“Vətənin bir qismini azad edib, qalanını düşmən ilə sövdələşməyə buraxa bilmərik”
KONKRET.az tanınmış konfliktoloq Elxan Mehdiyevin növbəti müsahibəsini diqqətinizə çatdırır.
– Elxan bəy, siz dünən atəşkəs imzalanmaması üçün hakimiyyətə yalvardınız. Amma bir formada imzalandı. Nə deyə bilərsiniz?
– Biz atəşkəsin olmaması üçün yalvardıq, hesab edirəm ki, bu yalnız mənim deyil, elə xalqımızın ricası idi, amma görünür bizə qulaq asan yoxdur. Hər kəs vətəni üçün özünü qurban verməyə hazır olduğu halda və ordumuzun hərəkatı önəmli nöqtəyə çatdığı halda atəşkəs imzalamaq nəyə xidmət edir? Düşmənə şans vermirlər, düşməni məğlub edirlər. Şans verdinsə, o çalışıb səni məğlub edəcək. Bu bəşəriyyətin qanunudur.
İkincisi, düşmən bizim vətənimizi işğal edib və 28 ildir çöllərdə qalmışıq. Biz ona nə şansı verməliyik ki? Bu heç bir məntiqə uyğun deyil. Çünki irəli sürülən heç bir təklifi düşmən tərəf yenə də qəbul etməmişdir. Belə çıxır ki, Makron iradəsini yeridir? O dedi ki, ”Azərbaycan DQ-ı yenidən əldə etmək istəyir, ermənilər, Ermənistan və mən buna imkan verməyəcəm”. Demək Makron deyən olur. Putini də işə cəlb edən odur.
Bu gün Hikmət Hacıyev dostumuz deyir ki, biz beynəlxalq birliyin məsuliyyətli üzvüyük, beynəlxalq birlik atəşkəs çağırışları edir. Etsin də. Ermənilərə torpaqlardan çıxın çağırışları edirlərmi? Etsə, biz də onlara hörmətlə yanaşarıq. Buradan belə çıxır ki, yenə əvvəlki qəliblərə düşürük. Aprel döyüşlərindən sonra 2016-cı ildə Əli Həsənov, Elmar Məmmədyarov və Novruz Məmmədov deyirdi ki, ”bizim beynəlxalq öhdəliklərimiz var, BMT nizamnaməsi var və belə məsələləri güc yolu ilə həll etməzlər və biz danışıqlar prosesinə sadiqik”. Çox istərdim ki, indiki yönəticilər heç də onlara oxşamasınlar və sadəcə bir neçə gün öncə ortaya qoyduqları dik duruşlarını davam etdirsinlər, yoxsa bizi beynəlxalq birliklə qorxuzmasınlar. İslanan adamın yağışdan nə qorxusu… Bir də ki, həmən beynəlxaq birliyə özünün qəbul etdiyi 4 qətnaməni yerinə yetirməsini söyləmək yetərlidir.
– Xarici işlər naziri baza prinsiplərini önə çəkdi. O prinsiplər bizə nə verəcək?
– Bu gün xarici işlər nazirinin izahatları da ölkənin daxilində və xaricində yaşayan hər kəsdə narahatlıq, qeyri-müəyyənlik yaratmış və Moskva görüşünün torpaqların tezliklə azad edilməsinə bir töhfə verməyəcəyini açıq aydın göstərmişdir. Çünki erməni tərəfi öz üzərinə heç bir öhdəlik götürməmişdir. Bizlərin gözlədiyi və İlham Əliyevin atəşkəs üçün ortaya qoyduğu qətiyyətli şərtlərin heç biri öz əksini tapmamışdır. Əksinə, erməni indi DQ-ın tam müstəqilliyi məsələsini danışıqlara daşıyır. Əvvəlki danışıqlardan fərqi nə olacaq ki? Baza prinsiplərinə qayıtmaq uğurdurmu? Serj Sarkisyan 10 il həmin prinsiplərlə bizi yola verdi, Paşinyan da gəlib onu zibil vedrəsinə atdı.
