Ərəblərə helikopter təşkil edən məmur istefa verməlidir! – Ziyalılar niyə susur?backend

Ərəblərə helikopter təşkil edən məmur istefa verməlidir! - Ziyalılar niyə susur?

Surxay Atakişiyev

Kim nə deyir-desin, proletariatın rəhbəri Vladimir İliç Lenin həqiqətən dahi idi. Doğrudur, indi çoxları onu qəbul etmir, haqqında olan-olmaz sözlər danışır. Kimisi deyir ki, Lenin çar İkinci Nikolayı taxtdan salmaqla qardaşının intiqamını aldı, kimisi deyir ki, Lenin “mavi” idi. Amma dəxli yoxdur. Mən onu dahi kimi qəbul edirəm. Tək bir məsələyə görə. Lenin heç zaman ziyalılara etibar etmədi, onlara inanmadı. Ona görə də Sovet hökumətini fəhlə və kəndlilərlə qurdu. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Lenin düz edib, ziyalılara inanmırmış. Çünki hakimiyyət ziyalı zümrəsinin-Qorbaçov tərəfdarlarının əlinə keçən kimi Sovet hökuməti dağıldı. 70 illik hökumət SSRİ-ni kimlərəsə xoş gəlmək üçün ABŞ və Avropanın ayaqları altına atdı.

Həyat elə gətirib ki, son 30 ildə baş verən ictimai-siyasi proseslərin içində olmuşam. Yəni bu gün özündən deyən “lyuboy” oğlanın avtobioqrafiyasını əzbərdən bilirəm. Son 30 ildə vəzifə və pul qarşısında sınmayan bir-iki İNSAN tanıyıram. Onlardan birinin adını da çəkə bilərəm – Rasim Balayev. Yaratdığı obrazları ilə xarakteri demək olar ki, üst-üstə düşən Rasim müəllim nə şöhrət, nə də pul üçün başqaları kimi gündə bir dona girmədi. Və 75 yaşlı müdrik Rasim Balayev yəqin ki, yaddaşlarda elə belə də qalacaq. Amma mən “ziyalı”lar tanıyıram ki, gəlib qarşında dayanır ki, tüpür üzümə, məni söy. Amma icazə ver, mən də yanında durum. Qoy desinlər ki, “Bu da Surxayzadənin dostudur”. Hələ 90-cı illərdən alimlər, professorlar tanıyıram ki, bütün təminatları var. Amma söyülə-söyülə gündəmdə olmaq üçün sinov gedirlər.

90-cı illərdə radikal müxalifəti tənqid etmək üçün efirlərdə davamlı materiallar hazırlanırdı. Və çox adam da danışmaq istəmirdi. Amma bir qism adam var idi ki, dəxli yoxdu, gecə yarısı da olsa, zəng eləsən, qaça-qaça gəlib müsahibə verirdi. Biri vardı, Gəncədə yaşayırdı. Məni bezdirmişdi. Gündə zəng edirdi ki, “bax, məni yaddan çıxartma ha”.

O illərdə bir dəfə Milli Məclisin iclas zalında maraqlı bir söhbətin şahidi oldum. Milli Məclisin sabiq üzvü, rəhmətlik Məzdək Hüseynov deputat həmkarı, akademik Teymur Bünyadova qayıtdı ki, “Ay Teymur müəllim, imkan verin biz də “girək” da bə”… Teymur Bünyadov da qayıtdı ki, “Ə, biz girməmişik ki, çıxaq”. Ətrafdakılar hamısı gülüşdü.

Mən deyərdim ki, bütün bəlalarımızın başında bəlkə də ziyalılarımız dayanır. Çünki “ziyalı” hər zaman itirməkdən, kənarda qalmaqdan qorxub. Ona görə də əksər vaxt “ziyalılar” həqiqəti yox, qarşısında dayandığı məmura lazım olan sözləri söyləyiblər. Azərbaycan Ziyalılar Cəmiyyəti adlı bir qurum var. Bu qurumun yerli şöbələrinin yeganə vəzifəsi İcra Başçısının tərifləmək və onun qılıncına yağ sürtməkdir.

