YAP-ın yaranması Azərbaycanın siyasi həyatını necə dəyişdi?
163
Azərbaycanın müstəqilliyinin ilk illəri ölkənin siyasi tarixinin ən mürəkkəb dövrlərindən biri kimi yadda qalıb. Bir tərəfdən Qarabağ müharibəsi və ərazi itkiləri, digər tərəfdən siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və dövlət idarəçiliyində yaranan problemlər ölkə qarşısında ciddi çağırışlar yaradıb.
Müşviq Əhmədov ,Jurnalist
Məhz belə bir mürəkkəb şəraitdə Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi həyatında mühüm hadisələrdən birinə çevrildi. 1992-ci ildə yaradılan YAP-a Heydər Əliyevin rəhbərlik etməsi isə partiyanın sonrakı siyasi fəaliyyətində mühüm mərhələ oldu.
Bəs YAP hansı zərurətdən yarandı və Partiyanın yaradılmasında Heydər Əliyevin müstəsna xidməti nədən ibarət idi?
Yeni Azərbaycan Partiyasının yaranması 1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətlə sıx bağlı idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə həm müharibə, həm iqtisadi böhran, həm də siyasi qarşıdurmalarla üz-üzə qalmışdı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdi. Bu müraciət sonradan Yeni Azərbaycan Partiyasının yaradılması prosesinin əsas mərhələlərindən birinə çevrildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi. Partiyanın yaranması ilə ölkədə yeni siyasi təşkilatlanma mərhələsinin əsası qoyuldu. YAP sonrakı illərdə Azərbaycanın siyasi sistemində aparıcı qüvvələrdən birinə çevrildi.
YAP-da Heydər Əliyevin rolu…
YAP-ın tarixindən danışarkən Heydər Əliyevin rolunu ayrıca qeyd etmək lazımdır. Onun uzunmüddətli siyasi təcrübəsi, idarəçilik fəaliyyəti və ölkədəki siyasi nüfuzu partiyanın formalaşmasına və təşkilatlanmasına təsir edən əsas amillərdən biri olub. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində proseslər sürətləndi.
Həmin dövr həm də Azərbaycanın müstəqil dövlət kimi siyasi və iqtisadi institutlarını formalaşdırdığı mərhələ idi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi və bazar iqtisadiyyatına keçidlə bağlı islahatlar həmin dövrün əsas hadisələri sırasında yer alır.
YAP ölkənin inkişafında hansı rolu oynadı?
YAP 1993-cü ildən etibarən hakim siyasi qüvvə kimi Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas siyasi dayaqlarından birinə çevrildi. Partiya dövlət quruculuğu, siyasi sabitliyin möhkəmləndirilməsi və həyata keçirilən islahatların siyasi baxımdan dəstəklənməsi prosesində iştirak etdi. Bu gün YAP-ın yaranmasına yalnız bir siyasi partiyanın meydana çıxması kimi deyil, müstəqilliyin ilk illərində Azərbaycanın keçdiyi mürəkkəb siyasi proseslərin bir hissəsi kimi yanaşmaq mümkündür.