Etimad göstərilən nazirlər, generallar, icra başçıları qatı cinayətkara necə çevrildilər? – ÖZƏLbackend

Etimad göstərilən nazirlər, generallar, icra başçıları qatı cinayətkara necə çevrildilər? - ÖZƏL

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

İslahatlar bütün dövrlərdə, həm də bütün ölkələrdə heç də rəvan getməyib. Yəni, insanlar, cəmiyyətlər, dövlətlər bir çox hallarda səhv edə-edə, lakin səhvləri təkrar etmədən irəliləyərək müəyyən olunmuş hədəflərə yetişiblər. Bu yolda uğurlarla yanaşı itkilər də, qurbanlar da olub. Həm də bütün bunlar daha çox məhz filosofların izah etdiyi kimi inkişaf prosesinin təbiətindən və mahiyyətindən irəli gələn bir hal kimi dəyərləndirilib. Müstəqillik dönəmində Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar da bu cəhətdən istisnalıq təşkil etmir. Tarixi inkişaf və ictimai-siyasi mahiyyəti etibarı ilə xüsusi çəkisi olan elə islahatlar olub ki, onları başlamaq və uğurla sona çatdırmaq həqiqətən çox böyük qətiyyət və əzmkarlıq, bundan da daha artıq peşəkarlıq və siyasi iradə sayəsində mümkün olub. Azərbaycanda Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən torpaq islahatı, kolxoz və sovxozların islahatı buna bariz misal ola bilər. Təsəvvür edin, Azərbaycan MDB məkanında ilk olaraq bu islahatlara başladı. Başlanğıcda bir çoxlarının bu addımın gələcəyinə pessimistcəsinə inanmadığına baxmayaraq, onu uğurla başa çatdırdı. Təqdirəlayiq haldır ki, Azərbaycanda Ulu öndər tərəfindən başlanan islahatlar xətti onun siyasi varisi olan möhtərəm cənab Prezident tərəfindən bu gün də uğurla davam etdirilməkdədir. Mövzunu müsahibimiz tarix elmləri doktoru, professor, əməkdar jurnalist Qafar Cəbiyevlə davam etdiririk:

– Qafar müəllim, Azərbaycanda kadr islahatı sahəsində hansı işlər görülüb və buna nə vaxtdan başlanılıb?

– Sovet dönəmində çox geniş yayılmış belə bir tezis vardı, kadrlar hər şeyi həll edir. Əlbəttə, bu, bir qədər şişirdilmiş ifadə idi. Bununla belə, hər şeyi olmasa da, çox şeyi məhz kadrlar həll edir. Bu, keçmişdə belə olub, indi də belədir. Gəlin, etiraf edək ki, əvvəlki onilliklərdə ölkəmizdə kadr islahatları baxımından bir qədər mühafizəkar ab-hava hökm sürüb. Yəni hətta fəaliyyəti və ya fəaliyyətsiziliyi ilə bağlı geniş ictimai narazılıq olan bir çox kadrlar da nə özləri vəzifədən gedib, nə də onları buna məcbur ediblər. Amma məmnunluq hissi ilə deməliyəm ki, cənab Prezident hakimiyyətdə olduğu ilk vaxtlardan başlayaraq özünün çevik və düşünülmüş kadr siyasəti ilə bu stereotipi də aradan götürmüş oldu. Hər kəsə məlum olduğu kimi, son vaxtlar ölkədə həyata keçirilməkdə olan islahatlar, xüsusən də kadr islahatları sahəsində dinamika daha da artıb. Bir-birinin ardınca nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi yeni düşüncəli, daha təhsilli, sağlam təfəkkürlü gənclərə etibar olunmaqdadır. Bununla da idarəçiliyə yeni nəfəs gəlir. Əlbəttə, bütün bunlar təqdir olunasıdır. Amma cənab Prezidentin özünün də xüsusi olaraq qeyd etdiyi kimi, bu siyasət heç bir halda kampaniya halı almamalıdır. Unutmaq olmaz ki, yaşlı, təcrübəli, bilikli kadrlar dövlətin də, millətin də qızıl fondudur. Bu fondu siyahılardan silərək onu muzey eksponatı kimi kənara qoymaq da olmaz. Dünya praktikasına baxsaq görərik ki, inkişaf etmiş, oturuşmuş dövlətləri və onların daxili strukturunu daha çox məhz yüksək təhsilli, elmi titullu və təcrübəli insanlar idarə edir. Bu praktikadan kənara çıxıldığı ölkələrdə baş verməkdə olan əks proses və anomaliyaları doğuran səbəbləri və onların arzuolunmaz nəticələrini də təhlil etmək pis olmaz. Bu yazını hazırlayarkən Konkret.az saytının rəhbəri, dostum F.Paşayevin (Xatırladım ki, F.Paşayev illər öncə AzTV-nin Orta Asiya respublikaları üzrə xüsusi müxbiri olub) facebookda paylaşdığı belə bir qeyd diqqətimi cəlb etdi: “Özbəkistan Respublikasının sabiq prezidenti İslam Kərimov Səmərqənd şəhərində keçirilən tədbirlərin birində xarici ölkənin nüfuzu ali məktəblərində təhsil almış gəncləri təqdir etdi. Amma onu da dedi ki, dövlət işlərində belə kadrlara üstünlük verməyə tələsmək lazım deyil. Çünki o kadrlar həmin ölkələrin təhsil sisteminin və mühitinin xeyirli cəhətləri ilə yanaşı zərərli vərdişlərinə də yiyələnə bilərlər. Yaxud bu gənclər arasında xarici ölkələrin xüsusi xidmət orqanlarına cəlb edilməsi kimi təhlükəli halları da nəzərdən qaçırmaq olmaz”. Gəlin, etiraf edək ki, müstəqil illərinin kadr təyinatları zamanı tək-tük olsa da, hər halda bizdə də belə hallar oldu və yaxşı ki, hansısa ciddi fəsadlar baş vermədən həmin kadrlarla yumşaq desək elə zamanındaca vidalaşıldı.

