Məlum olduğu kimi, ABŞ və digər ölkələrin qoşunları Əfqanıstanı tərk etdikdən sonra Taliban silahlı birləşməsi 25 ildən sonra hakimiyyəti yenidən ələ alıb və artıq demək olar ki, ölkənin böyük bir hissəsi Talibanın nəzarətindədir. Hətta, Taliban beynəlxalq təşkilatlara və əcnəbi dövlətlərə müraciət edərək yeni hökumətin qurulması ilə bağlı fəaliyyətə başladığını da elan edib. Buna baxmayaraq, Əfqanıstanda “Taliban”a tabe olmayan yeganə vilayət-Pəncşirdə müqavimət qüvvələri ilə “Taliban” arasında qarşıdurma davam edir.
Pəncşir ətrafında başlayan döyüşlər Pərvan və Bağlan əyalətlərinə də yayılıb. “Taliban”ın ciddi itkilər verdiyinə dair məlumatlar da var.
Bəs, Əfqanıstanda baş verənləri regional baxımdan necə dəyərləndirmək olar? Proseslər rəsmi Bakı üçün üçün hansı maraq və məna kəsb edir? Gedişatı gələcək perspektivdə necə dəyərləndirmək olar?

Mövzunu KONKRET.az-a dəyərləndirən politoloq Əli Hacızadə bildirib ki, hal-hazırda Əfqanıstanda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi haqqında müxtəlif mülahizələr irəli sürülür: “Əsas mülahizələrdən biri də bundan ibarətdir ki, ölkə daxilindəki gərginlik yaxın zamanda ölkə sərhədlərini aşaraq qonşu dövlətlərə siraət edə bilər. Bu məsələdə xüsusən Mərkəzi Asiya respublikalarının adı çəkilir”.
“Azərbaycana gəldikdə isə, bizim regiona və xüsusən Azərbaycana Əfqanıstandakı vəziyyətin qısa müddətdə özünü göstərəcək və daha uzun perspektivdə meydana gələcək təsirləri mövcuddur. Qısa müddət ərzində özünü göstərəcək təsirlərin başlıcası Azərbaycana müəyyən qədər əfqan qaçqınların gəlməsində ola bilər, lakin burada söhbət minlərlə insandan getmir. Digər tərəfdən, bildiyimiz kimi, ABŞ Afqanıstana yüklərin və insanların tranziti üçün Azərbaycanın hava məkanından istifadə edirdi. Təbii ki, indi Vaşinqtonun bu hava körpüsünə ehtiyacı olmayacaq”-deyə, politoloq vurğulayıb.
Ekspert hesab edir ki, Əfqanıstan hökumətinin bu illər ərzində istər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də digər beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etdiyini xüsusi ilə qeyd etmək lazımdır: “Əfqanıstan İslam Respublikası de fakto çökdüyü üçün, Azərbaycan Kabilin səsindən məhrum olacaq. Digər tərəfdən, bir neçə il ərzində, baş verəcək təsirlərə baxsaq, Əfqanıstanda baş verən hadisələrlə bağlı, Mərkəzi Asiyadan Əfqanıstanın ərazisindən keçməklə cənuba doğru gedəcək qaz kəmərlərinin inşası sual altında ola bilər. Bu vəziyyətdə isə Xəzərin dibi ilə sonra da Azərbaycan ərazisindən keçən layihələrə maraq arta bilər”.

