Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) problemsiz fəaliyyətində maraqlıdır.
KONKRET.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən bildirib.
Nazirin sözlərinə görə, İrəvan Ermənistan məhsullarının Rusiyaya ixracına tətbiq olunan məhdudiyyətlərdən narahatdır. O qeyd edib ki, bu məhdudiyyətlər Aİİ-nin əsas prinsiplərinə və normalarına – malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti qaydalarına ziddir.
“Biz Aİİ-nin tamhüquqlu üzvü kimi istəyirik ki, bu təşkilat işləsin, KTMT kimi olmasın”, – deyə Papoyan bildirib.
O vurğulayıb ki, məsələ təkcə Ermənistanla bağlı deyil, həm də ittifaq daxilindəki mexanizmlərin effektivliyi ilə əlaqəlidir.
Nazir əlavə edib ki, Ermənistan məhsulları Avropa İttifaqı ölkələri, Birləşmiş Ərəb Əmirlikləri və Çin bazarlarına uğurla ixrac olunur. Buna görə də onun fikrincə, Rusiya bazarında erməni məhsullarına məhdudiyyət qoyulması üçün əsas yoxdur.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Vladimir Putinlə telefon danışığında Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı yaranmış problemlərin həlli üçün tədbirlər görülməsini xahiş etmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
