Ermənilərə SON XƏBƏRDARLIQ: “Sülh sazişi YEGANƏ çıxış yoludur”backend

Ermənilərə SON XƏBƏRDARLIQ: "Sülh sazişi YEGANƏ çıxış yoludur"

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyevin öz doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olandan sonra ziyalılarla görüş zamanı belə fikir səsləndirməsinin siyasi ağırlığı böyükdür.

Həqiqətən də heç eradan əvvəlki və sonrakı minilliklərin erkən əsrlərini nəzərə almasaq, Səfəvilər imperiyamızın dövrünü görməzdən gəlsək, xanlıq dövrünə də baxmayıb Çar Rusiyası işğalındakı sənədləri əsas götürsək də, hazırkı Ermənistan ərazisi Azərbaycan torpaqlarıdır. XX əsrə irəliləsək, onların necə yarandığı, hansı Azərbaycan torpaqlarının bolşevik bonusu kimi ermənilərə verildiyi aydın şəkildə göstərilib.

Bizim İrəvanı geri istəmək haqqımız beynəlxalq normalarla məqbul sayılsa da, müasir sərhədlərə hörmət edirik və bu tip iddia qaldırmırıq. Mən hələ SSRİ dövründə ermənilərə pay verilən Göyçə-Zəngəzurdan danışmıram. Bütün bu faktlar erməniləri “miatsum” yuxusundan oyatmalıdır.

Onlar Azərbaycanın ürəyi olan Qarabağın şah damarını “arsax” adı ilə bizdən qopara bilməyəcəklər. Yəni sülhməramlıların müvəqqəti məsuliyyət zonası Azərbaycanın yurisdiksiyasına keçməlidir, separatçılar tərksilah olunmalıdır. İrəvan şərtlərin hamısını qəbul edib sülhü imzalamalıdır:

“1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.

Bir sözlə, Zəngəzur dəhlizi açılacaq. Yəni İrəvan sülhün bu müddəalarını da qəbul etməlidir. Ekspertlərin təbirincə desək, “sülh sazişi yeganə çıxış yoludur”. Həm də bu, onların son şansıdır. Yoxsa Ermənistanın süqutuna nə Makronun avroları, nə də İranın Qafandakı konsulluğu mane olacaq.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*