Yeni qaydalara görə pensiyaların indeksləşdirilməsi diferensial (fərqli) qaydada aparılacaq və 0,2 ilə 0,5 əmsallar tədbiq ediləcək.
KONKRET.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu dəyişiklik ölkə üzrə orta aylıq əməkhaqqından (təxminən 1170 AZN) yüksək pensiya alan şəxslərə şamil ediləcək:
“Məsələn, rəsmi indeksləşmə faizi 10% müəyyən ediləcəyi halda hesablama aşağıdakı kimi aparılacaq.
• 1000 manat pensiya alan şəxs: Məbləğ 1170 manatdan azdır. Pensiya tam 10% artaraq 1100 manat olacaq.
• 2000 manat pensiya alan şəxs: İlk 1170 manatlıq hissə tam 10% artır. Yerdə qalan 830 manatlıq hissə isə 0,5 əmsalı ilə (yəni 5%) artır.
Hökumət deyir ki, narahat olmayın, zatən ölkədə 90% təqaüdçü 1170 manatdan az təqaüd alır deyə, onlara heç bir təsiri yoxdur, onların pensiyası orta aylıq əmək haqqının artım tempinə görə (təqribən 10%) indeksləşdiriləcək”.
Ekspert deyib ki, pensiya alanların sayı və pay bölgüsü aşağıdakı kimidir:
• Yaşa görə pensiya alanlar: Pensiyaçıların 64,8%-i (təxminən 712 800 nəfər)
• Əlilliyə görə pensiya alanlar: Pensiyaçıların 22,8%-i (təxminən 250 800 nəfər)
• Ailə başçısını itirməyə görə pensiya alanlar: Pensiyaçıların 12,4%-i (təxminən 136 400 nəfər).
“Ölkə üzrə orta təqaüd məbləği 594 manatdır, bu rəqəmi yuxarı çəkən isə həmin 10% yüksək və çox yüksək təqaüd alanlardır. Məmləkət üzrə faktiki median pensiya həddinin (yəni bütün təqaüdçülərin tam yarısının aldığı məbləğin) 420–460 manat aralığında olduğunu, dolayı rəqəmlərlə təxmin etmək olar”, – deyə N. Cəfərli əlavə edib.
