“Ermənistanın bütün manipulyasiyalarına son qoyuldu” – ƏTRAFLIbackend

“Ermənistanın bütün manipulyasiyalarına son qoyuldu” - ƏTRAFLI

Cənubi Qafqazda hərbi-siyasi vəziyyət əvvəlki kimi gərgindir və bu gərginliyi yaradan tərəf şübhəsiz ki, Ermənistandır. Düşmən ölkə  havadarlarından aldığı tapşırıqları yerinə yetirdikcə regionda siyasi balans pozulur və bu da müharibə riskini artırır. İndi Ermənistan əzəli müttəfiqi Rusiyadan  dəstək almayınca, ona arxa çevirir və rusları ermənilərin əvəzinə vuruşmamaqda ittiham edir. Ermənistandakı anti-Rusiya ritorikası Şimal qonşumuzun diqqətindən yayınmır, bütün hərəkətləri diqqətlə izlənilir və təhlil edilir.

Dünən Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında yaranan gərginliyə münasibət bildirib. Əslində Rusiya prezidentinin fikirlərində yeni nəsə axtarmaq yersizdir. Sadəcə Vladimir Putin Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini təftiş edib və bəzi məqamlara aydınlıq gətirib.

Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Elçin Mirzəbəyli bildirib ki, Putinin dedikləri Ermənistana və bu ölkəni Cənubi Qafqazda öz maraqları üçün istifadə etməyə çalışanlara açıq şəkildə mesaj idi: “Rusiya prezidenti bəyan etdi ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyıb. Bu mesajın tərkibində o anlayış var ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün artıq bu məsələ üzərindən manipulyasiyalara yol vermək olmaz. Bu, artıq dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb edən önəmli faktordur. Digər amil isə şübhəsiz ki, beynəlxalq hüququn prinsipləri ilə bağlı olan məsələdir.

Qənaətimə görə, Rusiya prezidentinin mesajında bu amillər də yer alıb. Eyni zamanda, Ermənistan rəhbərliyinə və erməni xalqına xitabən bəyan edilir ki, artıq bu proses Azərbaycanın ərazi  bütövlüyü çərçivəsində irəliyə doğru aparılmalı, həmçinin, reinteqrasiya prosesi də bu münasibətlərin kompleks şəkildə tərkib hissəsinə çevrilməlidir. Bu kontekst Qarabağın statusuyla bağlı da xüsusi olaraq qeyd olundu. Putin qeyd etdi ki, Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib. Yəni bu, artıq müzakirə olunmayacaq məsələdir və Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqları bundan sonrakı hər hansı danışıqlarda müzakirə predmeti ola bilməz. Deməli, həm də üçtərəfli bəyanata zəmanət verən bir ölkənin rəhbərinin səsləndirdiyi fikirlər bu məsələylə bağlı Ermənistanın bütün manipulyasiyalarına son qoyur. Yəni Ermənistan bundan sonra yenə hansısa aspektdən manipulyasiyalar etsə, qütblərarası var-gəl etməyə cəhd göstərsə, bunun hər hansı perspektivi olmayacaq və proses mövcud çərçivədən kənara çıxmayacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*