KONKRET.az Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirir ki, ölkə Qoşulmama Hərəkatı çərçivəsində baş verən hadisələri, o cümlədən Hərəkatın dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçirilmiş son zirvə toplantısının işini yaxından izləyib. Bəyanatda deyilir:
“Sammitin ev sahibi və hərəkatın indiki sədri Azərbaycanın sammitin yekun sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif olunmuş, həddən artıq qərəzli iddiaları irəli sürərək hərəkata üzvlüyündən sui-istifadə etmək qərarını bir daha qınayırıq.
Qoşulmama Hərəkatında müşahidəçi dövlət statusuna sahib olan Ermənistan heç bir şəkildə ev sahibi olan dövlətin platformadan sui-istifadə etmək istədiyini açıq şəkildə nümayiş etdirən prosesə qarışa və ya təsdiqləyə bilməzdi. Ermənistan Dağlıq Qarabağla bağlı yekun sənədin mətninin hərəkatın əsaslarına zidd olmasından təəssüflənir.
Azərbaycanda və Qarabağda ermənilərə qarşı kütləvi vəhşiliklər həyata keçirən Azərbaycan hakimiyyəti ardıcıl olaraq dözümsüzlük və nifrət siyasəti yürüdür, o cümlədən erməniləri öldürən şəxslərin milli qəhrəmanlara çevrilməsi yolu ilə Qarabağ xalqının təhlükəsizliyini təhdid edən risklərə bilavasitə məsuliyyət daşıyırlar.
Onlar ATƏT-in Minsk Qrupunun həmsədrliyi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq mandatlı vahid formatda sülh prosesinə sadiqliyin olmamasını bir daha nümayiş etdirdilər, məqsədləri isə mövcud danışıqlar prosesini “alqı-satqı” təcrübələrinə əsaslanaraq pozmaqdır. Ermənistan Qarabağ xalqının təhlükəsizliyinin yeganə qarantı olaraq qalmaqda davam edir.
Ermənistan Qoşulmama Hərəkatına üzv dövlətləri danışıqlara məsuliyyət və hörmət göstərməyə və beynəlxalq hüququn normaları və prinsiplərinə, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına, o cümlədən xalqların bərabərlik və öz müqəddəratını təyinetmə hüququna əsaslanan sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə çağırır. Məhz bu yol Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün əsas prinsiplərdən biridir”.
Qeyd edək ki, Ermənistan forumda müşahidəçi kimi iştirak dəvətini qəbul etməmişdi.