– Bu gün kadr islahatları geniş vüsət alsa da, bəzən yeni təyin olunan şəxslər vəzifəsindən sui-istifadə edirlər. Bu kimi hallar niyə baş verir və qarşısı necə alınır?

– Dünya gör-götür dünyasıdır. Kimdə və harada yaxşı nə varsa, onu əxz etmək gərəkdir. Qürurverici haldır ki, son vaxtlar bir sıra sahələr üzrə Azərbaycan təcrübəsi dünya miqyasında təqdir və təbliğ olunmaqdadır. Sözsüz ki, ölkəmizi bu səviyyəyə qaldıran həm də Prezident İlham Əliyev və onun uğurlu kadr siyasətidir. Cənab Prezidentin kadr siyasətində başlıca meyar vəzifəyə təyin olunanların peşəkar, təvazökar, təşəbbüskar və gözütox olmalarıdır. Bəli, xalqın layiqli xidmətçisi ola bilmək üçün bu kriteriyalar həqiqətən çox vacibdir. Televiziya və mətbuatdan da bildiyimiz kimi, dövlət başçısı yeni təyinatlarla bağlı kadrları şəxsən qəbul edir, onlara tapşırıq və tövsiyələrini verir. Bunlar televiziya ekranlarında ona görə təkrar-təkrar nümayiş etdirilir ki, qoy, vəzifədə olanların da yaddaşı təzələnsin. Cənab Prezidentin hər dəfə kadr təyinatları zamanı dönə-dönə xəbərdarlıq edərək təkrarladığı bir fikri bu gün biz də yaddaşlar təzələnsin deyə növbəti dəfə təkrar etməyi lazım bildik: “Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparmalıdırlar və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq”. Amma son vaxtlar bir sıra nazirlərin, nazir müavinlərinin, yüksək rütbəli generalların və rayon icra hakimiyyəti rəhbərlərinin qanunsuz əməllərinin aşkar olunması göstərdi ki, hələ də Prezidentin təkrar-təkrar xəbərdarlıqlarını, onun tapşırıq və tövsiyələrini unudaraq “dərə xəlvət, tülkü bəy” düşüncəsi ilə yaşayanlar da var imiş. Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Gömrük Komitəsi strukturlarında, habelə Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı dövlət orqanlarında aşkar olunan və Azərbaycan cəmiyyətində böyük rezonansa səbəb olan çox ciddi korrupsiya və rüşvətxorluq faktları bunu deməyə əsas verir. Adam heç cür anlaya bilmir ki, ölkə prezidentinin etimad göstərərək çox məsul vəzifələrə təyin etdiyi, ali rütbələr verdiyi nazirlər, nazir müavinləri, generallar, icra başçıları, komitə və idarə rəhbərləri necə oldu ki, belə tez yollarını azaraq qatı cinayətkara çevrildilər?! Yəni, general da vətənə xəyanət edər?! Hər cür qanunsuzluq hallarının qarşısını almalı olan, korrupsiya və rüşvətxorluqla mübarizənin önündə getməli olan nazir, nazir müavini və icra başçılarının sonda belə bir rəzil duruma salan nə oldu?! Bu adamların nəyi çatmırdı?! Xalqının xidmətçisi olmalıykən, onları məsul vəzifələrə təyin etmiş olan ölkə prezidentinin etimadını doğrultmaq əvəzinə niyə müttəhimlər kürsüsündə olmağı seçdilər?! Bu yerdə hər şeydən öncə vətəndaş olaraq məni çox narahat edən bir neçə məqam üzərində ayrıca dayanmaq istərdim.

