Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı yeni qaydalar hazırlayıb. Məqsəd yeni ölkələrin Aİ-yə daha sürətli inteqrasiyasını təmin etməkdir.
KONKRET.az xəbər verir ki, Brüssel namizəd ölkələrə mərhələli inteqrasiya çərçivəsində daha çox üstünlük verilməsini, eyni zamanda yeni mexanizmlərin tətbiqini təklif edir. Bu mexanizmlər həmin dövlətlər Aİ-yə qəbul edildikdən sonra islahatları dayandıracağı və ya üzərinə götürdüyü öhdəliklərdən geri çəkiləcəyi təqdirdə onların müəyyən hüquqlarını məhdudlaşdırmağa imkan verəcək.
Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos oktyabrın 6-da Strasburqda müvafiq dəyişikliklər paketinin hazırlanması barədə məlumat verib.
“Artıq Viktor Orbanlara ehtiyacımız yoxdur. Əgər Aİ-yə yeni qoşulan ölkələr qanunun aliliyi, demokratiya və ümumi dəyərlərimizi pozarsa, bizə sadəcə 7-ci maddədən daha operativ mexanizmlər lazımdır”, – Kos bildirib.
Xatırladaq ki, Aİ-nin 7-ci maddəsi üzv dövlətin müəyyən hallarda səsvermə hüququnun dayandırılması da daxil olmaqla, ciddi siyasi sanksiyaların tətbiqinə imkan verir.
Macarıstan və Polşa nümunəsi
Brüsseli yeni üzv ölkələr üçün əlavə qoruyucu mexanizmlər hazırlamağa son illərdə Macarıstan və Polşa ilə bağlı yaranmış problemlər sövq edib.
Avropa Komissiyasında xüsusilə qanunun aliliyi prinsipi və üzv dövlətlərin Aİ ilə “səmimi əməkdaşlıq” öhdəliyinin yerinə yetirilməsi ilə bağlı narahatlıqlar yaranıb.
Yeni mexanizmlərin əsas məqsədlərindən biri Aİ-yə yeni qəbul olunan ölkələrin üzvlükdən sonra demokratik və institusional islahatları dayandırmasının qarşısını almaqdır.
Ukrayna və Moldova üçün “yol xəritəsi”
Ukrayna Moldova, Albaniya və Monteneqro ilə birlikdə Aİ-yə üzvlük üçün zəruri islahatların həyata keçirilməsində ən böyük irəliləyiş əldə edən dörd namizəd ölkədən biridir.
Marta Kos bildirib ki, Avropa Komissiyası genişlənmə ilə bağlı illik hesabatın açıqlanacağı oktyabrın sonunda bu ölkələr üçün xüsusi “yol xəritələri” təqdim edəcək.
Bu sənədlərdə namizəd ölkələrin həyata keçirməli olduğu konkret islahatlar, qarşıda duran vəzifələr və üzvlüklə bağlı danışıqların başa çatdırılması üçün təxmini vaxt çərçivələri müəyyənləşdiriləcək.
Beləliklə, Avropa Komissiyası bir tərəfdən Aİ-yə namizəd ölkələrin mərhələli şəkildə İttifaqa daha yaxın inteqrasiyasını sürətləndirməyi, digər tərəfdən isə gələcək üzvlərin Aİ-nin əsas demokratik prinsiplərindən geri çəkilməsinin qarşısını alacaq daha sərt mexanizmlər yaratmağı planlaşdırır.
Ağagül Mürsəlov,
KONKRET.az
