Heydər Əliyev və YAP: Tarixi yol necə başladı?backend

Heydər Əliyev və YAP: Tarixi yol necə başladı?

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqilliyinin ilk illərində yaşanan son dərəcə mürəkkəb ictimai-siyasi proseslərlə bağlı idi. 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkə eyni zamanda Ermənistanla müharibə, iqtisadi tənəzzül, hakimiyyət uğrunda daxili mübarizə və dövlət institutlarının zəifliyi ilə üzləşmişdi. Belə bir şəraitdə 91 nəfər ziyalı 16 oktyabr 1992-ci ildə Heydər Əliyevə müraciət edərək onun yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini təklif etdi. Heydər Əliyev cavabında belə bir partiyanın yaradılmasının mövcud siyasi şəraitdən doğan obyektiv zərurət olduğunu bildirdi. 21 noyabr 1992-ci ildə Naxçıvanda 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi, partiyanın Proqram və Nizamnaməsi qəbul olundu və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi; partiya 18 dekabrda dövlət qeydiyyatına alındı.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, YAP-ın yaranması yalnız yeni siyasi təşkilatın meydana çıxması kimi deyil, həmin dövrdə Heydər Əliyevin siyasi xətti ətrafında təşkilatlanmanın institusional formaya çevrilməsi kimi qiymətləndirilməlidir:

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə Qarayeva | news365.az

“Partiyanın formalaşmasında Heydər Əliyevin şəxsi siyasi nüfuzu, uzunmüddətli dövlət idarəçiliyi təcrübəsi və onun ətrafında müxtəlif ictimai-siyasi qüvvələrin birləşməsi əsas amillərdən biri idi. 1993-cü ildə Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ başlandı: iyunun 15-də o, Ali Sovetin sədri, oktyabrın 3-də isə prezident seçildi. Sonrakı dövrdə dövlət institutlarının möhkəmləndirilməsi, daxili siyasi sabitliyin təmin olunması, iqtisadi tənəzzülün aradan qaldırılmasına yönələn siyasət, beynəlxalq əlaqələrin genişləndirilməsi və müstəqil dövlət quruculuğu əsas istiqamətlərə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji strategiyasının və xarici iqtisadi əlaqələrinin formalaşmasında mühüm mərhələ oldu; sonrakı illərdə hüquqi və institusional dövlət quruculuğu prosesi davam etdirildi. YAP isə Heydər Əliyevin rəhbərlik etdiyi siyasi qüvvə kimi bu kursun siyasi dayaqlarından biri oldu və 1995-ci il parlament seçkilərindən sonra hakim partiya statusunu möhkəmləndirdi. Bu baxımdan, YAP-ın həmin mərhələdəki rolunu Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun siyasi təşkilatlanması, onun parlament və ictimai-siyasi müstəvidə dəstəklənməsi və davamlılığının təmin olunmasında iştirak etməsi ilə əlaqələndirmək mümkündür”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*