“Erməni əsgərləri İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanından qaçırdılar”.
KONKRET.az “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, bunu keçmiş çempion Eduard Vartanyan deyib.
Qeyd edək ki, E.Vartanyan hərbi əməliyyatlar zamanı yerli əhaliyə dəstək vermək üçün Dağlıq Qarabağa humanitar yardım göstərmək adı ilə dəfələrlə səfər edib.
Bu yaxınlarda Eduard Vartanyan erməni ordusunun əsgər, zabit və generallarının Cəbrayıldakı döyüş meydanından necə qaçdığından bəhs etdiyi video mesaj yayımlayıb. O həmçinin qeyd edib ki, Qarabağa göndərilən humanitar yardımın yalnız 20 faizi əhaliyə çatırdı, qalan hissəsi isə oğurlanırdı.
“Heç kim Ermənistanın baş naziri Nikol Paşinyana xəyanət etmədi. O, müharibə ərəfəsində hər şeyi bilirdi”, – deyə Eduard Vartanyan vurğulayıb.
Onun sözlərinə görə, Şuşada yalnız könüllülər vuruşurdu: “Orada Ermənistan ordusunun hərbçilərini görmədim. Müdafiə, ümumiyyətlə, təşkil olunmamışdı”.
“Döyüş meydanından qaçan, oğurlayan, səhlənkarlıq göstərən hər kəs cəzalandırılmalıdır”, – deyə Eduard Vartanyan bildirib.
Natiq Səlim,
KONKRET.az