Həmin baza prinsipləri sonucda DQ üçün hüquqi məcburi olan referendum tələb edir. Erməni tərəfi bu prinsipə qarantiya tələb edəcək, Azərbaycan isə razılıq verməyəcək və onlar da torpaqlardan çıxmayacaq. Baza prinsipləri budur. İkincisi, ermənilər 5 rayondan çıxarsa əgər, (çıxsa…) bu rayonlara Azərbaycan əsgərinin girmək hüququ olmayacaq. Tam demiltarizasiya olacaq. Olmasa, erməni ordan çıxmayacaq. Bu prinsiplər düşmənə hər cür manevr imkanı verən bir yoldur. Beynəlxalq qüvvələr gəldiyi halda da, Azərbaycanın indiki suverenliyi də sual altına düşəcək. Sonrakı iki rayondan çıxmaq da onların arzusundan asılı olacaq. Biz onların Azərbaycandan ayrılmasını tanımasaq, onlar da bu rayonlardan çıxmayacaq. Bu cür danışıqların limiti yoxdur. Ermənistanda sabah yeni hökümət gəlsin, o da başqa avaz oxuyacaq. Mən çox detallara getmədən bunları söyləməyi məqbul sayıram. Mən məsələnin birdəfəlik, kökündən həll edilməsi ilə bağlı İlham Əliyevin verdiyi açıq və kəsərli bəyanatları dəsdəkləyirəm. Ən düzgün yol odur. Yəni, əgər Azərbaycan ordusu rayonları azad etsə və Agdərəni tam nəzarətə götürsə, Kəlbəcər və Laçının məsələsi avtomatik həll olacaq. Bu Vətən müharibəsidir. Vətənin bir qismini azad edib, qalanını düşmən ilə sövdələşməyə buraxa bilmərik.
– Siz hər zaman təkrar edirsiniz ki, indi Azərbaycan üçün tarixi şansdır.
– Elədir. Biz dünən yalvara – yalvara dedik ki, bu işə getməyin. Azərbaycan ordusunun küncə sıxışdırdığı erməni fasilə istəyir. Onlar ağır durumdadır. Cəbhədə tam üstünlüyə sahib olan Azərbaycan İHA və SİHA – larına qarşı sistemlər almaq istəyirlər. Tankları və təyyarələri vurmaq üçün yeni silahlar əldə etmək istəyirlər. Artıq onlar Azərbaycanın üstün tərəflərini öyrəndilər. Yeni hərbi planlar qurmağa çalışacaqlar. Ona görə onlara imkan vermək olmaz.
Azərbaycan üçün indi tarixi şans yaranıb. Pandemiya dünyanı özünə qapadıb. Yollar bağlanıb. Ermənistan tam izolyasiyadadır. Türkiyə dövləti mənəvi olsa belə, tarixdə misli bərabəri olmayan dəstək verir. Sabahkı hökümət bu cür dəstəyi verməyəcək. Regional şərait bizə tam uyğundur. Azərbayacn xalqı və əsgərinin iradəsi əyilməzdir. Xalq – dövlət birliyi tarixdə görünməmiş səviyyədədir. O zaman hansı təzyiqlərə dözə bilmirsiz? Hər Moskvaya çağırılanda imza atılacaqsa, demək ortada bir diplomatik çatışmazlıq var. O zaman erməni 27 ildir diplomatiya ilə bu torpaqları necə ustalıqla əlində saxlayır? Bunu düşünmək lazım. Düşünürsüz ki, onlara təzyiq olmur? Olur. Putin Koçaryanın azad edilməsi üçün Paşinyana neçə dəfə zəng vurub? Azad etdimi onu? 1,5 il həbsdə saxlatdı. Atəşkəs diplomatiyası apara bilmək üçün nə çatmır? Düşmən 27 ildir “danışıqlar prosesi” diplomatiyası ilə torpaqları əldə saxlayır. Buna baxmayaraq, mən hələ də ümid edirəm ki, bu fasilə elə diplomatiyadır. Biz bu tarixi şansdan istifadə etməliyik.
mənbə:moderator.az