“Ey insanlar, gördüyünüzə inanmayın! – Sən də onun tayısanmış, Hadı-Bıdı”backend

“Ey insanlar, gördüyünüzə inanmayın! - Sən də onun tayısanmış, Hadı-Bıdı”

Həyatda rahat və vicdan əzabı çəkmədən yaşamağın ən məqbul yolu əxlaqi dəyərlərə və yüksək mənəviyyata sahib olmaqdan keçir. Elə məşhur filosof və mütəfəkkirlər Konfutsinin “Müdrik adam özünə rəva görmədiyini başqasına da rəva gorməz” və ya Mövlanə Cəlaləddin Ruminin “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün” kəlamları bəşər övladını bu cür yüksək mənəviyyata sahib olmağa çağırışdır.

Tariximizdə bu dəyərlərə sahib olan şəxsiyyətlər az olmayıb. Lakin müasir dövrümüzdə ümumi əxlaqi dəyərlər kompleksinə yiyələnən insanların getdikcə azalması böyük bəlaya çevrilib. Əgər belə olmasaydı, barələrində həbs qətimkan tədbiri seçilən “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev bütün cahanı qorxu altında saxlayan, insanları təcrid vəziyyətində yaşamağa vadar edən ölümcül koronavirusa yoluxan xəstələrdən rüşvət qoparmazdılar.

44 günlük Vətən müharibəsində canını fəda etməkdən qorxmayaraq döyüş meydanına atılan, erməni işğalçılarının torpaqlarımızdan rədd edilmələri üçün vuruşan və yaralandıqlarına görə əlil vəziyyətinə düşən Azərbaycan əsgəri və zabiti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən öz pozulan haqqını tələb etmək məcburiyyətində qalmazdı.

Böyük azərbaycanlı Heydər Əliyevin və tərəfdarlarının müqayisəyə gəlməyən əziyyət bahasına qurduqları Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının 76 yaşlı sədri (dünən bu vəzifədən rədd edildi), Milli Məclisin sabiq deputatı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin “Neftin, qazın nəqli və saxlanması” kafedrasının müdiri (dünən bu vəzifədən çıxarıldı) Hüseynbala Mirələmov biabırçı (binamus!) hərəkətə yol verməzdi və özünü fəxrlə ziyalı, yazıçı, alim adlandıranın utancverici görüntüləri internetdə yayılmazdı.

Mirələmovun pozğun hərəkətini beyni çaşmış qocanın səfehliyi kimi də qələmə vermək olar. Bəs onun məşhur ziyalı sayılan müdafiəçilərini necə adlandıraq?! Xalq şairi Nəriman Həsənzadə onu “yaxşı kişi” sayır. Digər xalq şairi və “əbədi” deputat Sabir Rüstəmxanlı isə konkret pozğunluğa “xırda şey” deyir. Yəqin, öz “iri” hərəkətləri ilə müqayisə edir… Ba-ba-lı Sabirin boynuna!

Deputatlıq dövründə həmişə qeyri-adekvat düşüncəsi ilə fərqlənmiş Hadı Rəcəbov isə birdən video materialları üzrə ekspertə çevrilərək yazını montaj kimi qiymətləndirdi. Hüseynbalanın badına gedən Hadı həm də ilahiyyatçı imiş: “Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər…”. Yəni, ey insanlar, gördüyünüzə inanmayın. Sən də onun tayısanmış, Hadı-Bıdı!

