Azərbaycanda əhalisi az olan və bir-birinə yaxın yerləşən kiçik kəndlərin inzibati baxımdan birləşdirilməsi məsələsi gündəmə gəlib. Belə bir addımın dövlət büdcəsinə qənaət etməklə yanaşı, idarəetməni də asanlaşdıracağı bildirilir.
Bəs kiçik kəndlərin bir inzibati vahiddə birləşdirilməsi nə dərəcədə məqsədəuyğundur və bu proses zamanı sakinlərin maraqları necə qorunmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, kiçik kəndlərin inzibati baxımdan birləşdirilməsi həm dövlətin, həm də əhalinin maraqlarına cavab verən yanaşmadır.

Onun sözlərinə görə, əhalisi az olan kəndlərdə çoxsaylı inzibati vəzifələrin saxlanılması əlavə büdcə xərclərinə səbəb olur:
“Dövlətin maraqları, xərclərin azaldılması və əhalinin rahatlığı baxımından kiçik kəndlərin inzibati cəhətdən birləşdirilməsi doğru yanaşmadır. Bəzi ərazilərdə kəndləri ərazi baxımından da bir mərkəzdə cəmləşdirmək məqsədəuyğun ola bilər. İnzibati baxımdan birləşmə idarəetməni yaxşılaşdırar və daha çevik sistemin formalaşmasına imkan verər. Əhalisi cəmi 5-10 nəfər olan kiçik kəndlərdə belə bir sıra inzibati vəzifələr mövcuddur və onların saxlanılması dövlət büdcəsindən maliyyələşir. Bu baxımdan, birləşmə əlavə xərclərin qarşısını ala bilər”.
Partiya sədri hesab edir ki, bu proses yalnız ayrı-ayrı ərazilərlə məhdudlaşmamalı, ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də həyata keçirilməlidir. Xüsusilə ucqar dağ kəndlərində əhalinin və yaşayış evlərinin sayının az olması həmin ərazilərin idarə edilməsində müəyyən çətinliklər yaradır.
Akif Nağının fikrincə, inzibati birləşmə zamanı kəndlərin tarixi adları və özünəməxsusluğu qorunmalıdır. O, vurğulayıb ki, hər bir kəndin öz tarixi, nüfuzu və spesifik xüsusiyyətləri var. Buna görə də qərarlar yalnız iqtisadi və inzibati amillər əsasında verilməməli, yerli əhalinin rəyi də nəzərə alınmalıdır.
“Bu proses həyata keçirilərkən hər bir bölgənin və kəndin özünəməxsus xüsusiyyətləri diqqətdə saxlanılmalıdır. Bəzən əhalisi az olan kəndlərin belə zəngin tarixi və özünəməxsus imici olur. Yaşayış məntəqələrinin adları mütləq qorunmalıdır. Eyni zamanda, sakinlərin fikirləri öyrənilməli və onların razılığı əsasında addımlar atılmalıdır. Heç bir inzibati qərar insanların maraqları nəzərə alınmadan qəbul edilməməlidir”, – deyə o, qeyd edib.
Akif Nağı əlavə edib ki, bir neçə kəndin vahid inzibati ərazi üzrə birləşdirilməsi zamanı həmin yaşayış məntəqələrinin təmsilçiliyi də təmin olunmalıdır. Onun sözlərinə görə, birləşdirilən kəndlərin sakinləri həm bələdiyyə sistemində, həm də inzibati idarəetmədə təmsil olunmalıdırlar.
Partiya sədri təklif edib ki, bir neçə kəndin bir inzibati vahiddə birləşdirildiyi halda, həmin kəndlərin nümayəndələri növbəli şəkildə idarəetmə prosesinə cəlb oluna bilərlər. Eyni zamanda, icra nümayəndəliyində və onun müavinləri sistemində müxtəlif kəndlərin təmsilçiliyinə şərait yaradılması mümkündür.
O, bu prosesdə əsas prinsipin əhalinin narazılığına səbəb olmamaq və insanların hüquqlarını qorumaq olduğunu bildirib. Akif Nağının qənaətinə görə, kəndlərin inzibati birləşdirilməsi mərhələli şəkildə, yerli sakinlərin rəyi və razılığı nəzərə alınmaqla həyata keçirilərsə, həm idarəetmənin səmərəliliyi artar, həm də əhalinin maraqları qorunar.
Aynurə İsmayıl
KONKRET.az
