Finteklər nə qədər təhlükəsizdir?backend

Finteklər nə qədər təhlükəsizdir?

“Son illərdə ölkəmizdə bir çox kiberdələduzluq halları məhz fintek platformalarının biznes boşluqlarından istifadə edərək baş verib. Xüsusilə kommunal, dövlət və cərimə ödənişləri istiqamətində kiberdələduzlar eyniləşdirilmiş saxta ödəniş saytları vasitəsilə vətəndaş məlumatlarını ələ keçirərək istifadəçiləri çaşdırmış və onları qurban halına gətirmişdir. Həmçinin bank tətbiqləri üzərindən baş verən kiberdələduzluq halları ölkəmizdə günü-gündən artmaqdadır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib.

O qeyd edib ki, fintek platformalarının bəzi üstünlükləri var:

“Rəqəmsal iqtisadiyyatın alətlərindən biri olan fintek platformaları/tətbiqləri ənənəvi banklarla müqayisədə bəzi üstünlüklərə malik olsa da, müəyyən risklər də mövcuddur. Maliyyə sektorunda texnoloji tərəqqi sürətlə inkişaf edir və innovativ həllər çoxalır. Onlayn banklar və finteklər müştərilərə daha sürətli və rahat xidmətlər təklif edir. Mütəmadi olaraq yeni startaplar və bankların yeni rəqəmsal alətləri ilə tanış oluruq. Finteklərin ənənəvi banklarla müqayisədə əməliyyat xərcləri daha aşağıdır, bu da müştərilərə daha yaxşı faiz dərəcələri və xidmətlər təqdim etməyə imkan verir”.

Ekspert risklər haqda da danışıb:

“Finteklər biznes proseslərində müştəri məmnuniyyəti əldə etmək üçün maksimal rahatlıq təmin etməyə çalışır, bu da müəyyən risklərin yaranmasına səbəb olur. Yəni onlayn banklar və finteklər ənənəvi banklar qədər təhlükəsizlik və nəzarət mexanizmləri ilə tənzimlənmir, bu da bəzi hallarda müştərilərin vəsaitlərinin təhlükəsizliyini sual altına qoyur. Həmçinin kiberhücumlar və texniki nasazlıqlar bu platformaların fəaliyyətinə mənfi təsir göstərə bilər. Tövsiyə edirəm ki, xaricdə yerləşən onlayn banklardan və finteklərdən istifadə edərkən ehtiyatlı və diqqətli olsunlar və müxtəlif platformalar arasında vəsaitlərini bölüşdürsələr, risklərini azaltmış olarlar”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*