Fransa Senatı dünyanı özünə güldürdü – Məntiqsizlik sindromu öz işini görürbackend

Fransa Senatı dünyanı özünə güldürdü - Məntiqsizlik sindromu öz işini görür

Bir nəfər düşüb kənbəkənd, şəhərbəşəhər gəzir. Soruşanda “nə axtarırsan”, deyirmiş ki, həqiqəti axtarıram. Uzun müddət dolaşdıqdan sonra gəlib bir məbədə çıxır. İçəri girib görür ki, hər yer dağınıq, tozun içərisindədir. Baxır ki, bir tərəfdə nəsə var, üstünü örtüblər. Gəlib örtüyü çəkir. Görür ki, örtüyün altında çox eybəcər bir varlıq var. Soruşur ki, sən kimsən? O da deyir ki, mən həqiqətəm. Adam bir addım geri çəkilib deyir:

– Sən nə eybəcərsən? Mən indi insanlara necə deyim ki, sən belə eybəcər və qorxulusan, axı kimsə mənə inanmaz.

Cavab çox sadə olur:

– Sən onlara yalan de. Söylə ki, həqiqət çox gözəldir. Onda sənə inanacaqlar.

Rəsmi Paris həqiqəti gizlədir. Həqiqətə pərdə çəkir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Senatda ermənipərəst senatorların iddiası ilə qaldırılan məsələyə veto qoymur. O, bunu demokratiyanın mövcudluğu ilə izah etməyə çalışsa da, alınmır. Çünki veto qoya bilərdi. Amma qoymadı. Əvəzində Fransa Xarici İşlər Nazirliyinə tapşırıldı ki, Dağlıq Qarabağın müstəqilliyini tanımanın əleyhinə çıxsın. Əlbəttə ki, bu, ikili oyundur. Yəni senatın qərarı dövlətin mövqeyi ilə uzlaşmır.

Ancaq niyə uzağa gedək ki! Elə sentyabrın 27-dən etibarən prezident Emmanuel Makron Qarabağ münaqişəsi üzrə vasitəçiliyə uyğun hərəkətlərə yol vermirdi, unudurdu ki, o, bir vasitəçi ölkənin prezidentidir. Lakin onun timsalında rəsmi Paris Azərbaycana qarşı qərəzli mövqe sərgilədi. Fransa senatının bir qrup üzvü Dağlıq Qarabağdakı qondarma, cinayətkar rejimin tanınması ilə bağlı Senata təqdim etdiyi qətnamə layihəsi noyabrın 25-də qəbul edildi. Erməni lobbisinin təsirindən çıxa bilməyən dairələr xunta rejiminə müxtəlif formalarda dəstək verməyin nəticələrini isə hesablaya bilmədilər.

Qanunsuz rejimin tanıdılması ilə bağlı qətnamə, Senatın əsas siyasi qruplarına rəhbərlik edən 5 senator tərəfindən irəli sürülmüşdü. Bu həmin senatorlardır ki, erməni lobbisi tərəfindən maliyyələşdirilir. Qətnamə layihəsində iddia olunur ki, Dağlıq Qarabağ ermənilərinin, bölgədəki tarixi, mədəni abidələrin aqibəti təhlükədədir və bu böhranın qarşısının alınmasının yeganə yolu qondarma rejimin beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır. Yəni məntiqsizliyin, arqumentsizliyin son həddi. Hansısa abidəyə görə dırnaqarası respublika necə tanına bilər? Bütün bunlar sadəcə istəyə nail olmaqdır. Əlbəttə ki, dırnaqarası istəyə. Bütün hallarda Fransanın bu cəhdləri onun tərəf tutduğunu, məsələyə qərəzli yanaşdığını göstərir. Halbuki bu, münaqişənin həllində vasitəçi olan ölkə üçün qəbuledilməzdir.

Fransada belə zərərli təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar. Görünür ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdüyü təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransanın dünyanın fərqli bölgələrində reallaşdırdığı ekspansionist siyasətini Cənubi Qafqazda da həyata keçirməyə cəhd etməsi, bu ölkənin demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha göz önünə sərir.

Rəsmi Bakı isə Fransanı öz vətəndaşlarının qanunsuz hərəkətlərini araşdırmağa çağırdı. Azərbaycanın Fransadakı səfirliyinin kommunikesində bildirildi ki, aidiyyatı orqanlar, fransız və qeyri-fransız Fransa vətəndaşlarının ermənilərlə çiyin-çiyinə döyüşməsini, Azərbaycan torpaqlarında cinayətlər törətməsini araşdırmalıdır. Fransa mediasında da geniş şəkildə öz əksini tapan bu kimi faktların təhqiqatı üçün Azərbaycan Baş prokurorluğu Fransa tərəfi ilə əməkdaşlığa hazırdır.

Beləliklə, noyabrın 25-də Fransa Senatı bu qətnamə layihəsini qəbul etdi. Lakin bu demokratiya deyil. Ölkədəki 600 000 erməni elektoratının səsini qazanmağa yönələn qərar demokratiyadan daha çox ikiüzlülükdür.

Azər Məmmədov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*