Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi etməsi və bir çox liderlərin Bakıda toplaşması dünyanın diqqətini paytaxtımıza yönəldib. Qoşulmama Hərəkatının BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük toplantısı olduğunu nəzərə alsaq, belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini sözlə ifadə etmək çətin olmaz. Hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Hərəkatın paytaxtımızda keçirilən toplantısında ölkə başçısı İlham Əliyevin səsləndirdiyi fikirləri dünyaya mesaj kimi xarakterizə etmək mümkündür. Bəs Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə nələrə nail olub?
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanın bu Hərəkata sədrliyi çox çətin dövrə təsadüf edib:
“Azərbaycan Qoşulmama Hərəkatına üzv seçildikdən sonra öz fəaliyyətini bu təşkilatın məqsədlərinə uyğun təşkil edib. Eyni zamanda sədrlik etdiyi ötən dövr ərzində təşkilatın strukturlaşmasına və institusional inkişafına tövhələr verib. Qlobal pandemiya fonunda üzv dövlətlərin az inkişaf etmiş ölkələrdən ibarət olması Azərbaycanın qarşısına yeni hədəflər qoyması ilə nəticələnib. Sədrlik çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin onlayn video konfransı baş tutub. Nəticədə COVID-19 pandemiyasının yaratdığı fəsadların aradan qaldırılması üzrə sistemli iş təşkil olunub və təmas qrupu yaradılıb, həmçinin vaksinlərin qeyri-bərabər paylanmasına dair Azərbaycanın qlobal təşəbbüsləri diqqətə alınıb. BMT Baş Məclisinin sessiyasının çağırılması, BMT-nin İnsan Haqları Komitəsində xüsusi qətnamə qəbul olunması, ölkəmizin təşəbbüsü sayəsində baş verən hadisələrdir. Hərəkata daha da təkan vermək, onun şaxələndirilməsini təmin etmək üçün Azərbaycan sözügedən təşkilatın gənclər şəbəkəsinin formalaşdırılması, parlament məclisinin təsis olunması istiqamətində də müsbət addımlar atıb”.

İ.Hüseynov bildirib ki, rəsmi Bakı Hərəkatın inkişafı çərçivəsində çox vacib rol oynayıb: “Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən BMT Təhlükəsizlik Şurasında qərəzli qətnamə qəbul olunmalı idi. Üzv dövlətlər buna qarşı çıxaraq, 4 məlum qətnaməyə istinad olunmasını tələb etdilər. Eyni zamanda Azərbaycan bu təşkilatın daha da inkişaf etdirilməsi, genişləndirilməsi və beynəlxalq imicinin artırılması istiqamətində çox önəmli addımlar atıb. Ölkə olaraq elə bir regionda yerləşirik ki, hərbi bloklara qoşulmamaq istiqamətində mövqeyimiz xarici siyasətimizə müəyyən dividendlər gətirir. Üzv dövlətlərin sədrliyi daha bir il artırması, Azərbaycanın bu prosesi çox uğurla həyata keçirdiyini deməyə əsas verir. Bu, böyük bir etimadın göstəricisidir. Xüsusilə, sədrliyi dövründə prezident İlham Əliyevin qlobal təşəbbüsləri bütün dünya birliyi tərəfindən təqdir olunub”.
Fidan Ali,
KONKRET.az
