Dünyanın gözü Moskvada – “Azərbaycan hadisələri öz lehinə dəyişməyə çalışacaq”backend

Dünyanın gözü Moskvada - “Azərbaycan hadisələri öz lehinə dəyişməyə çalışacaq”

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Məlumata görə, danışıqlar Rusiyanın dövlət başçısının təşəbbüsü ilə reallaşacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırılmasının gedişini nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırır. Hərbi əməliyyatlar zamanı zərər çəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı xüsusi diqqət mərkəzində olacaq. Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Rusiya mətbuatı vurğulayıb ki, üçtərəfli görüş Vladimir Putinin 2021-ci ildə ilk beynəlxalq tədbiridir.

Bugünkü görüşlə bağlı KONKRET.az-la fikirlərini bölüşən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirib ki, bütün gözlər Moskvaya zillənib. Çünki bu görüş müharibədən sonra xüsusi əhəmiyyət kəsb edir: “Belə bir görüşün keçirilməsi zəruri idi. Çünki 10 noyabr anlaşmasından və müharibənin dayanmasından sonra qaranlıq nüanslar və razılaşdırılacaq bir çox ciddi məsələlər var. Həmçinin bəyannamənin bir neçə bəndində tərəflərin üzərinə düşən öhdəliklər, xüsusilə 4-cü və 9-cü bəndlər Ermənistanın və Rusiyanın atacağı addımları özündə ehtiva edir.

Azərbaycan bəyannamədəki öhdəlikləri yerinə yetirib. Ancaq Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Moskva görüşü Ermənistanda xüsusi həyəcanla qarşılanır. Müxalifət Moskva görüşünü Ermənistanın növbəti faciəvi günü kimi qiymətləndirir. Amma düşünürəm ki, Nikol Paşinyan da bu görüşdə maraqlıdır.

Çünki istəyir ki, Ermənistan iqtisadi və siya blokadadan çıxsın. Bu yolla da o göstərmək istəyir ki, Ermənistanı blokadadan çıxardı və Qarabağ məsələsində məğlubiyyətə baxmayaraq, dövlət sərhədi çərçivəsində Azərbaycana hər hansı ərazi güzəştə gedilmədi. Hesab edirəm ki, bu kimi məsələlər Moskva görüşündə müzakirə ediləcək. Azərbaycan da bu görüşün keçirilməsində maraqlıdır. Çünki kommunikasiya, Mehri dəhlizinin açılması, Qazaxın işğal altında olan bir neçə kəndinin geri qaytarılması, xüsusilə erməni silahlı birləşmələrinin Qarabağda tərk-silah edilməsi kimi məsələləri Azərbaycan yoluna qoymağa çalışır. Status məsələsinin qabardılmaması, Ermənistan rəsmi şəxslərinin Xankəndinə gəlməməsi Moskva görüşündə müzakirə olunacaq. Azərbaycan konkret olaraq tələb edəcək ki, bu məsələlərə son qoyulsun.

Düşünmürəm ki, Moskva görüşündə hər hansı müqavilə imzalansın. Düzdür, görüş iki ölkəni sülhə aparacaq proses ola bilər. Amma Rusiya tərəflər arasında müəyyən problemlərin qalmasında maraqlıdır”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Rusiya bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində o qədər də maraqlı deyil: “Rusiya yerli erməni silahlı birləşmələrinin tərk-silah edilməsində, status məsələsində o qədər maraqlı tərəf deyil. Bu görüşdən sonra erməni silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ hissəsinə göndərilməyə bilər. Ermənistan öz rəsmilərinin Xankəndinə səfərini Azərbaycanla razılaşdırmalıdır. Ona görə də düşünürəm ki, bu görüş xüsusi əhəmiyyət kəsb edir. Amma müəyyən problemlər yenə də qalacaq. Bu problemlərin tamamilə həll edilməməsi Moskvadan asılıdır.

Çünki iki ölkə üzərində münasibətlərin normallaşması və sülhün əldə edilməsi Rusiyanın mövqeyinin zəifləməsi deməkdir.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətindən və Ermənistan rəsmilərinin Xankəndinə gəlməsindən narazıdır”.

Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın heç bir siyasi gücü yoxdur:

“Əsas həlledici tərəf Rusiyadır. Bundan əlavə, Rusiyanın Paşinyana təzyiqləri də o qədər təsir etmir. Paşinyanın daxildəki dayaqları güclüdür. Onun hakimiyyətdə qalması hələ ki, davam edəcək. Düşünürəm ki, Paşinyan çalışacaq ki, belə bir görüşdən əsirlərin qaytarılmasına nail olsun, Ermənistanı blokadadan çıxarsın, Qarabağın status məsələsi hələ də açıq qalsın. Amma hesab edirəm ilk görüşdə ciddi nailiyyətlər əldə edilməyə bilər.

Düzdür, Azərbaycan burada hadisələri öz lehinə dəyişməyə çalışacaq. Növbəti görüşlərin keçirilməsi razılaşdırılacaq. Hesab edirəm ki, Azərbaycan-Ermənistan arasında ikitərəfli birbaşa rabitə əlaqəsi yarana bilər. Paşinyan da Bakı ilə birbaşa kontaktda maraqlıdır və çalışır ki, bu məsələlər ikitərəfli həll edilə bilsin. Rusiya da çalışacaq ki, Paşinyana müəyyən ciddi təzyiqlər edərək, onun hakimiyyətini zəiflətsin. Ona görə də bu görüş gərgin keçəcək.

Bu görüşdən sonra bəzi məsələlərə aydınlıq gələcək. Azərbaycan bu görüşə təkbaşına qatılsa da, Türkiyə də prosesləri izləyir. Çünki Türkiyə Azərbaycanla artıq Qarabağ məsələsində koordinasiya formasında fəaliyyət göstərir. Türkiyə ilə razılaşdırılmamış heç bir addımın atılmasına getmək olmaz. Son bir neçə gündə Türkiyənin hərbi təyyarələri Azərbaycana uçuşlar həyata keçirir. Bu da Moskva görüşündə Azərbaycanın mövqeyini daha da gücləndirdi. Görüşdə ölkə başçısı çalışacaq ki, problemlərin həllində Azərbaycanın xeyirinə nələrəsə nail olsun”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*