Gömrük Komitəsinin binası söküləcəkbackend

Gömrük Komitəsinin binası söküləcək

“Bakıda Hüseyn Cavid bağının qarşısında, Gömrük Komitəsinin və Ekologiya Nazirliyinin arasındakı yerdə yüksək mərtəbəli bina tikintisi üçün çox böyük çala qazılır. Halbuki bu zolaq paytaxtın Baş Planına görə Qış Parkının və yeni Mərkəzi Parkın davamı üçün nəzərdə tutulub”.

KONKRET.az xəbər verir ki, bu barədə əməkdar inşaatçı Yusif Nağıyev məlumat verib. O həmin ərazidə tikintinin yolverilməz olduğunu bildirib.

Əməkdar inşaatçının verdiyi məlumat üzrə sayt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğluna sorğu göndərib.

Ramiz İdrisoğlu açıqlamasında həmin məlumatı təsdiq edib  və bildirib ki, həmin ərazidə tikinti aparılması planlaşdırılır: “Orada Dövlət Gömrük Komitəsi (DGK) üçün yeni inzibati bina tikiləcək və bununla bağlı hazırlıq işləri aparılır. Tikintiyə icazə proseduru tamamilə yekunlaşmadığı üçün hazırda tikinti işləri tərəfimizdən dayandırılıb. Amma icazə məslələri yoluna qoyulacaq və Komitə üçün yeni bina tikiləcək”.

Ramiz İdrisoğlu qeyd edib ki, DGK-nin hazırki inzibati binası söküləcək və həmin ərazi nəqliyyatın sərbəst hərəkəti üçün genişləndiriləcək: “Yeni tikiləcək inzibati binada isə bütün infrastruktur, o cümlədən yeraltı parkinq nəzərdə tutulub. Eyni zamanda ətrafın abadlaşdırılması, yaşıllaşdırılması da nəzərdə tutulur”.

Həmin ərazidə Bakının Baş Planına zidd olaraq bina tikilməsi barədə əməkdar inşaatçının dediklərinə gəlincə, R. İdrisoğlu bildirdi ki, ümumiyyətlə paytaxtın Baş Planı təsdiq olunmayıb. “Qış parkı ilə Mərkəzi Parkın birləşərək həmin əraziyə qədər uzadılması da mümkün deyil. Çünki həmin ərazidə yaşayış binaları var. Mərkəzi Parkın isə İ. Qutqaşınlı küçəsinə qədər genişləndirilməsi nəzərdə tutulur”-deyə Komitə rəsmisi vurğulayıb./azpolitika.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*