“2018-ci ildə erməni xalqı yığılıb qalmış çoxsaylı sosial-iqtisadi və məişət problemlərini həll edə bilməyən mənfur, çürük, əyilmiş və oğurluq edən hakimiyyəti devirdi. 2023-cü il martın 31-də İrəvanda xalqı həyasızcasına aldadan Sarkisyan rejiminin devrilməsi ilə başa çatan “Mənim addımım” adlı iki həftəlik yürüşün başlamasından beş il keçir. Və 2018-ci il martın 31-də başlayan İrəvan yürüşü məntiqi olaraq Nikol Paşinyanın baş nazir seçildiyi mayın 8-də başa çatsa da, həm indiki, həm də keçmiş hakimiyyət üçün müqəddəs gün martın sonuncu günü hesab olunur. Ona görə də təəccüblü deyil ki, köhnə rejimlər və politoloqlar, eləcə də onların əlindən qidalanan media Paşinyana qarşı növbəti aktiv kampaniyaya başlayıb. İctimaiyyəti inandırmağa çalışırlar ki, həm “Mənim addımım” yürüşü, həm də “Məxməri İnqilab” amerikalıların işidir”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:
“Təbii ki, belə cəfəngiyyatlara yalnız o vaxt Ermənistanda yaşamayanlar inana bilər. Görünür, Koçaryan-Sarkisyan dəstəsini qidalandıran hakerlər bizi düşünməyi bacarmayan axmaqlar hesab edirlər. Onlar da Moskvadakı kuratorları kimi bizi inandırmağa çalışırlar ki, “məxməri inqilab”ın uğuru xarici təsirin nəticəsidir. Son zamanlar çox populyarlaşan rus povesti postsovet məkanında baş verən bütün inqilabları kənardan, ilk növbədə ABŞ-dan müdaxiləyə inandırmağa çalışır. Necə ki, bu, Ukraynada, Qırğızıstanda, Gürcüstanda baş verib və indi növbə “Rusiya Ermənistanı”na çatıb. Bunun cəfəngiyyat olduğu aydındır. Dünyanın heç bir ölkəsi, hətta ABŞ qədər qüdrətli ölkə belə əhalinin ən azı yarısının dəstəyini qazanan hökuməti devirməyə qadir deyil. Mən, təbii ki, hərbi güc tətbiq etməyi istisna sayıram”, – deyə Arşakyan vurğulayıb.

Erməni analitik Ermənistanda yaşayan vətəndaşların Koçaryan və Sarkisyan cütlüyünün həyasızcasına və sürətlə necə varlandığını gördüyünü deyib: “Onlar xalqı alçaltdılar və qarət etdilər. Sparapet və Dəmirçyan sağ olsaydı, Koçaryan və Sarkisyan çətin ki, ölkəni, xalqı diz çökdürə bilərdi. Onları buna görə aradan qaldırdılar. Hələ 2008-ci ilin fevralında insanların çoxu anladı ki, sosial-siyasi dəyişikliklər qaçılmazdır. Lakin 2008-ci il martın 1-də Koçaryan-Sarkisyan tandemi iğtişaşları və etirazları yatıraraq ordunu və şəxsi quldurları öz xalqının üzərinə yeritdi. Artıq 10 ildən sonra xalq mənfur, çürümüş, əyilmiş, oğurluq edən hakimiyyəti devirə bildi. Hansı ki, ölkədə və insanlar arasında yığılıb qalmış çoxsaylı sosial-iqtisadi və məişət problemlərini həll edə bilmirdi. Onları həll etmək üçün Sarkisyan hökumətinin rus süngülərinə arxalanaraq həyata keçirmək istəmədiyi islahatlara ehtiyac vardı”, – deyə Arşakyan bildirib.

“Sarkisyan rejiminin süqutunu qabaqcadan şərtləndirən son damla onun vədlərinin əksinə olaraq baş nazir, yəni faktiki lider olmaq fikrinə düşməsi idi. Və insanlar həyasızcasına aldandıqlarını, əzablarının hələ uzun illər davam edə biləcəyini anlayıb küçələrə çıxdılar. Paşinyan sadəcə doğru zamanda lazımi yerdə olub. 2018-ci ilin yazında o, insanların çoxunu ətrafına toplaya bildi. Ona görə də Paşinyanın qələbəsini xarici kəşfiyyatla əlaqələndirmək cəhdlərinə heç kim inanmır. Ermənistanda baş verən məxməri inqilab ABŞ-ın və ya ümumilikdə Qərbin köməyi ilə deyil, ölkə vətəndaşlarının dəstəyi ilə baş tutub”, – deyə erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
