“EUObserver” (Belçika): “Putin niyə Ukrayna böhranına ehtiyac duyur?”backend

"EUObserver" (Belçika): "Putin niyə Ukrayna böhranına ehtiyac duyur?"

“Rusiya qəfildən Ukraynada genişmiqyaslı müharibəyə hazırlaşmağa başlayıb, amma prezidenti Vladimir Putin həqiqətən nə istəyir?”

KONKRET.az xəbər verir ki, qərb mediası Ukraynadakı NATO strukturlarının fəallaşması fonunda Rusiya ilə bağlı yazılarını intensivləşdirib.

Belçikanın tanınmış nəşrlərindən biri olan “EUObserver”in hazırladığı məqalədə deyilir ki, Kreml Ukrayna ilə sərhəddə münaqişəni qızışdırmaqda əsas günahkardır.

“Müharibə olacaq, ya yox? Gözləyək görək. Qərbdə bunun üçün nə edəcəklərini bilmirlər”, – deyə hərbi ekspert Pavel Felqenhauer bildirib. “Rosbalt” nəşrinin jurnalistləri ondan Kremlin müharibə istəyinin əsas səbəbini soruşub. Pavel Felqenhauer isə deyib ki, “Bir aydan sonra müharibə mütləq baş verəcək. Təxminən may ayının əvvəlində silahlar danışacaq”. Felqenhauerə görə, Rusiyanın işğal olunmuş Krım yarımadasında böyük tank briqadası var. Eləcə də bu ölkənin Donbas və Luqansk bölgələrində hərbi birləşmələrinin sayı artırılıb. Rusiya qüvvələri Ukraynanın şərqindəki təmas xəttinin yaxınlığında hərbi əməliyyatların artması fonunda sərhəddə cəmləşir ki, bu da müdaxilə üçün bəhanə ola bilər.

Məqalədə vurğulanır ki, Brüssel baş verənlərdən çox narahatdır. “Bizim kəşfiyyat məlumatlarımıza görə, Rusiya öz vətəndaşlarını qorumaq adı altında ordusunu bu bölgələrə yerləşdirməyə hazırlaşır”, – deyə Ukraynanın Avropa Birliyindəki səfiri Nikolay Toçitski bildirib.

Litva xarici işlər naziri Qabrielius Landsberqis isə müsahibəsində vurğulayıb ki, Avropa Birliyi Ukraynaya görünməmiş yardım etməlidir. Əks təqdirdə Ukraynada Gürcüstan senarisi təkrarlana bilər.

Kreml Rusiya qoşunlarının səfərbər olunması ilə bağlı heç bir açıqlama verməyib. Felqenhauer isə bunu belə izah edib: “Rusiyanın susması çox qorxulu görünür. Putin, deyəsən, Ukraynanı yenidən fəth etmək istəyir. Çünki Rusiya İmperiyasının bərpası Ukrayna olmadan heç vaxt tamamlanmayacaq. Bu, Putinin xəyalıdır. Felqenhauerə görə, Putin Ukraynanı Berdyansk, Mariopol və Odessa kimi limanlarını ələ keçirməklə tam işğal edə bilər.

Putin bununla Moldovanın Rusiya tərəfindən işğal olunmuş bölgəsi olan Dnestryanıya bir dəhliz də qoya bilər. Felqenhauer başqa iddianı da səsləndirib.

Onun sözlərinə görə, Putin ola bilər ki, bu addımı ilə sadəcə Avropa və Ukraynanı bəzi güzəştlərə getmək üçün qorxutmağa çalışır. Putinin prezident Co Baydenin yeni administrasiyasının gücünü sınaması da mümkündür.

NATO-nun yüksək vəzifəli məmuru Cem Şinin sözlərinə görə, Kreml “Fransa və Almaniyanın Zelenskiyə təzyiq göstərməsini istəyir. Ona görə də müharibənin çox real bir seçim olduğu təəssüratını yaratmağa çalışır. Həmçinin Putin dəqiqləşdirmək istəyir ki, Amerika eskalasiyaya hazırdır, yoxsa status-kvoya sadiq qalacaq? Tammiqyaslı qarşıdurma təhlükəsi ABŞ-ın Kiyevə verdiyi hərbi yardım miqdarını artıra və ya azalda bilərmi?”.

Məqalədə vurğulanır ki, Putin istəsə belə, Ukraynanın bir hissəsini zorla əldə saxlaya bilməyəcək. Çünki müqavimət bu dəfə daha güclü olacaq və Rusiya üçün bu, uzunmüddətli yüksək xərclər hesabına başa gələcək.

Analitik materialda qeyd edilir ki, ötən müddət ərzində Ukrayna ordusu böyük ölçüdə güclənib və lazımi döyüş təcrübəsi qazanıb. Putinin başqa niyyəti də var. Belə ki, gələcək hadisələr beynəlxalq diqqəti həbsdə olan və səhhəti pisləşməyə davam edən Aleksey Navalnı kimi rus müxalifət fəallarının taleyindən yayındıra bilər.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə yanaşı, insan haqları pozuntuları, qadağan edilmiş kimyəvi silahların istifadəsi və kiber hücumlarla əlaqədar onlarla Rusiya rəsmisinə qarşı sanksiya tətbiq edilib. Bundan əlavə, Avropa Birliyi bəzi Rusiya bankları və enerji şirkətləri ilə iş aparmağı məhdudlaşdırıb.

“Avropa Birliyinin Navalnı ilə əlaqədar tətbiq etdiyi sanksiyalarla müqayisədə Rusiyanın Avropanı həqiqi bir müharibə ilə hədələməsi daha çox “ağcaqanad sancması” kimi görünür”.

Bu fikirlər isə Ukrayna prezidentinin keçmiş müşaviri və Avropa İttifaqındakı səfiri Konstantin Yeliseyevin EUObserver-ə verdiyi müsahibədən götürülüb. Yeliseyevə görə, Putin Almaniyanın “Şimal axını 2” qaz kəmərinin tikintisini azaldacağından və ya Avropa Birliyinin Rusiyanı beynəlxalq SWIFT ödəmə sistemindən ayıracağından qorxsaydı, iki dəfə düşünərdi. Lakin Avropa Birliyinin Ukrayna xalqına “üzv olmaq imkanı” verməsi və NATO-nun Ukraynanı dəstəkləməsi bu dəfə olduqca ciddidir: “Bu, Rusiya üçün ən böyük bir uğursuzluq olacaq”. Müttəfiqlər Ukraynanı dəstəkləsə də, müharibədən sonra (əgər olacaqsa-red) daha çox islahatlar – korrupsiyaya qarşı mübarizə və məhkəmə sisteminin yenidən qurulmasına yönəldilmiş islahatlar – bölgədə daha sabit bir mühit görmək istəyəcəklər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*