Almaniyada dövlət pulları nəyə xərclənir? “Qara kitab”dan absurd nümunələrbackend

Almaniyada dövlət pulları nəyə xərclənir? “Qara kitab”dan absurd nümunələr

Almaniyada vergi ödəyicilərinin pullarının xərclənməsi ilə bağlı bəzi layihələr ciddi müzakirələrə səbəb olub. Alman Vergi Ödəyiciləri Birliyinin hazırladığı “Qara kitab”da dövlət vəsaitlərinin səmərəsiz və qeyri-adi hesab olunan xərclənməsinə dair nümunələr yer alıb.

Pandalar üçün 20 milyon avro

Bavariya Çindən iki pandanı “icarəyə götürmək” və onların Münhen zooparkında saxlanılması üçün yeni volyer tikmək məqsədilə 20 milyon avro xərcləməyə razılaşıb. Layihə pandaların qorunması proqramı çərçivəsində həyata keçirilir.

Heyvanların balaları dünyaya gəldiyi təqdirdə isə onlar Çinə məxsus olacaq. Hakimiyyət orqanları böyük xərcləri pandaların turistlərin diqqətini cəlb edəcəyi ilə əsaslandırırlar.

“Kreativ otaq” üçün 1 milyon avroya yaxın

Bremen şəhərindəki məşğulluq mərkəzində yeni “kreativ otağın” yaradılması üçün təxminən 1 milyon avro xərclənib.

Məqsəd iclaslar üçün müasir məkan yaratmaq olub. Lakin layihənin xərcləri ilkin hesablamaları əhəmiyyətli dərəcədə aşıb. Üstəlik, bu vəsaitin xərclənməsi əvvəlcə büdcədə ümumiyyətlə nəzərdə tutulmayıb.

35 min noutbuk, üçdə birindən çoxu istifadə edilməyib

Şlezviq-Holşteyn federal torpağında məktəb müəllimləri üçün təxminən 35 min noutbukun alınmasına 6,7 milyon avro xərclənib.

Lakin alınan kompüterlərin üçdə birindən çoxu indiyədək bir dəfə də olsun işə salınmayıb.

Yeddi skamya üçün 14 800 avro

Hamburqda istirahət üçün yeddi skamyanın quraşdırılmasına 14 800 avro xərclənib.

Lakin skamyalar insanların rahat istirahət etməsi üçün o qədər də uyğun olmayan yerdə – gur və səs-küylü avtomobil yolunun kənarında quraşdırılıb. Üstəlik, onların əyri qoyulduğu bildirilir.

Hidrogenlə işləyən zibil maşınlarına 7,5 milyon avro

Bielefeld şəhərində 2023-cü ilin sonunda hidrogen mühərrikli zibil maşınları istifadəyə verilib. Bu nəqliyyat vasitələrinin alınmasına 7,5 milyon avro xərclənib.

Lakin onlar üçün şəhərdə hidrogen yanacaqdoldurma məntəqəsi tikmək mümkün olmayıb. Buna görə də maşınlar hər dəfə yanacaq doldurmaq üçün qonşu şəhərə getməli olublar. Gediş-gəliş məsafəsi təxminən 70 kilometr təşkil edib.

Nəticədə hidrogenlə işləyən zibil maşınlarının elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəzlənməsinə qərar verilib. Ancaq elektrikli maşınlar üçün müvafiq infrastrukturun yaradılması hələ qarşıdadır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*