Aprelin 12-də axşam Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında Müxalifət Platforması (OPPL) partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun əli qandallı şəklini paylaşdı. Zelenski xüsusi əməliyyat barədə məlumat verdi və bunu kifayət qədər istehzalı şəkildə etdi.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna lideri Medvedçukun saxlanmasının təfərrüatlarını daha sonra açıqlayacağını vəd etdi. Hadisədən sonra Ukrayna və Rusiya siyasətçiləri fotoşəkilləri diqqətlə araşdırmağa və öz versiyalarını səsləndirməyə başladılar. Hamı döyüşdə olan Medvedçukun üzünün tüklü yox təraşlı olmasını, alnındakı qançır izlərini və gözlərinin içinə qan topasının yığılmasını, eləcə də əyilmiş qamətini gördü. Amma üzərindəki kamuflyajın tamamilə təmiz və ütülü olması da diqqətdən qaçmadı.
Burada bir xatırlatma etmək də yerinə düşər. Belə ki, Medvedçuk 2021-ci ildən vətənə xəyanətdə və milli resursları mənimsəməkdə, habelə 2014-cü ilin sonu – 2015-ci ilin əvvəlində Donbass ərazilərindən təxminən 7,6 milyon dollar dəyərində kömür qaçaqmalçılığında ittiham olunur. Bu iddialar isə heç kəsi təəccübləndirmir. Bu, oliqarxın oğru olduğuna əminlikdən deyil, Ukrayna prezidentinə müxalif mövqedə dayanmasından və reytinqinin durmadan artmasında irəli gəlir. Çünki Medvedçuk və onun yaratdığı Platformanın Zelenskini və onun tərəfdarlarını sıxışdırmaq üçün hər cür şansı var idi.
Bu il fevralın sonunda Medvedçukun guya qaçdığı haqda məlumat yayılıb. Bundan az əvvəl isə həyat yoldaşı Oksana Marçenkonun Ukraynadan Belarusa getdiyi açıqlanıb. Oksana Marçenko Ukrayna hakimiyyətinin onların ailəsinə qarşı sanksiyalar tətbiq etməsindən sonra ərinin partiyasına qoşulduğunu elan edib. Həmin vaxtdan bəri onun haqda heç bir məlumat yoxdur.
Zelenskinin Teleqram kanalında yayılan fotoya gəlincə isə bir çoxları bunu qurma adlandırır. Bəzi ekspertlərə görə, Medvedçuk məhz fevralın 27-də evində həbs oluna bilərdi. O vaxtdan da Ukrayna xüsusi Xidmət Orqanlarının nəzarətində saxlanılan siyasətçi indi ehtiyac yarandığı anda təmiz formada cəmiyyət qarşısına çıxarılıb. Hətta jurnalist Anatoli Şariy də bu versiyanı ilk səsləndirənlərdən biri olsa da, sonradan bilinməyən səbəblərdən versiyasını təkzib edib. Jurnalist Medvedçukun ölkəni tərk etməyi bacardığını yazsa da, onun əvvəllər deyildiyi kimi Rusiya və ya Belarusa yox, macarıstana qaçdığını vurğulayıb.
Hazırda digər bir vacib sual isə Medvedçukun ukraynalı əsirlərlə dəyişdirilib- dəyişdirilməyəcəyi ilə bağlıdır. Gecə saatlarındakı videomüraciətində Zelenski Rusiyaya siyasətçini əsirlikdə olan ukraynalılarla dəyişməyin mümkünlüyü haqda təklif etdi. Lakin Kiyevdə çox az adam Moskvanın mübadilə təklifində maraqlı olacağına inanır. Zelenski bu kozırı ortaya atmaqda maraqlı görünürdü. Çünki ona Mariupolda Ukrayna millətçilərinin və dəniz piyadalarının məğlubiyyətindən diqqəti yayındırmaq lazım idi. Bunun üçün isə “böyük hadisə” baş verməliydi. Tərk edilmiş minlərlə Ukrayna hərbçisi təslim olmağa başlayanda Medvedçuk ortaya çıxdı və cəmiyyətə təqdim edildi.
İndi ekspertlər bir Ukrayna vətəndaşının (Medvedçuk – red) digər ukraynalılarla dəyişdirilməsinin qanuni olub-olmadığını müzakirə edirlər. Yeri gəlmişkən Ukraynanın eks-prezidenti Pyotr Poroşenko da Medvedçukla eyni cinayət işinə görə təhqiqat altındadır, lakin sonuncudan fərqli olaraq o, sərbəst gəzir. Bu isə müəyyən suallar doğurur.
“Zelenski Medvedçukun haradan gəldiyini izah etmədən Mariupoldakı bütün əsirləri onunla dəyişməyə hazır olduğunu söylədi. Bəs bu əsirlər kimlərdir? Yalnız ukraynalılar, yoxsa onların arasında “Azovstal”ın zirzəmilərində saxlanılan NATO zabitləri də var. Amma Ukraynadan fərqli olaraq Rusiya əsgəri feldmarşala dəyişmir. Medvedçukun görünüşü isə onun bunu bildiyini göstərir” – siyasi strateq Marat Bəşirov vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az