Birincisi, qanunsuz əməllərinə görə dəmir barmaqlıqlar arasına düşən həmin yüksək çinli kadrları sözsüz ki, təyinata qədər cənab Prezident şəxsən tanımayıb. Yəni kimlərsə həmin şəxslərin namizədliyini verərək onlara zamin durub. Cənab Prezident də məhz həmin zamin duran şəxslərə inanaraq o kadrları məsul vəzifələrə təyin edib. Fikrimizcə, keyfiyyətsiz kadrlara zamin duraraq onların bu və ya digər vəzifəyə namizədliyini irəli sürən, onları müdafiə edən vəzifəli şəxslərdən də məsuliyyət tələb olunmalıdır. Axı, necə olub ki, həmin vəzifəli şəxslər namizədliklərini irəli sürərək zamin durduqları kadrları yaxşı tanımayıblar?! Axı, necə olub ki, zamin durduqları kadrların sonrakı davranışından, əyri yolda olduqlarından xəbərsiz olublar?! Hələ heç onu demirəm ki, bütün bunlardan xəbərləri olduğu halda belə nəyə görə onları himayə etməkdə davam ediblər?! Fikrimcə, baş verənlərə digər bir müstəvidə də yanaşmağa lüzum var.

Yəqin ki, yolunu azan nazirlərin, nazir müavinlərinin, icra başçılarının və digər şəxslərin törətmiş olduqları qanunsuz hərəkətlərlə bağlı zamanında hüquqları pozulan hüquqi və fiziki şəxslər tərəfindən aidiyyəti dövlət orqanlara çoxsaylı müraciətlər olub. Bəs, o müraciətləri araşdırmayaraq gizlədən, ört-basdır edən, necə deyərlər “əl-əli yuyar, əl də üzü” fəlsəfəsi ilə işləyən, bununla da vəzifə səlahiyyətlərini aşaraq özbaşınalıq edən şəxslərin vaxtında ifşa olunmasını əngəlləyən digər vəzifəli şəxslərin prinsipsiz mövqeyini necə izah etməli? Yəqin ki, onların da sorğu-sual edilməsi pis olmazdı.

– Bir çox hallarda korrupsiya və rüşvətxorluğa görə həbs edilən məmurların məhkəmələri qapalı keçirilir. Sizcə bunun səbəbi nədir və nə dərəcədə doğru yanaşmadır?

– Hesab edirik ki, dövlət idarələrindəki dəbdəbəli kabinetlərdə pozğunluq, əyyaşlıq, əxlaqsızlıq edənlərin, xalqın və dövlətin əmlakını talayanların məhkəmə araşdırmaları da başqaları üçün dərs olsun deyə açıq olmalı və geniş ictimaiyyət də bu barədə məlumatlarımalıdır.

Fikrimizcə, qanunsuzluq və özbaşınalıq hallarının geniş yer aldığı ərazilərdən seçilmiş millət vəkillərinin baş verənlərə ən azı seyirçi, biganə və laqeyd münasibətinin nədən qaynaqlandığını da araşdırmağa dəyər. Necə ola bilər ki, vaxtaşırı seçiciləri ilə görüşdüklərini guya onların arzu, təklif və şikayətlərini müvafiq dövlət orqanlarına çatdırdıqları barədə mediada ağız dolusu “hesabat” verən millət vəkilləri davamlı olaraq onların gözləri önündə törədilən özbaşınalıq və cinayətlərdən xəbərsiz olublar?! Digər dövlət orqanları necə?!

