. Sanki Sovetlərin varisi sayılan Rusiyanın adamıdır və həmin vaxt tikilibsə, bu zaman insanların canını, qanunları heçə sayıb təməli zədələmək olar. İndi soruşan lazımdır ay Cəmil müəllim, köhnə tikilidə özülü deşərək binanın sakinlərinin həyatını təhlükəyə atmağa sizə kim icazə verib? Yasamal rayon İcra Hakimiyyəti və aidiyyəti digər təşkilatlar! Şəhərin düz mərkəzində, kameraların bol olduğu ərazidə, dörd bir tərəfində hərəkətin və nəzarətin intensiv olduğu yerdə binanın özülü dağıdılır, sizin xəbəriniz olmur? Bəs Fövqaladə Halların bu sahəyə cavabdeh əməkdaşları hara baxır? Siz nəyə görə düşünürsünüz ki, üzərinizə düşən işinizi cənab Prezident etməlidir? Bu insanları nəyə görə narazı salırsınız?

Cəmil müəllim deyir ki, mənim kupçam var və buradan qapı açdıracam. Bu adam dövlətə meydan oxuyur. Bəs siz necə? Onun meydanında oyunçu olmağı ya Prezidentin yanında durmağı tərcih edirsiz?

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*