Bilirsinizmi, ölkəmizdə koronavirusdan ölənlərin sayı II Qarabağ savaşında həlak olan şəhidlərin sayından daha çoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənə olan məlumatına görə, indiyədək 4124 nəfər bu bəladan vəfat edib. Ölməyə namizədlərdən rüşvət almaq sözün bitdiyi yerdir! Nə yaxşı ki, dövlətimiz bu cür məqamda qətiyyətli davranıb, maddi nəfslərinin qurbanı olan, Hippokrat andını tamamilə unudan baş həkimləri layiq olduqları yerə göndərib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin önündə qazilərin aksiyasına gəlincə, bu, ilk belə hal deyil. Artıq xeyli müddətdir ki, nazir Sahil Babayevin rəhbərlik etdiyi dövlət qurumundan çox narazılıq var. Əlil övladlarına qulluq edən valideynlərdən tutmuş, pensiyaçılara, qazilərə qədər hər kəs nazirliyin tibbi-sosial ekspert və reabilitasiya komissiyalarının özbaşınalığından dad çəkir. Elə dünən nazirliyinin tabeliyindəki 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov (nazirlik iddia edir ki, həmin şəxs ötən il vəzifəsindən kənarlaşdırılıb) barədə həbs qətimkan tədbirinin seçilməsi də həmin komissiyaların fəaliyyətində neqativ halların mövcud olduğunu sübut edir. Bu, hələ bir həlqədir, görün bütün komissiyaların tam yoxlanılması hansı nöqsanları üzə çıxara bilər…

Vətənimizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə yaralanmış qazilərimizin hansısa dövlət məmurunun məsuliyyətsizliyi ucbatından nazirliyin önündə etiraza qalxmağa sövq edilməsi qalib dövlətimizin imicinə arxadan vurulan zərbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qalib ordumuzun hərbçisini zavallı və çarəsiz duruma salmağa heç bir nazirliyin haqqı yoxdur. Bizim əmin-amanlıq içində və rahat yaşamağımız naminə sağlamlığını itirmiş qazilərin qarşısında qapılar taybatay açılmalıdır.

Xatirinizdədirsə, ötən il sentyabrın 30-da Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərə baş çəkmişdilər. Görüş zamanı İlham Əliyev yaralı qazilərimizin cəbhədəki qəhrəmanlığı ilə qürur duyduğunu və dövlətin onların yanında olduğunu birmənalı şəkildə nəzərə çatdırmışdı: “Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”.

Məgər nazir Sahil Babayevin dövlət başçımızın bu qətiyyətli mövqeyindən xəbəri yoxdur? Əgər yoxdursa, internetdən oxusun, varsa, amma ona uyğunlaşmırsa, bu, ikiqat ayıbdır. Çünki heç bir dövlət məmurunun cəmiyyəti, xüsusilə də qaziləri Prezident İlham Əliyevdən narazı salmağa ixtiyarı yoxdur. Məhz Sahil Babayev kimi məsuliyyətsiz  məmurların ucbatından xaricdən yayımladıqları internet kanallarında işi-gücü Azərbaycan hakimiyyətini təhqir etməkdən, imicinə xələl gətirməkdən ibarət olan yutuberlərə daha bir fürsət verildi.

Bunların fonunda isə ermənilər bütün sahələr üzrə Azərbaycana qarşı təxribatlarını davam etdirirlər.

Azərbaycan–Ermənistan dövlət sərhədində hərbi təxribatlar törədilir, AŞPA-da azərbaycanlı deputatlar ermənilərin Azərbaycana qarşı əsassız iddialarının qarşısını almağa çalışırlar, Müdafiə Nazirliyimiz II Qarabağ müharibəsində itkin düşmüş 24 nəfər hərbçimizin axtarışını davam etdirir, qardaş Türkiyə aprelin 24-də ABŞ prezidenti Cozef Baydenin qondarma və saxta erməni soyqırımı ilə bağlı hansı bəyanatla çıxış edəcəyini gözləyir… Bir sözlə, Azərbaycanın və Türkiyənin düşmənləri iş başındadır, bizim cəmiyyətin bəzi ünsürləri isə hoqqabazlıqla məşğuldur.

Bəlkə, bir-birimizə sözdə deyil, əməldə dəstək olmaqla özümüzü, xalqımızı və dövlətimizi də qoruyaq?! Konfutsinin dediyi kimi, özümüzə rəva görmədiyimizi, cəmiyyətimizə də rəva görməyək. Axı, çətin iş deyil. Yalnız qeyrət lazımdır!

Xatirə SADİQ

KONKRET.az

  • Ali
    Aprel 23, 2021 - 15:39

    ALLAH bunları əlliyə qoşsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*