Dünya hara gedir? – Moskvadakı terrorun qapalı tərəfləribackend

Dünya hara gedir? - Moskvadakı terrorun qapalı tərəfləri

Dünya dövlətlərinin “Crocus City Hall”da törədilmiş terror aktından sonra məsuliyyətin kimi daşıması ilə bağlı fikirləri haçalanır.

KONKRET.az xəbər verir ki, ABŞ israrla terrorun İŞİD-çilər tərəfindən törədildiyini bəyan edir və bunu topladığı kəşfiyyat məlumatları ilə izah edir. Bu zaman Moskvadakı terrorçuların geydirmə saqqal saxladığı barədə şahid ifadələrini də vecinə almır.

Rusiyanın Dövlət Təhlükəsizliyi sədrinin müavini Dmitri Medvedev dəhşətli faciənin Ukrayna tərəfindən törədilməsinin mümkün olduğuna işarə edir.

Rəsmi Kiyev bunu inkar edir və bu işlərin arxasında Kremlin özünün dayandığını iddia edir. Ukrayna tərəfində döyüşən “Rus könüllü korpusu” və “Rusiyaya Azadlıq Legionu” da terakta aidiyyətləri olmadığını bəyan edirlər.

Hətta Ukrayna mediası hesab edir ki, teraktın Rusiyada yaşayan taciklərin üzərinə “atılması” cəhdi var.

Artıq sosial media şəbəkələrində Bryansk vilayətində teraktın törədilməsində şübhəli bilinən iki tacikin yaxalanmasına dair məlumatlar dolaşır. “Baza” Telegram-kanalı yazır ki, ehtimal olunan cinayətkarların olduğu avtomobil Belarus və Ukrayna sərhədi yaxınlığında yerləşən Tyoplı kəndi yaxınlığında saxlanılıb. İçərisində altı nəfər olub və onlardan dördü qaça bilib. Saxlanılan şəxslər tacikdirlər və terror aktında iştirakı yoxlanılır.

Kanalın məlumatına görə, altı mümkün terrorçudan dördünün şəxsiyyəti müəyyən edilib. Onlar 21 yaşlı Şoxinjonn Safolzoda, 29 yaşlı Rüstəm Nəzərov, 51 yaşlı Rivojidin İsmonov, 37 yaşlı Mahmadrəsul Nasridinovdur.

Amma, nədənsə, bu teraktın törədilməsinə erməni terrorçularının bais ola biləcəyi versiyasından heç danışılmır. Halbuki erməni terrorçularının Moskvada teraktlar törətməsinin “şanlı” tarixi var.

Terakt üçün Azərbaycan əsilli sahibkar Araz Ağalarovun məkanının seçilməsi təsadüf ola bilməz. Hər kəsə bəllidir ki, Araz və Emin Ağalarovların şirkətlərində və açdıqları bütün məkanlarda erməniəsilli rusiyalılar işə götürülmür. Bunu Emin Ağalarov dəfələrlə dilə gətirib.

Bundan başqa, II Qarabağ müharibəsindən sonra ölkəmizi dəstəkləyən bütün ölkələrə və ya qüvvələrə qarşı sanki “ikinci cəbhə” açılıb. Ərdoğanın növbəti dəfə prezident seçilməməsi üçün ABŞ-nin və kollektiv Qərbin hərəkətə keçməsi, Pakistanda İmran xanın həbsə atılması, İsrailə qarşı Fələstin tərəfindən 7 oktyabr teraktının törədilməsi müttəfiqlərimizə qarşı total hücumun planlaşdırılmasından xəbər verir.

Bu yaxınlarda şahmat üzrə keçmiş dünya çempionu, Putin hakimiyyətinə müxalifətdə olan Harri Kasparovun tanınmış ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibəsində İsraildəki 7 oktyabr teraktının arxasında Rusiyanın dayandığını iddia etməsi də bundan xəbər verir. Yəhudi və erməni qanı daşıyan şahmatçı-müxalifətçi bu fikrini Qəzzada yaradılmış yeraltı keçidlərlə və fələstinlilərin deltaplanları məharətlə idarə etmələri ilə izah edib. Onun fikrincə, Qəzzadakı yeraltı şəhərçik Rusiyadakı “Metrostroy”un dəst-xəttini xatırladır, belə tikintini Fələstindəki terrorçu qruplaşmaları dəstəkləyən İran həyata keçirə bilməz.

Odur ki, həm Azərbaycan, həm də müttəfiqlərimiz, həm də bütün dünyadakı soydaşlarımız təhlükəsizliklə bağlı məsələlərə xüsusi diqqət yetirməlidirlər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*