“Əhalinin sağlamlığının qorunması dövlətin ən başlıca vəzifəsidir” – İlkin Alızadəbackend

"Əhalinin sağlamlığının qorunması dövlətin ən başlıca vəzifəsidir" - İlkin Alızadə

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya ilə bağlı olaraq məhdudiyyətlər davam edir. Və bu da təbii olaraq vətəndaşların sağlamlığının qorunmasına hesablanmış addımlardır. Bəs görəsən, ümumən dövlətin bu istiqamətdə hansı öhdəlikləri var və bu məsələlər qanunvericilikdə necə tənzimlənir?

KONKRET.az-a mövzu ilə bağlı fikirlərini bölüşən AR Vəkillər Kollegiyasının üzvü, vəkil İlkin Alızadə bildirir ki, əhalinin sağlamlığının qorunması dövlətin ən başlıca prioritet vəzifələrindən biridir:

“Konstitusiyanın “Sağlamlığın qorunması hüququ” adlanan 41-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.
Biz pandemiya dövründə dəfələrlə eşitmişik və şahidi olmuşuq ki, hansısa xəstə və ya özündə xəstəlik əlamətləri hiss edən vətəndaşlarımız zəng edərək bu barədə təcili tibbi yardım xidmətinə məlumat vermiş və analiz götürülməsini, zəruri müayinə-müalicə tədbirləri görülməsini tələb etmişlər. Əvəzində isə bəzi hallarda hətta təcili tibbi yardımın gəlməkdən imtina etməsi və sair kimi hallara rast gəlinmişdir. Bu kimi hallarda tibbi yardım göstərməkdən imtina edən və ya hər hansı formada yayınan şəxslər, qurumlar, təşkilatlar qanunvericiliklə nəzərdə tutulmuş müvafiq məsuliyyət daşıyırlar. Təsadüfi deyil ki, bu yaxınlarda respublikada fəaliyyət göstərən klinikalardan birində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilmiş, ağır vəziyyətdə olan və digər xəstə vətəndaşların xəstəxanaya yerləşdirilməsi üçün xəstələrin yaxınlarından pul tələb edilməsi və digər korrupsiya faktlarına görə klinikanın rəhbər şəxsləri barəsində cinayət işi başlanmışdır.

Qanunvericilikdə həmçinin dövlətin müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görməsi, sanitariya-epidemiologiya salamatlığına təminat verməsi, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaratması öz əksini tapmışdır. Və cari dövrdə tətbiq edilən karantin qaydaları, digər məhdudiyyət tədbirləri dövlətin sanitariya-epidemiologiya salamatlığına təminat verməsinin bariz göstəricisidir.
Tibbi sığortadan söz düşmüşkən təəssüflə qeyd etmək lazımdır ki, ölkəmiz müstəqillik qazandıqdan sonra tibbi sığorta sahəsinə lazım olan diqqət yetirilməmiş və bununla bağlı olaraq dövlətin sanitariya-epidemiologiya salamatlığına təminat verməsi istiqamətində bir sıra problemlər yaşanmışdır. Lakin son dövrlərdə icbari tibbi sığorta sahəsində müşahidə olunan müsbət tendensiya sevindirici haldır. Güman edirik ki, zaman keçdikcə vətəndaşlarımız bu sahə ilə bağlı vərdişləri dərindən mənimsəyərək, prosesin fəal iştirakçısı olacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*