“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi layihəsinə Hesablama Palatasının rəyindən bəlli olur ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı fondunun bu illə müqayisədə 1187,3 milyon manat və 22,5 faiz artırılması nəzərdə tutulur”.
Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu fikir səsləndirib. Onun sözlərinə görə, bu o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq: “Bundan daha çox pay götürən icra və qanunvericilik hakimiyyəti, hüquq-mühafizə, məhkəmə prokurorluq, müdafiə və milli təhlükəsizlik orqanları olacaq. Bununla yanaşı, təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənilir. Beləliklə də bu ilin sonuna orta aylıq əmək haqqının 742,8 manat, gələn ilin sonuna isə 807,3 manata çatacağı proqnozlaşdırılır”.

Qubad İbadoğlu əlavə edib ki, hazırda büdcədən maliyyələşən təhsil, səhiyyə və sosial xidmətlərdə orta aylıq əmək haqqı səviyyəsi respublika üzrə orta aylıq əmək haqqından aşağıdır: “Büdcənin əmək haqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirlərinin 1677,4 milyon manat və ya cari ilə nisbətən 331,9 milyon manat və ya 24,7 faiz çox olması proqnozlaşdırılır. Bunun müqabilində də gələn ilin dövlət büdcəsindən sosial müdafiə fonduna transfer 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılıb. Nəticədə də pensiyaların artırılması imkanları məhdudlaşdırılıb. Gözlənilir ki, gələn il pensiyalar fevral ayında 5 faiz ətrafında indeksləşdirilsin.
