Ev bölünmürsə, pulu necə bölünür? – Miras qalan evi satmaq istəyənlərin nəzərinəbackend

Ev bölünmürsə, pulu necə bölünür? - Miras qalan evi satmaq istəyənlərin nəzərinə

Varislər arasında miras qalan evin satışı məsələsi tez-tez mübahisə doğuran hüquqi mövzulardan biridir. Qanunvericiliyə görə, əgər daşınmaz əmlak bir neçə varisə məxsusdursa, həmin əmlak onların ümumi paylı mülkiyyəti hesab olunur. Bu halda isə varislərdən biri təkbaşına evi tam şəkildə sata bilməz. Bu baxımdan, belə hallarda həm tərəflər arasında razılaşma, həm də hüquqi prosedurların düzgün icrası mühüm əhəmiyyət daşıyır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, qanunvericiliyə əsasən, paylı mülkiyyət münasibətlərində pay sahiblərinin üstünlük hüququ mövcuddur:

“Yəni, əgər daşınmaz əmlak bir neçə şəxs arasında bölünübsə və onlardan biri öz payını satmaq istəyirsə, ilk növbədə həmin payı digər payçılara təklif etməlidir. Bu, onların qanunla qorunan üstünlük hüququndan irəli gəlir və pay üçüncü şəxslərə birbaşa satıla bilməz.

Mülki Məcəllənin tələbinə görə, pay sahibi digər payçılara rəsmi qaydada müraciət etməli və onların qərarını gözləməlidir. Bu müddət adətən 45 gün təşkil edir. Əgər göstərilən müddət ərzində digər payçılar payı almaqdan imtina edərsə və ya cavab verməzsə, bundan sonra pay sahibi öz payını üçüncü şəxslərə sata bilər”.

Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

Vəkil deyib ki, əgər payçılar arasında razılıq əldə olunmursa və payın sərbəst şəkildə satılması mümkün olmursa, bu zaman tərəflər arasında mübahisəli məsələ məhkəmə qaydasında həll edilə bilər:

“Pay sahibi məhkəməyə müraciət edərək öz payının satılmasını tələb edə bilər. Əgər əmlak fiziki olaraq bölünə bilmirsə və ya tərəflərin birgə istifadəsi mümkün deyilsə, bu zaman əmlakın satışa çıxarılması və əldə olunan vəsaitin payçılar arasında bölüşdürülməsi qərarı verilə bilər. Bu yanaşma yalnız daşınmaz əmlaka deyil, eyni zamanda bölünməsi mümkün olmayan digər əmlak növlərinə də şamil olunur”,- deyə o qeyd edib.

Yəni, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*