Politoloq Samir Hümbətov isə KONKRET.az-a açıqlamasında bildirib ki, Əfqanıstandakı vəziyyəti ətraflı şəkildə təhlil edərkən, ölkədə baş verən proseslərin əvvəlcədən nəzərdə tutulmuş ssenari üzrə getdiyini demək olar: “20 il işğal faktını davam etdirən ABŞ və NATO qoşunlarının tələsik şəkildə Əfqanıstanı tərk etməsi və “Taliban”ın ölkədə hakimiyyəti ələ keçirməsi ölkə üçün yaxşı vəziyyətin olmadığını göstərir. Digər tərəfdən isə hər zaman düşmənə qarşı ciddi müqaviməti ilə tanınan Pənçşir vilayətinin alınmaz qala statusu alması onu göstərir ki, Əfqanıstanda marağı olan qüvvələr müharibənin bitməsini deyil, davam etməsinin tərəfdarıdır. Ona görə də Pəncşirdə müqavimət qüvvələrinin başında duran Əhməd Məsuda dəstəyi artırırlar”.
“Əhməd Məsud “Taliban”a qarşı cəbhəni genişləndirir. Görünən odur ki, “Taliban”a qarşı müxalif olan qüvvələr Əhməd Məsudla birləşməyə can atacaq. Burada digər əsas məsələ isə xarici qüvvələrin üzərinə düşür. Daha dəqiq desək Türkiyə və Pakistanın üzərinə düşür. Hələki, “Taliban” dünyada legitim hakimiyyət kimi tanınmır. Eyni zamanda, ölkədə potensial kadr çatışmazlığı da var. Kabil hava limanının təhlükəsizliyinin təmin olunması və işlədilməsində Talibanın Türkiyə və Qətərə müraciət etməsi də bu qəbildən olan məsələlərdir”, – deyə ekspert qeyd edib.
O, proseslərdə Azərbaycanın maraqlarına da münasibət bildirib: “Azərbaycan hər zaman Əfqanıstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq sülhün və sabitliyin tərəfdarıdır. Türkiyənin olduğu yerdə Azərbaycanın da var olaması böyük ehtimaldır. Hesab edirəm ki, Azərbaycan dünya tərəfindən tanınancaq istənilən hökumətlə istənilən formada əməkdaşlıq edə bilər, təbii ki, maraqlarımıza uyğun olaraq. İndi isə Azərbaycan hələlik gözləmə statusundadır. Əgər, Əfqanıstanda vəziyyət normallaşarsa, tərəflər arasında genişmiqyaslı əlaqələrdən söhbət gedə bilər. İndi isə Əfqanıstanda xarici qüvvələrin maraq toqquşması gedir”.

Politoloq Nurlan Qələndərli də mövzunu KONKRET.az-a dəyərləndirib. Qeyd edib ki, Əfqanıstanda qarşıdurmanın və toqquşmaların güclənməsi həm bu ölkədə gərginliyin artmasını şərtləndirir, həm də regional təhlükəsizliyə müəyyən təhdidlər yaradır: “Görünən odur ki, hazırkı xaotik vəziyyətdə müxtəlif regional və qlobal güc mərkəzləri siyasi-iqtisadi dividendlər qazanmaq üçün Əfqanıstan ətrafında sərt siyasi mübarizəyə qoşulublar. Həmin aktorlar həm Əfqanıstanda, həm də regionda hərbi-siyasi varlıqlarını sürdürməyə və nəzarət mexanizmlərini gücləndirməyə çalışırlar. Amma məsələ təkcə bundan ibarət deyil”.
Politoloqun sözlərinə görə, Əfqanıstanda sabitlik təmin edilə bilməzsə, bu, bütövlükdə region üçün neqativ nəticələr vəd edir: “Bir sıra xarici güc mərkəzlərinin hədəfi bu ölkədə qeyri-sabitlik mühitinin saxlanmasıdır. Onların nəzərində strategiya məhz xaosdan qidalanaraq geosiyasi rəqibləri “siyasi ofsayd”a salmaq və neytrallaşdırmaqdır”.
“Bu isə geosiyasi qarşıdurmanın davam etməsi anlamına gəlir. Düşünürəm ki, Əfqanıstan ətrafında və regional miqyasda cərəyan edən proseslər sərt siyasi mübarizə və qarşıdurma formasında davam edəcək”, – analitik fikrini yekunlaşdırıb.
Mərahim Nəsib,
KONKRET.az
