Əliyev ŞƏT-in tədbirlərində hansı mesajları verib? – MÜHÜM DETALLARbackend

Əliyev ŞƏT-in tədbirlərində hansı mesajları verib? - MÜHÜM DETALLAR

Prezident İlham Əliyev Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində Azərbaycanın regional və beynəlxalq gündəlikdəki mövqeyini önə çıxaran mühüm mesajlar verib. Dövlət başçısının çıxışında əməkdaşlıq, nəqliyyat bağlantıları, təhlükəsizlik və Azərbaycanın Avrasiya məkanındakı rolu əsas mövzulardan olub. Ümumiyyətlə,

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Azərbaycan üçün əhəmiyyəti son dövrlərdə daha da artır. Bunun əsas səbəblərindən biri təşkilatda təmsil olunan və Azərbaycanla yaxın münasibətlərə malik ölkələrin çoxluğudur.

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, ŞƏT-in tərkibi Azərbaycan üçün mühüm siyasi və iqtisadi imkanlar yaradır:

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… | KONKRET

“Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün əhəmiyyətini artıran əsas amillərdən biri bu quruma üzv olan və təşkilatla sıx əməkdaşlıq edən ölkələrin tərkibidir. Burada Azərbaycanla yaxın dostluq və müttəfiqlik münasibətlərinə malik dövlətlər yer alır. Türkiyə və Pakistanın ŞƏT-də müxtəlif statuslarda təmsil olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının üzvü olan Mərkəzi Asiyanın türk respublikaları da ŞƏT çərçivəsində aktiv iştirak edirlər. Bu, Azərbaycan üçün əlavə əməkdaşlıq imkanları yaradır. Çünki həmin dövlətlər həm Türk Dövlətləri Təşkilatında, həm də ŞƏT platformasında təmsil olunurlar.

Faktiki olaraq, burada iki mühüm əməkdaşlıq platformasının kəsişdiyi məkan formalaşır. Gələcəkdə TDT ilə ŞƏT arasında daha sıx dialoqun və institusional əməkdaşlığın qurulması mümkündür. Belə bir əməkdaşlıq mexanizminin formalaşması həm iqtisadi, həm nəqliyyat, həm də siyasi əlaqələrin inkişafına töhfə verə bilər.

Bu baxımdan Azərbaycanın ŞƏT-lə əlaqələrinin dərinləşdirilməsi ölkənin milli maraqları baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu proses Türk Dövlətləri Təşkilatının regional mövqeyinin və Türk dünyası ölkələri arasında əməkdaşlığın güclənməsinə də xidmət edə bilər.

Azərbaycanın müxtəlif regional və beynəlxalq platformalarda fəal iştirakı ölkənin geosiyasi imkanlarını genişləndirir. ŞƏT də bu baxımdan Azərbaycanın əməkdaşlıq imkanlarını artıran mühüm platformalardan biri kimi qiymətləndirilə bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*