Faşist diktatorun qalıqları eksqumasiya olundu – FOTObackend

Faşist diktatorun qalıqları eksqumasiya olundu - FOTO

Mütəxəssislər Madrid yaxınlığındakı “Həlak olanlar vadisi” adlı qəbiristanlıqda basdırılan ispan diktatoru Fransisko Frankonun qalıqlarını çıxarıblar. KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya hökuməti bu gün məlumat yayıb.

Qeyd edildiyi kimi, prosedur yerli vaxtla təxminən 10:30-da (Bakı vaxtı ilə 12:30) başlayıb. Son məlumata görə, Frankonun cəsədinin olduğu tabut artıq qəbirdən çıxarılıb. Tabutu çıxarmaq üçün mütəxəssislər qəbir örtüyünü əhatə edən yarım ton ağırlığında mərmər plitəni kənara çəkməli olublar.

Diktatorun qalıqları 1988-ci ildə həyat yoldaşı Karmen Polonun dəfn olunduğu El Pardo şəhərindəki Minqorrubio qəbiristanlığındakı ailə sərdabəsində dəfn ediləcək.

Frankonun qalıqlarının çıxarılması və onların yenidən torpağa verilməsi barədə qərar İspaniya parlamenti tərəfindən 2018-ci ilin sentyabrında qəbul edilmişdi. Bundan əvvəl qalıqların təhvil verilməsi İspaniya cəmiyyətində və parlamentində dəfələrlə müzakirə olunmuşdu.

“Həlak olanlar vadisi”nin yaradılması 1936-1939-cu illər vətəndaş müharibəsindən sonra başlamışdı. Franko həm tərəfdarlarını, həm də rejiminin əleyhdarlarını orada dəfn etməyi əmr etmişdi. Buna baxmayaraq, 2007-ci ildə İspaniyada qəbul edilən “Tarixi yaddaş” haqqında Qanundan sonra qəbiristanlıq frankizm qurbanlarının abidəsinə çevrildi. Liderin adını daşıyan küçələrin adı dəyişdirildi, heykəlləri isə söküldü.

1936-cı ildə Fransisko Franko hərbi çevriliş edərək Nasist Almaniyasının və Faşist İtaliyasının dəstəyi ilə respublika hökumətinə qarşı vətəndaş müharibəsinə başlamışdı. Müharibəni qazandıqdan sonra İspaniyada sağçı totalitar rejim qurmuşdu. II Dünya Müharibəsində İspaniya neytrallığını qorumağa çalışırdı, ancaq müharibədən sonra Franko bir çox qaçqın nasist cinayətkarlarına ölkədə sığınacaq vermişdi. Franko rejiminin siyasi əleyhdarlarına qarşı repressiyalar 1975-ci ildə onun ölümünə qədər davam etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*