Məktəb dövrü uşağın həm fiziki, həm də zehni inkişafının ən aktiv mərhələsidir.
KONKRET.az xəbər verir ki, günün böyük hissəsini məktəbdə keçirən uşağın diqqətini cəmləməsi, dərsdə fəal olması və tez yorulmaması birbaşa onun nə ilə qidalanmasından asılıdır. Ağ çörək əvəzinə tam taxıllı və ya çovdar çörəyindən hazırlanmış sendviçlər, lavaş ruletləri kimi seçimlər uşağın qan şəkərini stabil saxlayır və dərsdə diqqətini yayındırmır.
Zülal uşağa uzunmüddətli enerji verir və tez acmasının qarşısını alır. Ona görə, qaynadılmış yumurta, qızardılmamış toyuq və ya hinduşka əti, ev üsulu pendir dilimləri və ya kəsmik sağlam seçimlər ola bilər. Dilimlənmiş pomidor, xiyar, kök, alma, banan və ya giləmeyvələri isə uşağın rahat yeyə biləcəyi ölçüdə doğramaq vacibdir. Bir ovuc qovrulmamış qoz, fındıq, badam və ya xurma, ərik kimi qurudulmuş meyvələr Omeqa-3 və mineral baxımından zəngindir, beynin fəaliyyətini stimullaşdırır.
Yemək çantasını uşaq üçün vizual olaraq cəlbedici edin. Rəngarəng tərəvəzlər, maraqlı bölməli lançbokslar uşaqda ev yeməyinə həvəs yaradır. Çantaya mütləq kiçik bir şüşədə sadə su qoyun. Unutmayaq ki, sağlam qidalanan uşaq — daha diqqətli, daha enerjili və daha uğurlu şagird deməkdir.