Həmin orqanların rəhbərləri, digər vəzifəli şəxsləri xidməti ərazilərində nələr baş verdiyindən zamanında nə əcəb xəbər tutmayıblar? Heç kəsə sirr deyil ki, əksər rayonlarda prokuror, polis rəisi, məhkəmələr az qala bütün günü öz icra başçıları ilə bir yerdə olurlar. Yəni onlar rayon rəhbərlərinin və onun tabeliyində işləyən digər vəzifəli şəxslərin hərəkət və davranışlarını və buna qarşı olan çoxsaylı vətəndaş narazılıqlarını görməyiblər?! Belə çıxır ki, ya bu adamlar tutduqları vəzifənin mahiyyətini və məsuliyyətini dərk etmir, yaxud onlara da elə bu cür sərf edir. Bunun başqa izahı yoxdur. Burada bir haşiyəyə çıxmaq istərdim. 90-cı illərin sonu – 2000-ci illərin əvvəllərində 10 ildən artıq bir müddətdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri işləmişəm. Xidməti ərazimə daxil olan 5 rayonda demək olar ki, bütün sahələr üzrə işlərin nə yerdə olduğunu hər kəsdən daha yaxşı bilirdim. Çünki, öz işimlə yaşayırdım, onun məsuliyyətini dərk edirdim. Neqativ halları, onu doğuran səbəbləri vaxtaşırı olaraq mətbuata çıxarırdım. İctimailləşdirilməsi məsləhət bilinməyən elə məqamlar olurdu ki, onlar barəsində də müvafiq orqanları məlumatlandırırdım. Şəkinin sabiq icra başçısı Nəzir Əhmədovun qanunsuz hərəkətləri barədə silsilə yazılarla çıxış edərkən rayon prokuroru Vilayət Zahirov və MTN-nin rayon şöbəsinin rəisi İsrayıl Rəsulov istisna olmaqla əksər vəzifəli şəxslər başçının tərəfini saxlayaraq məndən uzaq qaçırdılar. Ən çirkin üsullardan belə istifadə etməklə mənə təzyiq göstərirdilər. Elə hallar olurdu ki, hətta təmsil olunduğum qəzetin rəhbərliyi də mənə qarşı gedirdi. Amma bütün bunlar məni mübarizədən çəkindirmədi. Nəhayət, Şəkidə işlərin nə yerdə olduğu barədə yazdıqlarım etibarlı kanallar vasitəsilə bir daha araşdırıldıqdan sonra Ulu öndər Heydər Əliyev bu sahəyə cavabdeh olan yüksək çinli məmurlara çox ciddi irad bildirərək, – “Heç birinizin Şəkidən xəbəriniz yoxdur, gedin oraya yeni icra başçısı təyin olunması barədə təklif hazırlayın”, – demişdi. İndi sual olunur, əgər, ölkə Prezidentinin qətiyyəti, siyasi iradəsi və çağrışları olmasaydı, nəhayət, DTX da bu biabırçılıqların üstünü açmasaydı, onda necə olacaqdı?! Yeri gəlmişkən, DTX-nın son vaxtlar yüksək rübtəli məmur korpusu içərisində yer alan korrupsiya və rüşvətxorluq hallarının aşkar olunaraq ifşa olunması sahəsindəki prinsipial mövqeyi respublika ictimaiyyəti tərəfindən birmənalı olaraq bəyənilir və müdafiə olunur. Hesab edirəm ki, DTX-nın bu sahədəki prinsipial mövqeyi digər dövlət orqanlarına da nümunə olmalıdır. Odur ki, həmin orqanlar da bu kontekstdə öz fəaliyyətlərini çox ciddi şəkildə təhlil etməli və işlərində dönüş yaratmalıdırlar. Əfsuslar olsun ki, bir sıra hallarda qanun keşikçilərinin özləri də cinayətkar ünsürlərlə əlbirlik edirlər. Onu da etiraf etməliyik ki, bu günün özündə belə respublikanın bəzi dövlət orqanları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, elmi idarələr və ali təhsil müəssisələrinin işində də çox ciddi korrupsiya və rüşvətxorluq hallarının kök saldığına dair faktlar və siqnallar var.

– Necə düşünürsüz, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən mübarizə öz bəhrəsini verirmi?

– Korrupsiya və rüşvətxorluq bütün dövrlərdə və bütün ölkələrdə olub. Azərbaycan da bu cəhətdən istisna deyil. Amma ədalət naminə onu da etiraf etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dönəmdən başlayaraq, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı sözün əsl mənasında müharibə elan olunub. Cənab Prezident İlham Əliyev isə necə deyərlər korrupsiya və rüşvətxorluqla mübarizədə sinəsini qabağa verərək özü sahibkarlara, iş adamlarına, bütövlükdə ölkə vətəndaşlarına arxa-dayaq olduğunu təkrar-təkrar bəyan edib. Bu cür halların kökünün kəsilməsi üçün davamlı olaraq qətiyyətli tədbirlər görülüb. Bir sözlə, artıq Azərbaycanda bu qəbildən olan neqativ halların baş verməsi üçün demək olar ki, zəmin qalmayıb. Baş verən tək-tək hallar isə dövlət tərəfindən sonadək qətiyyətlə ifşa olunmaqdadır. İnanırıq ki, son vaxtlar dövlət orqanlarının birbaşa ölkə Prezidentinin tapşırığı və dəstəyi ilə bu istiqamətdə həyata keçirmiş olduğu qətiyyətli tədbirlər hər kəsə dərs olacaqdır. Öz fəaliyyətində dönüş yarada bilməyənlər əmin olsunlar ki, əgər bu cür davam edərlərsə onların da qapısını tez-gec DTX əməkdaşları döyməli olacaqlar.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*