“Ermənistanın müstəqilliyi daralıb, hökumət gələcək nəsillər üçün borc quyusu qazıb” – Akopjanyanbackend

“Ermənistanın müstəqilliyi daralıb, hökumət gələcək nəsillər üçün borc quyusu qazıb” - Akopjanyan

“Biz xalq olaraq bu günümüz və gələcəyimiz üçün ən vacib seçim qarşısındayıq”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb:

“İqtisadi problemlərdən başlayaq. Hakimiyyətin nikbin bəyanatlarının əksinə olaraq, 2022-ci ildə MDB ölkələri arasında ən yüksək işsizlik səviyyəsi Ermənistanda qeydə alınıb. Əhalinin 14,5 faizi işsizdir. Amma bu, rəsmi məlumatdır. Ölkədə qeyri-rəsmi işsizlik səviyyəsi daha yüksəkdir. Bir problem digərini yaradır. Belə ki,  Ermənistanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik doğum səviyyəsinə və əhalinin ölkədən getməsinə təsir göstərir. İndi ölkə əhalisinin sayı üç milyondan azdır. Bundan əlavə, vəziyyət daha da pisləşə bilər. Axı, heç kim özü və uşaqları üçün qeyri-müəyyən gələcək istəmir. Bizə minimum iqtisadi sabitlik üçün dövlət zəmanəti lazımdır. Bu isə yoxdur”, – erməni analitik vurğulayıb.

HAŞİYƏ: Artıq Ermənistanda vəziyyətin acınacaqlı olduğunu və ölkəni heç bir müsbət gələcəyin gözləmədiyini hər kəs görür. Elə bu səbəbdəndir ki, ölkəni tərk edənlərin sayı günü-gündən artır. Hökumət bu məlumatları gizlətməyə çalışsa da, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən mütəmadi bu haqda fikirlər səsləndirilir. Bir sözlə, Ermənistanı və ölkə vətəndaşlarını heç bir gələcəyin gözləmədiyi acı həqiqət kimi sadə ermənilər tərəfindən qəbul edilir.

Razmik Akopjanyanın sözlərinə görə, indiki hakimiyyətin dövründə Ermənistanın dövlət borcu 45 faizdən çox artıb və 9,97 milyard dolları ötüb. Yəni indiki hökumət gələcək nəsillər üçün borc quyusu qazıb. Bəs kiçik bir ölkə üçün bu qədər böyük xarici borc nə deməkdir? Bu, onun müstəqilliyinin daralmasıdır. Dünya görür ki, Ermənistan rəhbərliyi KTMT ilə bağlı tənqidi bəyanatlar verir, amma eyni zamanda rəsmi İrəvan bu Təşkilatı tərk etmir. Qərbdə Rusiyanın Ermənistanın təhlükəsizliyinin qarantı kimi qalması haqda bəyanatlar eşidirlər. Laçın dəhlizi məsələsində Ermənistan rəhbərliyinin yumşaqlığını görürlər. Avropa Parlamentinin mövqeyinin bizim hökumətin mövqeyindən daha cəsarətli olduğu ortaya çıxır”, – Akopjanyan bildirib.

“Biz inanırdıq ki, Paşinyan və onun komandası “Artsax”ın dünya tərəfindən tanınmasına nail olmaqla, ölkənin bütün qtisadi və demoqrafik problemlərini həll edə biləcək. Niyə inanırdıq? Çünki keçmiş hakimiyyət həyasızcasına ölkəni qarət etdi, bizi Aİ-yə yox, Putinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) sürüklədi. Bundan pis heç nə ola bilməzdi. Amma Paşinyanın hakimiyyəti dövründə biz “Artsax”ı itirmişik, geosiyasi xəritədə oyunçu kimi zəifləmişik. Tunelin sonunda heç bir işıq görmürük. Avropanın mərkəzində dəhşətli nüvə müharibəsinin real təhlükəsi olduğu bir vaxtda gələcəyə dair proqnozlar vermək sadəcə gülüncdür. Amma Ermənistanın bütün problemlərinin öz-özünə aradan qalxacağına inanmaq daha absurddur. Ermənistanı xilas etmək üçün resept əldə etməliyik. Sadəcə olaraq başqa yolumuz yoxdur”, – deyə Akopjanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*