Ola bilsin ki, kimlərsə mənimlə razılaşmasın. Ola bilər. Ona görə də onlara vacib bir xatırlatma edim. 4-5- gündür ki, ölkə gündəmini ərəblərin ölkəmizdə törətdiyi qanunsuzluqlar tutub. Amma bir ziyalının məsələ ilə bağlı səsi çıxmır. Parlamentin 125 deputatı sinov gedir boş-boş danışıb, gündəmdə olmaq üçün. Amma onların da səsi çıxmır. Çünki deputatların hamısı yaxşı bilir ki, o vəhşi ərəblər kimin qonağıdır. Ona görə də susurlar. Ola bilsin ki, sabah ölkə başçısı bu məsələ ilə bağlı fikir söyləsin və yaxud Kəmaləddin Heydərov işdən çıxarılsın. Bax onda 125 deputatdan ən azı 100-ü dil-boğaza qoymadan başlayacaqlar sübutalnı-dokumentalnı danışmağa, şok açıqlamalar etməyə. Amma indi hamısı gözləmə mövqeyində dayanıb. Qorxurlar danışmağa. Düşünürlər ki, olmadı elə, oldu belə. Danışarıq. Sonra da bir daha mandat üzünə həsrət qalarıq.

Mən ona görə deputatları misal çəkdim ki, guya cəmiyyətimizin qaymaq ziyalıları onlardır. Ona görə də hamısını deputat eləmişik.

Əslinə baxsan, ərəblərin hərəkətlərinin bu qədər böyüdülməsinin mən də tərəfdarı deyiləm. Çünki bizim məmurların elədikləri əməllərin yanında ərəblərin elədiyi nədir ki,.. Bu gün o ərəbləri yox, onları Azərbaycana gətirən, bütün qoruqların qapılarını onların üzünə açan və hətta ərəblərə dövlət hesabına helikopter ayıran məmurlar qınanmalıdır, ifşa edilməlidir. Bu ifşanı isə nə kəndli, nə də ki, fəhlə etməməlidir. Bunu özünü ziyalı sayan soydaşlarımız etməlidir.

Amma o ziyalılar da susur. Danışansa qaş düzəltdiyi yerdə göz çıxadır. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ərəb turistlərin qanunsuz ovunu dəstəkləyib. Özünün “Facebook” hesabında məsələyə toxunan baş redaktor tarix boyu quş ovunun olduğunu xatırladıb: “Guya tarix boyu Muğan çölündə quş ovlamayıblar ki?!

Ədəbiyyatımız ov səhnələriylə doludur. Ən məşhurlarından birini də Səməd Vurğun yazıb:

Ovçu, insaf elə, keçmə bu düzdən!

O çöllər qızını ayırma bizdən!

Qoyma ağrı keçə ürəyimizdən, –

Qıyma öz qanına boyana ceyran!

Nə gözəl yaraşır Muğana ceyran!

Flora-fauna sevgisi, durna təəssübkeşliyi başadüşüləndir. Amma bu mütəşəkkil hay-küy biraz şübhə yaradır. Elə bil xəbəri kimsə yönləndirir, idarə edir. Sanki kiminsə hansısa marağı var. Məncə, soyuqanlı və səbrli olsaq, aydınlaşacaq”.

Bax, bu da ziyalı mövqeyi. Deyir ki, “soyuqqanlı və səbrli olsaq məsələ aydınlaşacaq”. Yəni ki, ölkə rəhbərliyi məsələyə münasibət bildirsə, onda biz də hücuma keçərik. Yoxsa, beş-on dənə quşa görə kimlərləsə özümüzü niyə pis etməliyik ki… Ona görə deyirəm ki, ziyalılara etibar etməməkdə Lenin dahi adam idi.

KONKRET.az

  • Bilal
    Mart 30, 2021 - 16:15

    Ziyalilar Heyderovdan it kimi qorxurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*