Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Xankəndinə səfər edib. Vitali Milonovun Azərbaycandan icazə almadan Xankəndinə səfər etməsi müəyyən narazılığa səbəb olub.
Rusiya Dövlət Dumasının deputatının Xankəndiyə səfər etməsini şərh edən Müsavat başqanı Arif Hacılı KONKRET.az-a bildirib ki, bununla bağlı sual Azərbaycanın Xarici İşlər Nazirliyinə ünvanlanmalıdır: “Dövlət başçısı tərəfindən elan edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib və münaqişə geridə qalıb. Məhz ona görə də Ermənistanın və digər ölkələrin vətəndaşları, jurnalistlər Azərbaycandan icazə alıb Xankəndiyə getməlidir.
Duma üzvlərinin Azərbaycanın xəbəri olmadan Xankəndiyə gəlməsi çox böyük siyasi hadisədir. Çünki Azərbaycan ölkənin 3000 kvadratmetr ərazisində nəzarəti Rusiya sülhməramlılarına tapşırıb. Rusiya sülhməramlıları guya orada beynəlxalq hüquq normalarına uyğun olaraq atəşkəs rejiminə nəzarət edir.
Belə olan halda orada sülhməramlıları olan dövlətin rəsmi şəxslərinin, deputatların, jurnalistlərin və digər Rusiya vətəndaşlarının Azərbaycana icazəsiz gəlməsi ciddi pozuntudur. Təəssüf ki, Xarici İşlər Nazirliyi susur. Bu susqunluq da bununla nəticələnib ki, Rusiyadan gələn rəsmi şəxslər də Azərbaycanın icazəsini almağı lazım bilmirlər”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
