Həzrəti Ömərin son sözləri: Şəhid olmamışdan əvvəl nə vəsiyyət etdi?backend

Həzrəti Ömərin son sözləri: Şəhid olmamışdan əvvəl nə vəsiyyət etdi?

İslam tarixinin ən mühüm şəxsiyyətlərindən biri, ikinci xəlifə Həzrəti Ömər ibn Xəttab ağır yaralandıqdan sonra belə Allahı, ümməti və ədaləti düşünürdü. Onun şəhid edilməsindən əvvəl vəfatına qədər söylədiyi sözlər tarixdə dərin iz buraxıb.

KONKRET.az xəbər verir ki, rəvayətlərə görə, o, 644-cü ildə sübh namazı zamanı Əbu Lü’lü Firuz tərəfindən xəncərlə ağır yaralanıb. Hadisədən sonra Ömər evinə aparılıb. Bir müddət sonra özünə gələndə ilk suallarından biri “Məni kim yaraladı?” olub.

Ona hücum edənin Əbu Lü’lü Firuz olduğu deyiləndə Hz. Ömər:

“Allaha şükürlər olsun ki, bir müsəlman tərəfindən vurulmadım”, – deyib.

Rəvayətə görə, Əbu Lü’lü bundan əvvəl də Həzrəti Ömərin yanına gələrək sahibinin ondan aldığı verginin çoxluğundan şikayət etmişdi. Hz. Ömər isə həmin məbləğin həddindən artıq olmadığını bildirmişdi.

Bundan bir müddət əvvəl Hz. Ömər bazarda olarkən Əbu Lü’lü ilə qarşılaşmışdı. Onun dəyirman düzəltməkdə mahir olduğunu eşidən Hz. Ömər bunu dilə gətirəndə Əbu Lü’lü belə cavab vermişdi:

“Əgər sağ qalsam, sənin üçün elə bir dəyirman düzəldəcəyəm ki, onun haqqında şərqdən qərbə qədər hamı danışacaq”.

Hz. Ömər bu sözləri təhdid kimi qəbul edərək:

“Vallahi, bu adam məni təhdid etdi”, – demişdi.

Lakin açıq cinayət törədilmədiyi üçün onun barəsində tədbir görülməmişdi.

“Bir ailədən bir qurban kifayətdir”

Ağır yaralanan Hz. Ömərdən sonra oğlu Abdullah ibn Öməri xəlifə təyin etməsi istənilib. O isə bu təklifi qəbul etməyərək:

“Bir ailədən bir qurban kifayətdir”, – deyib.

Bundan sonra özündən sonra xəlifənin seçilməsi üçün səhabələrdən altı nəfəri müəyyənləşdirib. Bu şəxslər İslam tarixində “Cənnətlə müjdələnmiş on nəfər” sırasında yer alan səhabələrdən idi.

Hz. Ömər daha sonra oğlu Abdullah ibn Ömərə mühüm bir tapşırıq verib:

“Möminlərin anası Aişənin yanına get. Ona Ömər ibn Xəttabın salamını çatdır. “Möminlərin əmiri” demə. Çünki mən artıq möminlərin əmiri deyiləm. De ki, Ömər Peyğəmbərin yanında dəfn olunmaq üçün icazə istəyir”.

Həzrəti Aişə onun istəyinə razılıq verib. Bu xəbəri eşidən Ömər “Bu, mənim ən böyük arzum idi”, – deyərək böyük sevinc hissi keçirib.

Vəfatına yaxın isə oğluna belə vəsiyyət etdiyi rəvayət olunur:

“Başımı yastıqdan götür, yerə qoy. Ola bilsin ki, Uca Allah bu halıma görə mənə rəhm etsin və məni bağışlasın”.

Ağır yaralanmasından təxminən bir gün sonra Hz. Ömər kəlmeyi-şəhadət gətirərək vəfat edib.

“Nimetin qədrini bilin!”

Hz. Ömər xəlifəliyi dövründə sadə həyat tərzi ilə seçilirdi. Quru arpa çörəyi yeyər, qalın və sadə geyimlər geyinərdi. Halbuki onun hakimiyyəti illərində İslam dövlətinin əraziləri sürətlə genişlənmiş, böyük fəthlər həyata keçirilmişdi.

Bütün bu qüdrətə baxmayaraq, Hz. Ömər öz həyatında zənginlik və dəbdəbəyə üstünlük vermirdi. Onun üçün əsas olan ədalət, məsuliyyət və Allah qarşısında hesabat idi.

Qüdsə səfəri zamanı etdiyi çıxışlardan birində müsəlmanlara Allahın nemətlərinin qədrini bilməyi tövsiyə edərək belə deyib:

“Allah bizi İslam dini ilə şərəfləndirdi və Məhəmməd əleyhissəlam vasitəsilə doğru yola yönəltdi. Bizi azğınlıqdan, düşmənçilikdən, ayrılıq və təfriqədən uzaqlaşdırdı. Ey müsəlmanlar, bu böyük nemətə görə Allaha şükür edin. Çünki nemətə şükür etmək onun artmasına səbəb olar.”

Daha sonra insanlara Allahdan qorxmağı, Ona itaət etməyi və İslamın əsaslarına bağlı qalmağı tövsiyə edib:

“Sizə hər şey fani olduğu halda Özü əbədi olan Allahdan qorxmağı tövsiyə edirəm. Ona itaət edənlər Onun sevdiyi qullardan olar, Ona asi olanın isə axirəti məhv olar”.

Hz. Ömər insanlara zəkat verməyi də tövsiyə edərək deyib:

“Ey insanlar, mallarınızın zəkatını verin. Bununla qəlblərinizi və nəfslərinizi təmizləyərsiniz. Allahdan başqa heç bir məxluqdan qarşılıq və təşəkkür gözləməyin.”

O, müsəlmanları Qurana və Peyğəmbərin sünnəsinə bağlı olmağa çağırıb:

“İslamdan və Rəsulullahın sünnəsindən möhkəm yapışın. Qurani-Kərimin əmrlərinə tabe olun. Çünki onda dərdlərə şəfa və böyük savab vardır.”

Hz. Ömərin dostluq haqqında nəsihəti

Hz. Ömər yalnız dövlət idarəçiliyi və ədalət haqqında deyil, insan münasibətləri barədə də dəyərli nəsihətlər verib.

Onun dostluqla bağlı tövsiyəsi belə nəql olunur:

“Sadiq dostlar tapın və onların arasında yaşayın. Dürüst və səmimi dostlar darlıqda köməkçi, bolluqda isə insanın zinətidir. Dostunun sənə düşən işini gözəl şəkildə yerinə yetir ki, ehtiyac duyduğun zaman o da sənə daha gözəl şəkildə qarşılıq versin. Düşmənlərindən uzaq dur. Hər dosta bel bağlama, yalnız etibarlı insanları seç. Etibarlı insanlar Allahdan qorxanlardır.”

Hz. Ömərin həyatı İslam tarixində yalnız böyük fəthlərlə deyil, ədalət, təvazökarlıq, məsuliyyət və Allah qorxusu ilə də xatırlanır. Onun son günlərində söylədiyi sözlər isə bu həyat fəlsəfəsinin ən parlaq nümunələrindən biri kimi təqdim olunur.

Hazırladı: Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*